Hər bir insan üçün sevgi, qayğı birinci yerdə durur. Əsasən də uşaqlarda. Övladlığa götürülən körpələr isə özünü çox zaman tək hiss edir.
Maraqlıdır, övladlığa götürülən uşaqlara necə davranılmalıdır?
Bu barədə Hit.az-ın əməkdaşının sualına psixoloq Sevinc Əliyeva cavab verib.
O, yeni valideynlərin diqqət etməli olduğu bəzi əsas prinsiplər və yanaşmalar mövcuddur:
“Övladlığa götürülən uşağın keçmiş təcrübələri, xüsusilə əvvəlki ailə mühitindən olan travmalar və ya təcrübələr, onun emosional vəziyyətini təsir edə bilər. Yeni valideynlər, uşağa emosional dəstək göstərməli, onun duyğularını başa düşməyə çalışmalı və hər hansı bir reaksiyasını anlayışla qarşılamalıdırlar. Əsas olan sabırlı olmaq və uşağın hər hansı bir adaptasiya dövründə özünü rahat hiss etməsinə şərait yaratmaqdır.
Daha sonra, övladlığa götürülən uşağın əvvəlki təcrübələri onu güvən qurmaqda çətinliklərlə üzləşdirə bilər. Bu səbəbdən yeni valideynlər, uşağa ardıcıl və sabit bir mühit təqdim etməli, ona sevgi və qayğı ilə yanaşmalı, özlərini təhlükəsiz hiss etməsi üçün zaman ayırmalıdırlar. Övladlığa götürülən uşaq, yalnız yeni valideynləri ilə deyil, bütün ailə üzvləri ilə uyğunlaşmalıdır. Əgər uşaq, geniş ailə üzvləri ilə münasibətlər qurursa, bu müsbət təsir edə bilər. Yeni valideynlər, uşağın digər ailə üzvləri ilə münasibətləri dəstəkləməli və onların bu prosesi anlamaqlarını təmin etməlidir”.
Murad