Azərbaycan Badminton Federasiyasının (ABF) baş katibi Ramil Hacıyev Botsvanada yerli badminton qurumunun təşkilatçılığı ilə keçirilən tədbirdə fəxri qonaq qismində iştirak edib.
90deqiqe.Az xəbər verir ki, tədbir dünyada Yaponiyanın bu ölkədə fəaliyyət göstərən səfirliyinin Botsvana Badminton Assosiasiyasına badminton avandanlığı hədiyyə etməsi çərçivəsində baş tutub.
Yığıncaqda çıxış edən Ramil Hacıyev bildirib ki, ötən il ABF prezidenti Taleh Ziyadovla Dünya Badminton Federasiyasının rəhbəri Poul-Erik Hoyer arasında 5 Afrika ölkəsində badmintonun inkişafına dəstək məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.
Razılaşmaya əsasən ABF, Niger, Qambiya, Kamerun, Madaqaskar və Botsvanada idmanın bu növünün inkişafına töhfə verir. Ramil Hacıyev sosial məsuliyyət çərçivəsində keçirilən bu cür xeyirxah aksiyaları gözəl təşəbbüs adlandıraraq, səbəbkarlara təşəkkür edib. Botsvananın İdman və İncəsənət naziri Yakob Kelebeng və Botsvana Badminton Federasiyasının prezidenti Modisaotsile Badubi ilə aparılan qarşılıqlı müzakirələrdə qarşıdakı illərdə də bu ölkədə badmintonun inkişafına yardım məqsədilə uşaq bamdintonçuların raketka, volan və digər idman avandanlıqları ilə təmin olunmasının zəruriliyi vurğulanıb.
Tədbirin sonunda Azərbaycan Badminton Federasiyasının xatirə hədiyyələri qonaqlara və idmançılara təqdim edilib.