Əslində, bütün dünyada hər bir ailə üçün əsas həlli vacib olan məsələ ev problemidir. Bu problemin həlli dünyanın heç yerində asan iş hesab olunmur.
Bu fikirləri hafta.az-a bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov bildirib.
Onun sözlərinə görə, hər adamın gəliri buna imkan vermir. Problemin müxtəlif obyektiv və subyektibv səbəbləri var:
"Azərbaycanda subyektiv səbəblər daha çoxdur. Götürək elə dövlətin güzəştli kreditlərini. İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən bu kredit məhdud çevrə üçündür, amma subyektiv səbəblər bu çevrəni daha da daraldır. Məsələn, qeyri-şəffaflıq, müvəkkil bankların qərar qəbul etməsində ədalətsizlik və s.
Nəticədə elə olur ki, 1-2 evi olan bir ailə dövlətin ehtiyaclı şəxslər üçün ayırdığı vəsaitlə ev alır, amma ümumiyyətlə, mənzili olmayanlar kənarda qalır. Yaxud ipoteka adı ilə rəsmiləşdirib ucuz vəsaitləri götürüb başqa məqsədlərə xərcləyirlər. Ona görə də bu istiqamətdə problemi həll etmək mümkün görünmür.
Biz bununla bağlı effektiv nəticələr əldə etmək istəyiriksə, ilk növbədə şəffaflığı təmin etməliyik. Fondun saytında dövlət xətti ilə mənzil alanların siyahısı yerləşdirilməlidir və bu siyahı mütəmadi olaraq yenilənməlidir. Eyni zamanda, xüsusilə güzəştli ipoteka ilə bağlı şərtlər daha ədalətli olmalıdır. Güzəştli ipoteka kreditləri alanların siyahısına yenidən baxılmalıdır”.