AZ

"Ukrayna savaşında son sözü ABŞ deyəcək" - Ekspert

"ABŞ iqtisadi-siyasi gücü və hərbi potensialı ilə müharibəni bitirmək iqtidarındadır və Tramp buna nail olacaq. Onlar Rusiyanı sülhə məcbur edəcəklər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev ABŞ-ın yeni seçilmiş prezidentinin sözçüsü Karolin Leavittin Donald Trampın dünyada sülhü bərpa etməyə çalışacağı, lakin onu Amerikanın gücünə vurğu etməklə edəcəyi barədə fikirlərini şərh edərkən deyib.
 
"Tramp seçki platformasında ABŞ-ı qüdrətli edəcəyini bəyan edib. Prezident kreslosuna oturmazdan qabaq Rusiya-Ukrayna müharibəsini bitirəcəyi vədini verdi. Bayden isə vəzifədən getmək ərəfəsində maksimum dərəcədə çalışır ki, Ukrayna müharibəsində maksimum eskalasiyaya nail olub, Rusiyanı daha da tükəndirməklə, Kiyevi sülh masasına əli dolu çatdıra bilsin. Bu mövzuda Baydenin Trampla razılığa gəlməsi ehtimalı da var. Başqa bir versiyaya görə isə Bayden özündən sonra Trampa maksimum dərəcədə eskalasiyalı vəziyyət qoymaq istəyir ki, onun Kiyevi müdafiə etməkdən başqa çarəsi qalmasın", deyə Üzeyir Şəfiyev bildirib.
 


Ekspert qeyd edib ki, ABŞ dünya jandarmeriyasına iddialıdır:

"Rusiya isə ABŞ-ın başçılığı ilə birqütblü nizama alternativ konfiqurasiyalar yaratmağa çalışır. Görünən odur ki, Vaşinqton mərhələli şəkildə Rusiyanı gücdən salmaq istəyir. Moskvanı beləcə taqətdən salıb idarəolunan vəziyyətə gətirməklə onu Kiyevlə sülh masasına oturtmağı düşünürlər. Trampın sözçüsü tərəfindən səslənən təkliflər paketi görünən odur ki, nə Moskva, nə də Kiyev tərəfindən qəbul olunmur. Hərçənd sonradan bildirdilər ki, bu Trampın təklifi deyil".

Konfliktoloq düşünür ki, Ukrayna müharibəsi ABŞ-ın geostrateji planında necə şəkillənibsə, məhz o şəkildə də həll olunacaq:

"Çünki bu müharibə birbaşa ABŞ strateqlərinin planlaşdırdığı konfliktdir. Tam əsasla deyirəm ki, müharibədə son söz məhz ABŞ-ın olacaq. Çünki onun müdaxiləsi olmadan müharibənin bitməsi və sülhün bağlanması mümkünsüzdür. Ona görə ki, müharibəni ABŞ başlayıb, o da bitirəcək".

Qeyd edək ki, Trampın seçki kampaniyasının sözçüsü Karolin Leavitt TASS müxbirinin Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı kursun daha da gərginləşməsi təhlükəsi ilə bağlı Qərb ölkələrinə xəbərdarlıqdan ibarət sorğusuna cavabında ABŞ-ın seçilmiş prezidenti Donald Trampın dünyada sülhü bərpa etməyə çalışacağı, lakin bunu ABŞ-ın gücünə vurğu etməklə edəcəyini deyib. 

Rüfət Sultan

Seçilən
1
50
qaynarinfo.az

10Mənbələr