Məlum olduğu kimi, Azərbaycanın ev sahibliyi etdiyi COP29-un hədəflərindən biri ətraf mühitə təsir göstərən dekarbonizasiya prosesini sürətləndirmək, yəni alternativ enerjidən istifadə etməklə karbon qazı və istilik effekti yaradan qazların azaldılması, hətta onun minimuma - 0 səviyyəsinə endirilməsinə nail olmaqdır. Bu, eyni zamanda yaşıl iqtisadiyyatın inkişafı və innovativ-elmi yanaşmanın təşviq olunması deməkdir.
Hesab edilir ki, dünyada enerji keçidi və yaşıl iqtisadiyyata transformasiya proseslərinin geniş vüsət aldığı bir dövrdə COP29 konfransının Bakıda keçirilməsi yalnız Azərbaycanın deyil, bütün regionun gələcək inkişaf istiqamətləri üçün mühüm əhəmiyyət daşıyır. Bu tədbir yerli ictimaiyyəti qlobal iqlim problemləri və onların həlli yolları barədə məlumatlandırmaqla yanaşı, daha geniş şüur inkişafına və ətraf mühitə həssas yanaşmaya təkan verir. COP29 çərçivəsində yaşıl iqtisadiyyata keçidin Azərbaycanın əsas prioritetlərindən biri kimi vurğulandığını diqqətə çatdıran ekspertlər ölkəmiz qarşısnda yeni bir mərhələnin açıldığını bildirir. Qarşıdakı dövrdə dövlətin birbaşa dəstəyi ilə maliyyə institutlarının yaşıl enerji ilə bağlı layihələrə əlverişli şərtlərlə maddi dəstək göstərməsi planlaşdırılır. Bu, həm sahibkarlara, həm də adi vətəndaşlara ekoloji cəhətdən faydalı layihələr həyata keçirmək üçün yeni imkanlar yaradacaq. Məsələn, bərpaolunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsi, tullantıların idarə edilməsi və ekoloji təmiz istehsalat texnologiyalarının tətbiqi təşviq ediləcək. Şübhəsiz ki, yaşıl iqtisadiyyata keçid prosesində inkişaf etmiş ölkələrin uğurlu təcrübələrinin öyrənilməsi və tətbiqi də mühüm rol oynayacaq. Bu ölkələrdə sosial, iqtisadi və maliyyə sektorlarında atılan addımlar Azərbaycanın yaşıl keçid prosesinə inteqrasiyasını asanlaşdıracaq. Davamlı inkişafın təmin edilməsi üçün texnoloji yeniliklərdən istifadə və ekoloji təhsilin gücləndirilməsi vacibdir. O da xüsus qeyd olunmalıdır ki, COP29 konfransı yalnız Azərbaycanın deyil, bütün dünyanın üzləşdiyi iqlim böhranının həlli üçün mühüm addım olacaq. Bu tədbir həm qlobal səviyyədə müzakirələrin aparılması, həm də yerli səviyyədə konkret fəaliyyət planlarının hazırlanması üçün əvəzolunmaz platform kimi özünü təsdiq edib. Qeyd edildiyi kimi iqlim dəyişikliyi qlobal yaşıl iqtisadiyyata keçidi şərtləndirən başlıca faktordur. İstixana qazlarının emissiyalarının və qlobal istiləşmənin təsirlərinin azaldılması zərurəti ölkələri daha təmiz enerji mənbələri və daha səmərəli texnologiyalar axtarmağa sövq edir. Bunun üçün qabaqcıl təcrübələrin mübadiləsi zəruri əhəmiyyət kəsb edir. COP29 çərçivəsində sözügedən istiqamətdə yeni təşəbbüslərin irəli sürülməsi, müvafiq qərarların qəbulu bu mənada böyük önəm kəsb edir. Aparılan təhlillər göstərir ki, ətraf mühitə dəyən ziyan və resurs çatışmazlığı ilə bağlı yaranan maliyyə riskləri ölkələrin iqtisadi fəaliyyətlərində öz strategiyalarını yenidən nəzərdən keçirməsini şərtləndirir. COP29 zamanı bu mövzu üzrə də müzakirələrin aparılması, konkret addımları özündə ehtiva edən fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi bu fonda tamamilə təbi hal hesab olunur. Tədbir çərçivəsində bərpa olunan enerji və “yaşıl texnologiya”lara investisiyaların iqtisadi artıma təkan verməsi və inkişaf etməkdə olan sənayelərdə məşğulluq yaratması kimi məsələlər də xüsusi diqqət mərkəzində olub.
Görünən odur ki, COP29 yaşıl iqtisadiyyata uğurlu keçid üçün mühüm bir platforma olacaq. Bu müstəvidə tədbir çərçivəsində “yaşıl iqtisadiyyat”a keçidin sürətləndirilməsi məqsədilə yeni yollar və staregiyalar müəyyənləşməsi gözlənilən prosesdir. Azərbaycanın bu istiqamətdə təcrübəsinin təqdimatı üçün COP29 geniş imkanlar vəd edir. Ölkəmizdə sözügedən kontekstdə struktur dəyişikliklərinin dərinləşdirilməsinə, iqtisadiyyatın baza sahələrinin modernləşdirilməsinə və şaxələndirilməsinə, ərazilərin müasir tələblər çərçivəsində tarazlaşdırılmış sosial-iqtisadi inkişafına yönəlmiş kompleks tədbirlər həyata keçirilir. Hazırda beynəlxalq miqyasda yaşıl iqtisadiyyat üzrə mal və xidmətlər bazarının dövriyyəsi 1,3 trilyon dollardır və bu da dünya iqtisadiyyatının 2,4 faizini təşkil edir. BMT-nin hesablamalarına görə, inkişaf etməkdə olan ölkələrdə yaşıl iqtisadiyyatın inkişafı üçün hər il 40 milyard dollar investisiya tələb edilir. “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməsi üzrə Dövlət Proqramı”nın icrası son illərdə ölkəmizdə yaşıl iqtisadiyyata əsaslanan günəş və külək enerjisi istehsalı üçün güclü zəmin yaradıb. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq, reallaşdırılmış tədbirlər müasir ekoloji layihələrin reallaşdırılmasını, o cümlədən “yaşıl iqtisadiyyat”a keçid prosesini sürətləndirib. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi, ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı qarşıya konkret hədəflər əksini tapıb. Ölkəmizdə qurulmuş təkrar emal prosesi “yaşıl iqtisadiyyat”ın inkişafına, rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə dair 2015-2020-ci illər üçün Tədbirlər Planı”nda davamlı inkişafın əsasını təşkil edən yaşıl iqtisadiyyat konsepsiyasının müddəaları əsas götürülüb.
Tahir TAĞIYEV