Azərbaycanın COP29 Sədrliyi Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının yekunlarına dair bəyanat yayıb. Bəyanatda inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün 2035-ci ilədək 250 milyard dolları səfərbər etmə hədəfi göstərilib. İndiki hədəf ildə 100 milyard dollardır, bu məbləğə yalnız 2022-ci ildə çatılıb.
Yeni Kollektiv Kəmiyyət Məqsədi ilə bağlı qərarda tərəflər 2035-ci ilə qədər maliyyələşdirməni ildə ən azı 1,3 trilyon ABŞ dollarına çatdırmaq üçün birlikdə işləməyə çağırılır. Söhbət iqlimlə bağlı fəaliyyət üçün bütün dövlət və özəl mənbələrdən inkişaf etməkdə olan ölkələrə ayrılması istənilən məbləğdən gedir. Bəyanatda bu xüsusda qeyd olunub: “Biz bir neçə həll olunmamış, lakin vacib məsələ ilə bağlı yekun düzəlişləri kollektiv şəkildə razılaşdırmaq üçün Tərəflərlə birgə işləməyə davam edəcəyik”. COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev qeyd edib ki, COP29 Sədrliyi 250 milyard dollarlıq məbləğindəki illik maliyyələşməni ədalətli və iddialı rəqəm saymır. Onun sözlərinə görə, COP29 Prezidentliyi bütün tərəflərlə həll edilməyən məsələlərə düzəlişlər üzrə işi davam etdirəcək. Azərbaycanın iqlim maliyyəsinin məbləği ilə bağlı yanaşmasını əslində dünyada indi mütləq əksəriyyət qəbul edir. Çünki, tələb olunan məbləğ iqlim böhranının həlli üçün ən minimal həddir. Namibiyadan olan “Fridays for Future Africa” təşkilatının iqlim fəalı Mariya Şikanqo Azərbaycanın yanaşmasının haqlı olduğunu, bunu Afrikanın timsalında görməyin mümkünlüyünü vurğulayır. O, qlobal iqlim böhranı ilə mübarizədə inkişaf etməkdə olan ölkələrin üzləşdiyi çətinliklərə diqqət çəkib. Bildirib ki, Afrikada, xüsusilə Namibiyada əhalinin 50 faizindən çoxu quraqlıqdan əziyyət çəkir: “Bizim üçün iqlim maliyyəsi çox vacibdir, çünki adaptasiya və yumşaltma tədbirləri üzərində işləməliyik. Amma təəssüf ki, bu maliyyənin çox ləng təmin olunması bir problem olaraq qalır. Afrika daha gözləyə bilməz. Biz milyardlar deyil, trilyonlar tələb edirik, çünki iqlim böhranının məsuliyyətini daşıyan qlobal Şimaldır”. İqlim fəalı diqqətə çatdırıb ki, qlobal Şimal ölkələri ilə bu məsələlərdə razılığa gəlmək çox çətindir. O, həmçinin qeyd edib ki, afrikalılar artıq kolonializmin təsirlərindən yorulublar və qlobal Şimalın iqlim böhranında öz məsuliyyətini dərk edib maliyyə təmin etməsini gözləyirlər: “Biz afrikalılar, qlobal Cənubun nümayəndələri olaraq istəyirik ki, Şimal liderləri inadkarlığı dayandırsınlar, nəhayət, haqqımız olan iqlim maliyyəsini təmin etsinlər. Bu, milyardlarla deyil, trilyonlarla olmalıdır”.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının siyasət üzrə baş məsləhətçisi Mişel Yonetani də iqlim dəyişikliyinin səbəb olduğu miqrasiya və yerdəyişmə problemlərinin həlli üçün böyük maliyyə tələb edildiyini bildirir : “Biz hər kəsdən bu mürəkkəbliyi başa düşməyi, bunun fərqində olmağı və eyni zamanda, düşüncəni dəyişməyi xahiş edirik. Bu istiqamətdə atılan addımların həyata keçirilməsinə kömək edən bir neçə əsas amil var. Əvvəla, bu, faktiki məlumatdır. Lakin artıq əhəmiyyətli məlumat bazamızın olmasına baxmayaraq, milli və yerli səviyyədə baş verənlər haqqında daha çox informasiyaya da ehtiyac var”. Mişel Yonetani qeyd edib ki, BMT-nin hesabatına əsasən, dünyada, təxminən, münaqişə və təqiblər nəticəsində məcburi köçkün düşən, təxminən, 120 milyon insanın dörddə üçü hazırda iqlim dəyişikliyinin yüksək və ya ekstremal təsirlərinə həssas olan Sudan, Haiti, Myanma və Efiopiyada yaşayır: “Məlumatları və modelləşdirmə nəticələrini birləşdirərək aşkar etdik ki, iqlimlə bağlı təhlükələrə həddindən artıq məruz qalan ölkələrin sayı 2040-cı ildə 65-ə yüksələcək. Bu ölkələrin əksəriyyəti məcburi köçkünlərə evsahibliyi edir”. Hazırda proseslərin gedişi onu göstərir ki, iqlim maliyyəsi ilə bağlı bütün məsələlər öz həllini tapmalı, ölkələrin bu xüsusda üzərlərinə götürdükləri öhdəliklər tam həcmdə icra olunmalıdır. Bütün bunlara COP29 çərçivəsində xüsusi diqqət edilməsi, müvafiq qərarların qəbulu üçün Azərbaycan tərəfindən zəruri addımlar atılır. Azərbaycan inkişaf etməkdə olan ölkələrdə iqlim fəaliyyətinə investisiya yatırmaq məqsədilə İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması təşəbbüsünü irəli sürüb. Belə fondun yaradılması Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü 14 təşəbbüsdən biridir. Maliyyələşmə iqlim dəyişikliyinin həm səbəbləri, həm də nəticələrinin aradan qaldırılmasında mühüm rol oynayır. Təsirlərin azaldılması sahəsində vəsaitlər daha çox bərpa olunan enerjinin inkişafı, enerji səmərəliliyi təşəbbüsləri, istixana qazı emissiyalarını azaldan layihələri dəstəkləmək üçün yönəldilir. Günəş, külək və hidroenergetika texnologiyalarına investisiyalar qalıq yanacaqlardan uzaqlaşmaq üçün vacibdir və iqlim maliyyəsi bu texnologiyaların dəyəri ilə onların tətbiqi arasında körpü yaratmağa kömək edir. İqlim maliyyəsinin əksəriyyəti hökumətlər və beynəlxalq maliyyə institutları kimi ictimai mənbələrdən gəlir. Özəl sektorun iştirakı iqlim maliyyələşdirməsinin digər mühüm mənbəyidir.
Ramil QULİYEV