AZ

Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin ilk ümumi iclası keçirilir

Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin (ABİD) ilk ümumi iclası keçirilir.

TƏHSİL.BİZ xəbər verir ki, toplantı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və ABİD-in birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri dosent Nəcibə Nəsibova, Türkiyə parlamentinin müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, TADEF-in rəhbəri Ədalət Turan, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdət Həsənov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Qarabağ Universitetinin Elm şöbəsinin müdiri Elçin İbrahimov, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) prorektoru Rövnəq Rzayev, ABİD-in sədri, Türkiyənin Bilkent Universitetinin professoru Əmirulla Məmmədov çıxış ediblər.

Müxtəlif ölkələrdə yaşayan alimlərimizin bu dərnəyə qoşulmasının ABİD-in gələcək fəaliyyətinə verə biləcəyi töhfələrdən danışan çıxışçılar bildiriblər ki, dünyanın hər bir bölgəsində azərbaycanlı elm adamlarına, eləcə də mədəniyyət xadimlərinə və həkimlərə rast gəlmək olar və bu insanlar öz sahələri üzrə müəyyən zirvəyə çatmış şəxsiyyətlərdir.

Qeyd edilib ki, dünyaşöhrətli bu insanların ilk elm ocağının məhz Azərbaycan olması sevindirici məqamdır.

Son 30 il ərzində Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəyə toxunan çıxışçılar 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyimiz şanlı Zəfəri xatırladıblar.

Azərbaycanın daim bir mübarizə içində olduğunun qeyd edildiyi çıxışlarda bəzi mənfur qüvvələrin ölkəmizi hədəf aldığı, bunların sonuncusunun COP29-un Azərbaycanda keçirilməsinə maneə törətmək məqsədilə informasiya sahəsində aparıldığı bildirilib. Vurğulanıb ki, bütün bunlara baxmayaraq Azərbaycan ən yüksək səviyyədə COP29-a ev sahibliyi edərək bir daha öz siyasi, mədəni, bəşəri gücünü dünyaya nümayiş etdirdi. Azərbaycan bununla, eyni zamanda, ölkəmizə qarşı aparılan informasiya mübarizəsindən qalib tərəf olaraq çıxdı.

İki gün davam edəcək iclasda ABİD-in növbəti toplantılarından birinin Bakı Dövlət Universiteti tərəfindən təşkili, alimlərin Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlığı, universitetlərin gələcək dayanıqlılığının artırılması istiqamətində birgə fəaliyyəti, ortaq seminarların, layihələrin təşkili məsələləri müzakirə olunur.

Xatırladaq ki, ABİD bu ilin aprel ayında İstanbulda qurulub. Dərnəyin qurulmasının əsas məqsədi Qarabağ Zəfərindən sonra Azərbaycandakı inkişaf proseslərinə, xüsusilə ölkəmizin elm və təhsil sahəsinə töhfə vermək, o cümlədən dünyanın müxtəlif ölkələrində təhsil alan azərbaycanlı gənclərin magistr və ya doktorantura proqramlarına dəstək olacaq bilik bankını yaratmaq, gənclərimizin dünyada yaşayan elm adamlarımızı daha yaxından tanımalarına, onlarla ünsiyyət qurub bu insanların biliklərindən faydalanmalarına şərait yaratmaqdır.

Seçilən
11
4
tehsil.biz

5Mənbələr