AZ

Paşinyan seçim qarşısında - "Dəhlizlə bağlı mühüm addım..."

Ermənistan Baş naziri Nikol Paşinyanın son təklifinə görə, nəqliyyat dəhlizləri sadələşdirilmiş qaydalarla açıla bilər, bununla bağlı Bakıya təklif verilib. Paşinyanın verdiyi açıqlamalar diqqət çəksə də, sadələşmiş keçidlə bağlı təklifin içində nələrin olduğu və nələri əhatə etdiyini söyləmək çətindir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfindən çox zaman xırda işlər böyüdülərək xüsusi bir məsələ kimi təqdim edilir:

"Bununla da Paşinyan belə açıqlama verməklə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edərək Ermənistanın sülhdən yana olduğu, konstruktiv şəkildə danışıqlar aparmağa, yekun razılaşmaya hazır olduğu rəyini formalaşdırmaq istəyir. Realda isə biz fərqli nəticələr görürük.

Sadələşdirilmiş variantda da Azərbaycanın mövqeyi bəllidir. 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın 9-cu maddəsində açıq şəkildə yazılıb ki, regionda bütün kommunikasiya xətləri açılmalıdır, Azərbaycanı Naxçıvanla birləşdirən kommunikasiya xəttində təhlükəsiz və maneəsiz hərəkətə təminat verilməlidir.

Azərbaycanın tələbi ondan ibarətdir ki, Azərbaycan vətəndaşları, avtonəqliyyat vasitələri, yüklər Azərbaycandan Naxçıvana hərəkət edərkən Ermənistan tərəfindən hansısa ciddi gömrük, sərhəd yoxlamasına məruz qalmasın və asanlaşdırılmış üsulla keçsin. Təbii ki, bu üçüncü ölkələrə aid olan bir məsələ deyil.

Sözügedənlərin məhz bu dəhliz vasitəsilə üçüncü ölkəyə (məsələn, İran, Türkiyə, Avropa) gedəcəksə, şərtlər fərqli olacaq.
Azərbaycandan Azərbaycana (Naxçıvan) təhlükəsiz və maneəsiz hərəkətə imkan yaradılmalıdır. Bu istiqamətdə iş rejimi dəhliz statusu ilə Azərbaycan vətəndaşlarına sadələşdirilmiş variant tətbiq edilməlidir".


Müəllif: Əsəd Məmmədəliyev
Seçilən
19
teleqraf.com

1Mənbələr