AZ

Üç Benilüks ölkəsindən Azərbaycana eyni məzmunlu böhtan həmləsi- bəlkə səfirlər toplaşsın?..

Image

Abutalıb Səmədov: "Benilüks dövlətləri Cənubi Qafqazda gedən proseslərdən xəbərsizdirlər, ona görə də erməni lobbisinin təsiri altına düşüb bu cür həqiqətə uyğun olmayan sənədlər qəbul edirlər"

Son 4 ildə Benilüks ölkələrinin parlamentləri Azərbaycana qarşı kəskin bir cəbhə açıb. İlin hər rübündə Azərbaycana qarşı bu ölkələrin parlamentlərindən bir necə bəyanat verilir. Elə bil bu ölkələrin parlamentlərinə sözügedən istuqamətdə plan qoyulub.

2024-cü il oktyabrın 10-da Niderland (Hollandiya) Parlamentinin Nümayəndələr Palatası tərəfindən Azərbaycan əleyhinə birtərəfli və qərəzli 2 qətnamə qəbul edilib, Niderland xarici işlər naziri bu qətnamələrə dəstək verib.

Bu günlərdə isə Belçika və Lüksemburq parlamentləri Azərbaycana qarşı qərəzli bəyanatlar qəbul edib.

Belçika, Lüksemburq və Hollandiya parlamentləri son vaxtlar Azərbaycana qarşı qərəzli qərarlar qəbul etməkdə yarışırlar.

Bilirik ki, bunlar qərəzlidir. Ancaq yəqin ki, bunun bir səbəbi də var. Sizcə, buna səbəb nədir? Benilüks ölkələrindəki hər üç səfirin bununla bağlı xüsusi müzakirəsini təşkil edib, Beniluks ölkələrinin Azərbaycanla düşmənçiliyinin səbəbi sorula bilməzmi?

Sualımıza cavabında politoloq Abutalıb Səmədov bildirdi ki, Belçika, Lüksemburq və Hollandiya parlamentlərinin Azərbaycan haqqında qərəzli bəyanatlar qəbul etməsi yeni hadisə deyil, dəfələrlə belə hadisələr olub və bundan sonra da olacaq: "Azərbaycan muxtəlif məsələlərdə günahlandırılir. İlk növbədə ermənilərə qarşı "etnik təmizləmə" siyasəti yeritməyimizdən danışdılar, sonra gah Qarabağda erməni abidələrini məhv etməkdə bizi günahlandırdılar, gah erməniləri hədələməkdə və Ermənistan torpaqlarını işgal etməkdə suçladılar, gah da Azərbaycanda insanların hüquq və azadlıqlarının pozulmasından danışırlar və bundan sonra da danısmağa mövzu tapacaqlar. Çunki bu dövlətlərdə Azərbaycana qarşı neqativ bir münasibət formalaşıb. Bunun da kökündə Azərbaycanın heç kimin gözləmədiyi uğurlara nail olması dayanır. Dünyada heç kimin ağlına gəlməzdi ki, Azərbaycan üç il ərzində həm ərazi bütövlüyunü təmin edəcək - işğal altında olan torpaqlarını işğaldan azad edərək BMT TŞ-nın qətnanələrini icra edəcək, daha sonra antiterror əməliyyatı keçirib bütün ərazisində dövlət suverenliyini təmin edəcək. Bu hamı üçün gozlənilməz hadisə oldu. Baxmayaraq ki, ABŞ-ın və Avropanın kəşfiyyat orqanları belə bir antiterror əməliyyatının hazırlandığını bilirdilər və bunun qarşısını almaq üçün də əllərindən gələni etmişdilər.

Biz yaxşı xatırlayırıq ki, antiterror əməliyyatına dörd gün qalmış Senatda dinləmələr keçirildi və dövlət katibinin müavini açıq səkildə bəyan etdi ki, ABŞ Qarabağın "erməni xalqına qarşı zorakılıq tətbiq edilməsinə imkan verməyəcək".

Antiterror əməliyyatı keçirməklə erməni silahlılarının Azərbaycan ərazisindən çıxarılmasını onlar "erməni xalqına" qarşı zorakılıq tətbiq etmək istəyi kimi qiymətləndirirdilər. Həmin o Senatdakı dinləmədən üç gün sonra Türkiyədə görüş keçirildi və Rusiyanı da bu prosesə cəlb edərək ona nail olmağa calışdılar ki, birlikdə bu antiterror əməliyyatının qarşışını alsınlar. Ancaq ala bilmədilər. Bundan sonra, təbiidir ki, erməni lobbisi Avropa ölkələrində xüsusilə fəallaşdı və ermənilərin apardığı iş ona gətirib çıxardı ki, anti-Azərbaycan qərarları dalbadal verilməyə başladı.

44 günlük müharibədən sonra bu dövlətlər daim Azərbaycan əleyhinə həqiqətə uyğun olmayan iddialar səsləndirdilər və parlamentlərində qərəzli qərarlar qəbul edildi.

Erməni lobbisinin gücü hamıya məlumdur, onların Avropada, xüsusilə Benilüks ölkələrində fəallığı da ortadadır. Benilüks dövlətləri Cənubi Qafqazda gedən proseslərdən xəbərsizdirlər, ona görə də erməni lobbisinin təsiri altına düşüb bu cür həqiqətə uyğun olmayan sənədlər qəbul edirlər.

Digər tərəfdən onu da etiraf etməliyik ki, biz işimizi lazımi səviyyədə qura bilməmişik. Diaspora Komitəmiz, diaspora təskilatlarımız, XİN və həmin ölkələrdəki səfirliklərimiz daha çox işləməlidirlər. KİV-lərdə daha çox çıxışlar edilməlidir, Azərbaycanda baş verən prosesləri həmin dövlətlərin hakimiyyət orqanlarına və ictimaiyyətinə çatdırmalıyıq. Etiraf edilməlidir ki, biz hələ işi lazımı səviyyədə qura bilməmişik. Ancaq bu o demək deyil ki, biz fəaliyyətimizi gücləndirdikdən sonra bu dövlətlər dərhal anti-Azebaycan mövqelərindən imtina edəcəklər, birdən-birə dönüb haqiqət carçısı olacaqlar. Buna nail olmaq üçün kifayət qədər uzun vaxta ehtiyac ola bilər. Ancaq biz biz bu işi görməliyik.

Biz bir şeyi də yaddan çıxarmamalıyıq ki, dünyada onlarla seperatizm ocaqları var və orada qanli toqquşmalar müəyyən fazilələrlə uzun illərdir ki, davam edir. Bu dövlətlərin heç biri separatizm problemini həll edə bilmir. Çünki ölkə daxilində olan separatçı qruplara ölkə xaricindən beynəlxalq qurumlar və dövlətlər dəstək verir. Bu səbəbdən də həmin ölkələrdə separatizm ocaqlarını söndurmək və xalqların dinc-yanaşı yaşamasını təmin etmək mümkün olmur. Azərbaycan yeganə dövlətdir ki, dünyada həll edilməsi mümkünsüz sayılan bir məsələnin ohdəsindən gəldi. Heç kimin ağlına gəlməyəcək şəkildə həm ərazi bütövlüyümüzü, həm də dövlət süverenliyimizi bütün ərazilərimizdə təmin etməyə nail ola bildik. Bu böyük tarixi ugurdur, biz bunun dəyərini bilməliyik.

Eyni zamanda onu da qeyd etmək lazımdır ki, bu cür büyük uğurlar böyük müqavimət doğurur və bu müqavimət göz qabağındadir. Xüsusilə COP29-un keçirildiyi ərəfədə Azərbaycana qarşı neqativ munasibətlərin bəzi ölkələrdə necə güclu oldugunu müşahidə etməkdəyik. Azərbaycanın ən kiçik uğurundan da qorxuya düsənlər, onun qarşısını almağa çalışanlar var. Biz bu reallığı heç vaxt unutmamalıyıq. Dövlət qurumları, diaspora təşkilatları və QHT-lər fəallaşmalıdır ki, Azərbaycan həqiqətlərini bu cur ölkələrin hakimiyyət orqanlarına və cəmiyyətlərinə çatdıra bilək.

Sözügedən ölkələrdə fəaliyyət göstərən səfirlər dəvət edilərək, onlarla Azərbaycana qarşi bu düşmənçiliyin səbəblərini müzakirə etmək və bu münasibətin aradan qaldırılmasının yollarının araşdırmaqda çox ciddi fayda var. Ona görə də bu ölkələrdə çalışan səfirlərlə bu istiqamətdə müzakirələrin aparılmasi vacibdir".

Dəniz NƏSİRLİ





Seçilən
12
baki-xeber.com

1Mənbələr