Bu yazımı öz adımdan, Yaşar Nuri sənətini çox sevən əziz Xalidə nənəmin adından, milyonlarla sevənlərinin adından Yaşar Nuri müəllimin işıqlı, ölməz ruhuna ərməğan edirəm.Hər çıxışını hamının səbirsizliklə gözlədiyi bir aktyor vardı. Adının afişalarda görünməyi, titrlərdə yazılması kifayət edirdi ki, həmin tamaşaya əsl anşlaq olsun. Bu aktyor Azərbaycanın Xalq artisti Yaşar Nuri idi.İlk dəfə cəmi 11 yaşında mötəbər səhnəyə çıxmaq hər uşağın işi deyil. Bu, böyük istedad, cəsarət və hünər istəyir. Həm də təkcə həmin uşağın özü tərəfindən deyil, onu yüzlərlə tamaşaçı qarşısına çıxaran, ona etibar edən rejissorlar üçün də. Və belə bir etimad Yaşara da göstərilmişdi. Əvəzsiz dramaturqumuz Sabit Rəhmanın " Toy kimindir" musiqili komediyasında o yaşda olan uşaqların teatr haqqında heç bir təsəvvürü olmadığı halda, Yaşar həmin komediyada Tapdıq obrazını canlandırmışdı. İlk addım, ilk uğur və əslində gələcək həyat və sənət yolunun müəyyənləşməsi. Yaşar bunu bacarmışdı, həm tamaşaçıları, həm də ona etimad göstərənləri öz ifası ilə razı sala bilmişdi.Etiraf edək ki, tamaşada həmin obraz əsas rollardan olmasa da, 11 yaşda bir uşaq üçün bu çox böyük uğur idi. Sonradan sənət aləmində Yaşar Nuri kimi tanınmış Yaşar Məmmədsadıq oğlu Nuriyev 1951 - ci ildə Bakı şəhərində dünyaya göz açmışdı. Yəqin ki, yuxarıdakı Məmmədsadıq Nuri adı diqqətinizi çəkdi. Məşhur aktyor, yaratdığı obrazlarla həmişə xatirələrdə yaşayan Məmmədsadıq Nuriyev. Belə bir tanınmış səhnə ustasının ailəsində göz açan, belə bir ailədə böyüyən Yaşar səhnədən ayrı hansı sənətdə özünü tapa bilərdi. Böyük aktyorun tamaşalarına, onun məşqlərinə lap kiçik yaşlarından maraqla və heyranlıqla baxan Yaşar başqa hansı bir sənətin cazibəsinə düşə bilərdi?! Yaşar sonradan sənəti üzrə ali təhsil də alacaqdı. Amma bir həqiqət var ki, o, ilk sənət məktəbini evlərində, atasının çalışdığı teatrda - Məmmədsadıq Nuriyevin yanında keçmişdi. Odur ki, orta təhsilini başa vurub Azərbaycan Dövlət İncəsənət İnstitunun kino aktyorluğu fakültəsinə qəbul olunanda, onu yaxından tanıyanlar heç də təəccüblənmədilər. Yaşarın bəxti burda da gətirmişdi. Rza Təhmasibin sinfinə düşmüşdü. Gələcək böyük sənətin bütün incəliklərini dərindən öyrənmək,indiyədək qazandığı vərdişləri möhkəmləndirmək üçün bundan böyük imkan və xoşbəxtlik daha nə ola bilərdi ki?! Yaşar bu sənət məbədində keçirdiyi illəri həmişə iftixarla xatırlayırdı. Sənət zirvəsinin sonu yoxdur. Nə qədər çox çalışsan, axtarsan-arasan, qarşında daha uca zirvələrə aparan yollar açılacaq. Yaşar üçün də belə yollar açılırdı. Sonra Yaşarın hərbi xidmət illəri başladı. Bu ötən əsrin 70 - ci illərinin əvvəllərinə təsadüf edirdi. Nəhayət, 1974 - cü ildən Yaşar Nurinin peşəkar səhnədə həyat və səhnə yolu başladı. Və bu yol sənət aləmi üçün doğulmuş Yaşar Nuri üçün düz 40 ilə yaxın bir müddət təşkil etdi. Teatr səhnəsində, kinofilmlərdə, televiziya tamaşalarında yaratdığı obrazlar onu məşhurlaşdırdı, xalqımızın sevimlisinə çevirdi.Səhnə bu istedadlı aktyor üçün hər şey idi. O, səhnə ilə nəfəs alırdı, ürəyi, qəlbi səhnə ilə döyünürdü. Bir gün teatrda olmayanda o, elə bil ki, yaşamırdı. Yaşar Nuri o qədər sənətinə vurğun, aludə idi. Hər rol onun üçün övladı qədər əziz idi. Və Yaşar bu obrazları daha dolğun yaratmaq üçün gecələrini, gündüzlərə qatırdı. İstirahət yada düşmürdü. Öz ifadəsidir. Deyirmiş: " Mən səhnədə heç vaxt yorulmuram"... Bəli, ecazkar səhnədə ona sanki ilahi güc gəlirdi. Nadir istedadını bütün məharəti ilə ortaya qoya bilirdi. Sürəkli tamaşaçı alqışları isə onu göylərə qaldırırdı. Oynadığı hər rol, yaratdığı obraz Yaşara şöhrət gətirirdi. Çünki bu obrazı yaratmaq, onu tamaşaçılara sevdirmək üçün Yaşar Nuri minbir zəhmətə qatlaşırdı, yorulmadan məşq edirdi, bütün yaradıcılıq istedadını ortaya qoyurdu. Aylar, illər ötüb keçir, Yaşar Nurinin yaratdığı obrazların qaleriyası genişlənirdi.Təxminən 40 ilə yaxın bir müddət ərzində Yaşar Nuri 50 - yə qədər bədii filmdə, yüzə yaxın televiziya tamaşasında çəkilmişdi. İnanmaq çətindi. Amma həqiqətdi. Bu qədər rolların öhdəsindən gəlmək, özü də Yaşarın özünəməxsus bir professional şəkildə, hər aktyorun işi deyildi. Yadınıza salın: "Bəyin oğurlanması" filmində Yaşar Nurinin yaratdığı İsrafil obrazını. Nə qədər təbii, baxımlı... Yaşarın bir sənətkar kimi yaratdığı bütün obrazlar bax, beləcə sevilirdi. Yaşar Nuri peşəkar səhnə fəaliyyətinin yeddinci ilində " Əməkdar artist" fəxri adına layiq görülmüşdü. Cəmi səkkiz il sonra o artıq "Xalq artisti idi". 1991 - ci ildə Dövlət Mükafatına sahib çıxmışdı. Azərbaycan incəsənətinin inkişafındakı xidmətlərinə görə dövlət başçısı tərəfindən yüksək " Şöhrət" ordeni ilə təltif olunmuşdu. "Qızıl dərviş" mükafatçısı idi. Yaşar Nuri sənəti ölməzdir. Ona tamaşaçı məhəbbəti həmişə yüksək olmuşdur. Bu məhəbbəti Yaşar öz zəhməti, istedadı ilə qazanmışdı. Cəmi 61 il ömür sürsə də, yaratdığı saysız-hesabsız obrazlar ona əbədilik qazandırmışdır. Qədirbilən tamaşaçılar onu bu gün də dərin ehtiramla xatırlayırlar. Yaşar Nuri adını mədəniyyət tariximizə qızıl hərflərlə yazmış bir sənətkar idi. Deyirlər, əsl sənətkar odur ki, onu dünyasını dəyişəndən sonra da xatırlayırlar.Yaşar Nuri də hər gün xatırlanan sənət korifeylərindən idi.Ruhu şad olsun! Allah Yaşar Nuri sənət ocağını sönməyə qoymayan ailəsinə, övladlarına cansağlığı versin. Amin! ******Xalq artisti Firəngiz Mütəllimova deyir ki, Yaşar, doğrudan, məktəb idi, mən ondan çox şey öyrənmişəm:Hələ tələbə ikən Yaşar Nuri mənim ən sevdiyim aktyorlardan biri idi. Mən onun yaradıcılığını izləyirdim, tamaşalara gedirdim. Universitetdə oxuyanda onu tez-tez görürdüm, orada dərs deyirdi. Yaşar həmişə məni görəndə soruşurdu ki, “Sən Ofelya Sənaninin qohumusan?”. Deyirdim xeyr. Hər dəfə bu sualı mənə verirdi. Bilmirdim, nəyə görə verir, yəqin oxşadırdı. Sonra “Səni axtarıram” tamaşasında eşitdim ki, Yaşar Nuri ilə tərəf müqabili olacağam. Çox sevindim. İlk məşqlərdə bir az utanırdım və deyə bilərəm ki, Yaşarın bu rolda mənə dəstəyi böyük oldu. Yaşar bənzərsiz aktyor idi. Çəkiliş zamanı sevimli rejissorumuz Tariyel Vəliyev məni bu rola dəvət etməsinin səbəbini belə açıqladı: “Çoxları deyir ki, o qız aparıcı olub, televiziyada veriliş aparıb, üzü tanışdı. Mən Firəngizi bu rola ona görə dəvət etmişəm ki, onun qeyri-adi gülüşü var. O gülüş bəzən insanı əsəbiləşdirir”. Tamaşada çox həyəcan keçirdim. O vaxt belə deyildi ki, kim nə gəldi çəksin. Tam fərqli idi...Heç vaxt onun yoxluğu ilə barışmaram. Yaşarın yoxluğunu hər yerdə hiss edirəm. Sağ olsaydı, indi bu qədər əziyyət çəkməzdim, teatrda başımıza bu qədər oyun gətirməzdilər. Çox uzaqgörən insan idi, bir dəfə oturub çay içirdik, teatrın rəhbəri İsrafil İsrafilov bizə salam vermədən yanımızdan keçib getdi. Yaşar qayıtdı ki, görün 3 ildən sonra nələr olacaq? Elə dediyi kimi də oldu, teatrın bütün kollektivi ayağa qalxdı, üsyan etdi. Yaşar sözünü deməyi bacarırdı. Mənim üçün o ölməyib, indi də onun "Alo" səsi qulağımdadır. Çəkildiyi filmlərdən, oynadığı tamaşalardan mənə baxır. Yuxularıma tez-tez girir.Yaşar, doğrudan, məktəb idi, mən ondan çox şey öyrənmişəm. Bir xatirə yadıma düşdü. "Səni axtarıram" tamaşasının çəkilişi zamanı mən ağlamalıydım. Orada bir yer var e, Yaşar saçlarımı oxşayıb deyir: "Sən yaxşı qızsan, Gülnar". Rejissor nə illah elədi, mən ona baxıb ağlaya bilmədim. Bir də onda gördük ki, Yaşarın gözlərindən yaş axır. Gülnarın əvəzinə Elçin ağladı. Çox təbii aktyor idi və obrazla yaşamağı bacarırdı.Xalq artisti Səidə Quliyeva deyir ki,Yaşar Nuridən səhnədə çox şey öyrənib:“Yaşar elə bir aktyor idi ki, o, öz oyunu ilə tərəf müqabilinə kömək edirdi. Bu xüsusiyyət nadir aktyorlara məxsusdur. Aktyor var, səhnəyə çıxır, roluna uyğun oynayır və tərəf müqabilini qətiyyən düşünmür. Amma Yaşar çoxşaxəli idi. Mən ondan çox şey öyrənmişəm. Aktyora lazım olan bütün xüsusiyyətlər onda toplanmışdı. Yaşarın yüksək fantaziyası vardı. Bir obrazı hazırlayırdısa ətrafdakı insanları müşahidə edə-edə, hərədən bir detal götürərək onu dolğunlaşdırırdı. Yaşar diqqətli aktyor, sənətini sevən insan idi. Çox nizam-intizamlı idi.Səhər 10-da məşq başlayacaqdısa o, saat 9-dan teatrda olurdu. Bu da sənətə sevgisindən, ətrafda olan insanlara hörmətindən irəli gəlirdi”.S.Quliyeva Yaşar Nurini “tamaşaçının dostu” adlandırır:“Yaşar tamaşaçıların sevimlisi idi. O, insanlarla dostluq edirdi. O, doğma aktyor idi. Üzündə sanki “şeytan tükü” vardı. Hətta inciyəndə də ona nifrət etməyi bacarmırdın. Lətifələr danışır, ətrafını elə maraqlı edirdi ki, ondan incimək olmurdu. Həyatsevər insan idi. Mən ona bənzərini görmürəm. Ondan sonra aktyorlara Yaşarın rolları paylandı, amma çoxu imtina etdi. Çünki Yaşarda olan sevimlilik o aktyorlarda yox idi. Yaşar xoşbəxt aktyor idi. Sağ olanda da sevilirdi, dünyasını dəyişəndən sonra da sevilir”.Anar Məmmədov, Bakı Dövlət Universitetinin dosenti, şair-publisist, AYB üzvü və AJB üzvü.Unudulmaz sənətkarımız, respublikanın xalq artisti Yaşar Nuri haqqında xatirələrim:1995-ci ildə atam məni ilk əmək fəaliyyətinə başlamağım üçün Azərbaycan Radiosunda səs operatoru vəzifəsinə işə düzəltdi. Günlərin bir günü radionun “Ədəbi verilişlər” redaksiyasının baş redaktoru Şəfəq Soltan Əlixanlının dəvəti ilə Yaşar müəllim bir şairin şeirlərini oxumaqdan ötrü radioya dəvət olundu. Səsini lentə mən yazmalıydım. Bu işə bələd olanlar bilir ki, tele-radioda hər şey dəqiqələrlə tənzimlənir. O, gecikmədi, əksinə, deyilən vaxtdan 15 dəqiqə tez gəlmişdi. Materiala bir dəfə baxmaqla, “hazıram” dedi. Şeirləri də bir nəfəsə oxudu, dayanmadan, çaşmadan... Ayrılanda kimliyimi bildirdim. Dayandı. Ciddi simasında bir xoş təbəssüm yarandı. Üzü gülümsədi. Ötənləri varaqladı. Valideynlərimi xəbər aldı. Salam göndərdi. Onların haqqlarında xeyli səmimi, xoş sözlər dedi. Məlum oldu ki, Yaşar Nuri on yaşından (1961-ci ildən) Azərbaycan televiziyasının uşaq verilişlərində (ələlxüsus, teatr tamaşalarının uşaq rollarında) çəkilib. Orta məktəbdə oxuyarkən Respublika Dövlət televiziyasının “Yelkən” və “Tonqal” (sonralar tanınmış diktor olan əməkdar artist Sevil Hüseynli ilə birgə) verilişlərinin aparıcılarından olub, “Buratino”, “Qaranquş”, “Pioner” uşaq verilişi- teatrlarında müntəzəm iştirak edib. Mənim atam əməkdar jurnalist Tofiq Məmmədov isə o illərdə Televiziya və Radio verilişləri Komitəsində artıq jurnalist kimi peşəkar fəaliyyət göstərirdi. Hətta dəfələrlə gənc Yaşarı verilişlərə dəvət də edirmiş. Sonralar Yaşar Nuri Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib ( Ruhəngiz Qasımovanın “Yollar görüşəndə"...Ömrün yolları, İsi Məlikzadənin "Qatarda" Anarın "Evləri köndələn yar", Mövlud Süleymanlının "Kökdən düşmüş piano", Hüseyn Cavidin "Topal Teymur", Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz", trilogiyası, İslam Səfərlinin "Göz həkimi" və s.). Teletamaşalarda Yaşar Nuri əsasən baş rolları ifa edib. Nə yaxşı ki, həmin əsərlər televiziyanın “Qızıl fond”unda sənət inciləri nümunələri kimi qorunmaqdadır. Həmin illərdə isə atam uzun müddət Tele-Radionun Partiya Komitəsinin katibi vəzifəsində işlədiyindən, çəkilən və nümayiş etdiriləcək bütün filmlərə və tamaşalara onun da razılığı olmalıymış (o dövrün siyasi ideologiyası bunu tələb edirdi). Yaşar Nuri 30 yaşında əməkdar artist adına layiq görüləndə komsomol yaşında olub. O dövrün digər siyasi-ideoloji tələbinə uyğun olaraq, gənclərin hansısa ada, təltifə, mükafata layiq görülməsində, ümumiyyətlə, irəli çəkilməsində Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqının təqdimatı, rəyi, xasiyyətnaməsi (ən azı razılığı) olmalıymış. Anam Şövkət Abdullayeva isə o illərdə Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi işləyirdi. Hətta sənətkarın vaxtilə dediyinə görə, əməkdar artist adını alanda təltif olunma mərasimində onu ilk təbrik edən və xeyir-dua verənlər sırasında valideynlərim də olublar. Bütün bunları o, valideynlərim haqqında yazdığım kitaba daxil etməkdən ötrü verdiyi müsahibədə də nəzərə çatdırmışdı və həmin səs yazısını ən əziz xatirə kimi arxivimdə qoruyub saxlayıram. Odur ki, Yaşar Nurini ailəmizlə bağlayan doğmalıq telləri xeyli əvvəllərə gedib çıxır... Tale elə gətirdi ki, 90-cı illərin ortalarında onlar yaşadığımız binanın yanındakı evə köçdülər. Bu dəyərli, səmimi insanla yaranan tanışlığımız o vaxtdan əsl dostluğa çevrildi. Hər dəfə həyətdə rastlaşanda olduqca mehribancasına görüşər, hal-əhval tutar, körpələrimin başına tumar çəkməyi də unutmazdı… 2007-ci ilin mart ayında Rəşid Behbudov adına Mahnı Teatrında professor Qara Mustafayevlə birgə yazdığımız “Həyat və poeziya” kitabımızın təqdimatı keçirilirdi. Mərasimə respublikanın tanınımış elm, təhsil, mədəniyyət və incəsənət nümayəndələri dəvət almışdılar. Axşam televizayaların xəbərlər buraxılışlarına Yaşar müəllimin verdiyi müsahibələri və haqqımda dediyi yüksək filirləri görəndə qəlbim dağa döndü...2008-ci ilin dekabr ayında yenə həmin məkanda keçirilən “Ataların sözü – xalqın gözü” kitabımızın təqdimat mərasimində də Yaşar müəllim televiziya proqramlarına verdiyi müsahibələrdə haqqımızda xoş sözlərini əsirgəməmişdi... 2008-ci ilin sentyabr ayı idi. Sevimli kollektivindən hər zaman ancaq xoş münasibət gördüyümdən mənim üçün olduqca doğmalaşan əziz “Space” kanalının “Hər səhər” proqramında Yaşar müəllimin növbəti ad günü keçirilməliydi. Məni dədəvət etmişdi (bu, mənim həmin kanalda ilk çıxışım idi). Mən də bu münasibətləbir gecəyə bu şeri yazmışdım:Sənət ocağında dünyaya gəlib,Sənət zirvəsinə daim ucaldın.Sənəti hər şeydən müqəddəs bilib,Qədirbilən xalqdan ilham, güc aldın.Səhnəmizə qədəm qoyandan bəri,Bütün obrazların bir həyat oldu.Dediyin kəlmələr dillər əzbəri,Ruha qida oldu, qol-qanad oldu.Bəzən bir nadanın pis cəhətindən,Yüzlərlə yaxşılar qalır kölgədə.Dadaşovun mənfur təbiətində,Çoxları özünü gördü bəlkə də?!İstər teatrda, istər kinoda,Oynadığın rollar sevildi yaman.Ömürlük sən saldın Elçini oda,Yolunu gözlədi Gülnar hər zaman.Rəhimə xanımın sədaqətinəQovuşmaq, özü də bir səadətdir.Layiq olanı xalq məhəbbətinəElə yaşadan da bu məhəbbətdir.Oldu ki, bizləri qoydun nigaran,Üç ay həsrət qaldıq söz-söhbətinə.Əl açıb göylərə Ulu Tanrıdan,O ki, var şəfalar dilədik sənə.Bilmirəm, qeyd edim hansı rolunu,Onları həvəslə izləyirik biz,Tanrı nurlu etsin ömür yolunu,Səndən yeni rollar gözləyirik biz!Şeiri oxuduqca gördüm ki, gözləri dolub. Tamaşaçıları deyə bilmərəm, amma proqramın iştirakçılarından da çoxlarının gözləri dolmuşdu… O vaxt xəstəliyi yenicə özünü biruzə verməyə başlamışdı. Üç ay idi ki, müalicə olunurdu. Və onun Türkiyədən sağ-salamat geri dönməsi üçün çoxları kimi biz də çox dualar etmişdik. Onu yenidən səhnədə və efirdə görəndə sevincimizin həddi-hüdudu yox idi (səhv etmirəmsə, qayıdandan sonra səhnədə ilk rolu Kukla teatrında səhnələşdirilən “O olmasın, bu olsun” tamaşasında Məşədi İbad obrazı olmuşdu). O, bu rolda əvvəlkindən gümrah görünürdü. Xəstəlikdən əsər-əlamət yox idi. Bu yerdə Yaşar müəllimin ömür-gün yoldaşının xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Belə ki, sədaqətli ömür-gün yoldaşı Rəhimə xanım düz beş il ən ağır, ümidsiz anlarında Yaşarın başının üstündə oldu. Onu tək qoymadı. Ona dayaq, həyan oldu. Məncə ötən beş il ərzində sənətkarı yaşadan göydə Allah-Təala oldusa, yerdə də xalqın sevgisi, həkimlərin dəva- dərmanı, bir də Rəhimə xanımın sədaqəti oldu. Aylarla ömür sirdaşıyla bir ayağı burada, bir ayağı da Türkiyədə olan Rəhimə xanım nə qədər nigaran gecələri gözü açıq, səhəri əlləri dualı qarşılayıb. Həyatının ən ümdə amalı xalqın sənətkarını qoruyub, yaşatmaq olub. Etiraf edək ki, bu sədaqət heç də hər zaman təsadüf edilməyən bir hadisədir (özü də indiki zəmanədə). Elə Yaşar müəllim də ailəsinə olduqca bağlı insan idi. Bütün fikri-zikri bir sənəti idi, bir də ailəsi. O, ailəsi ilə, həyat yoldaşıyla, övladları ilə nəfəs alırdı. Odur ki, Yaşar Nurinin vəfatı günü onların evinə başsağlığına gedəndə və Rəhimə xanımı görəndə qəhərdən deməyə söz tapmadım…Vasif Ayan, televiziyaçı: AYB üzvü, AJB üzvü.Bir Yaşar Nuri xatirəsi ...Ölümündən bir az qabaq Yaşar Nuri "Gömrük" Xəstəxanasında yatırdı. Uzun zamandı onu heç kim görmürdü, o cümlədən mən də.Bir axşam heç kimə demədən onu ziyarət etməyə yollandım. Gec saatda getmişdim deyə xəstəxana əməkdaşları mənə bildirdi ki, "vaxt çox azdır. Həm də Yaşar Nurinin ağrıları çoxdur, indi iynə vurulacaq və sonra yatmalıdır." Dedim, "zərər yoxdur, sadəcə hal-əhvalını soruşub tez çıxaram yanından". Dedilər: "yaxşı, o zaman qalxın yuxarı mərtəbəyə, palataya". Dəhlizdən Yaşar Nuri yatdığı otağa yaxınlaşanda onun ağrılardan narahatlığını hiss etdim. Dəhliz boyu onun ucadan səsini eşidirdim. Canı ağrıyırdı. Qıvrılırdı, sanki inildəyirdi böyük sənətkar. Mən anladım ki, Yaşar müəllim qətiyyən ağrılara dözümlü deyil. Tibb bacısı ona ağrıkəsici vururdu. Kövrəldim. Addımlarım irəliyə doğru getmirdi. Dəhlizdə skamyada əyləşdim. Bir az toxtadım. Gözlərim dolmuşdu. "Bəlkə onu narahat etməyim" deyə dodaqaltı donquldandım. İstədim geri qayıdım. Palatadan tibb bacısının səsini eşidirdim. Yaşar müəllimi sakitləşdirmək üçün nəsə deyirdi. Ayağa qalxdım. Yerimdə tərəddüd etməyə başladım. "Bəlkə lazım deyil?" Sonra da özümə: "bəlkə elə bu Yaşar Nurini görmək üçün son şansımdır, sonra bir daha onu görməyə də bilərəm. Həyatdır, hər şey ola bilər. Peşimanlıq yaşamayım..." Tibb bacısı bu məqamda otaqdan çıxdı, məni dəhlizdə gördü. Dedi ki: "Siz Yaşar müəllimlə görüşmək istəyirdiniz?" Ona bildirdim ki, "sadəcə ondan hal-əhval tutub qayıtmaq istəyirdim, ancaq deyəsən özünü heç yaxşı hiss etmir. Qalsın başqa zamana..." Tibb bacısı dilləndi ki, "daha bura qədər gəlmisiniz, heç olmasa görüşün." Otaqdan Yaşar Nurinin səsi gəldi: "Kimdir ki, gələn?" Tibb bacısı məndən soruşdu: "Adınız?" Dedim; "Vasifdir, Yaşar müəllimin gənc dostu. Televiziyaçı." Yaşar müəllim dedi: "Kimdi? Vasifdir? Ouu, Vasif, Vasif, gəl, gəl bura!" Necə sevinclə məni səslədi. Asta-asta qapıya yaxınlaşdım. Qapıdan içəri ehmalca boylandım. Böyük sənəkar uzanılı vəziyyətdə idi. Belinin arxasına qoyulmuş yastıqlara, söykənmişdi. Taqətsizdi. Qolunda sistem vardı. Yaşar Nuri ağrılardan yorulmuş, eyni zamanda həyatdan qopmaq istəməyən bir görünüşdə idi. Ağrımağına baxmayaraq həmişə tamaşalarda üzündə görməyə öyrəşdiyimiz təbəssümü üzünə qondu. Dedi: "Nə yaxşı gəlmisən Vasif?" Gözü uşaq kimi parıldayırdı. Hiss olunurdu ki, o, tanış bir sima görmək üçün darıxmışdı. Tibb bacısı mənə baxaraq dedi ki: "Yaşar müəllim çox küyçüdür. Mən hələ ona iynəni vurmamışam o qışqırıq, səs-küy yaradır. Şıltaqlıq edir". Tibb bacının bu sözü Yaşar Nurini güldürdü. Mən də özümü toparlayıb, gülümsəməyə çalışdım. Yaşar müəllimi, əziz dostumu xəstəxana palatasında görmək məni sarsıtsa da xoş görüntü yaratmağa məcbur idim. Mən də gülümsədim, pozitiv olmağa çalışdım. İstəmədim Yaşar müəllim ona görə üzüldüyümü hiss etsin. Biz bir qədər dərdləşdik. Onunla görüş vaxtım çox az idi. Bir az sonra mühafizəçi otağa daxil oldu, təəssüf hissi ilə bildirdi ki, mənim getmək zamanımdır. Ayağa qalxdım, Yaşar Nuri bir qədər acıqlı tərzdə mühafizəçiyə dedi ki, "Hara gedir, hələ indi gəlibki Vasif! Qoy hələ otursun, gedər də sonra! Söhbət edirik..." Mühafizəçiyə baxışlarımla işarə etdim ki, qısa zaman da oturum qalxacam. Oturdum. Yenə söhbətlər etdik. Sonra qısa sükut çökdü otağa. Sanki ikimiz də susaraq danışmağa başladıq. Yaşar Nurinin yanağında təbəssüm hələ də yerində idi. Düşündüm artıq gedim, onun zamanını çox alıram. O, bu saatda yatmalı, dincəlməlidir. Ayağa qalxdım. Yaşar müəllim heç getməyimi istəmirdi. Onun istirahət etməsi gərəkdiyini bildirdim. Öpdüm, qucaqladım, bərk-bərk bağrıma basdım və vidalaşdım. Dəhlizdən aşağı enənə kimi özümü güclə saxlamışdım, hönkürmək istəyirdim...Bundan bir müddət sonra isə Yaşar Nurinin 60 illik Yubileyində iştirak etdim. Azdrama-da onun çox möhtəşəm doğum günü keçirildi. Yubiley tədbirinin son dəqiqəsinə qədər onun yanında idim. Yüzlərlə adam qrim otağına gəlib onu öpüb, şəkil çəkdirib gedirdilər. Azdramadan Yaşar Nuri, sürücüsü və mən birgə çıxdıq. Yolboyu Yaşar müəllim yubiley tədbirinin necə keçdiyi təəssüratını məndən öyrəndi. Hər şeyin çox gözəl təşkil olunduğunu ona bildirdim. Məni evə kimi maşınla gətirdi. Hiss etmişdim deyəsən bu son görüşdür. Son dəfə xudahafizləşdik. Getdim... Və sonra əziz dostum, unudulmaz Yaşar Nurinin cənazəsi ilə vidalaşmaq üçün Teatra gəldim ...Hazırladı: Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısıQafqaz.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta