AZ

Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib

Avstraliya və Avropa planetoloqları məşhur Mars meteoriti “Qara gözəl”də təxminən 4,45 milyard il öncə Marsda qaynar süxurların çox qaynar maye su ilə təması nəticəsində yaranan mineral dənələri tapıblar. “Report” xəbər verir ki, bu barədə Avstraliyanın Körtin Universitetinin mətbuat xidməti məlumat yayıb.

“Həmkarlar hesab edirlər ki, hidrotermal sistemlər Yerdə həyatın yaranması üçün əsas tərkib hissəsi idi. Marsda onların analoqlarının tapılması göstərir ki, qabığının formalaşmasının ən erkən mərhələlərində Marsın səthində həyatın təkamülü və davam etdirilməsi üçün zəruri olan qaynar maye su mövcud olub”, – Körtin Universitetinin baş elmi işçisi Aaron Kavosi bildirib.

Alimlər bu kəşfi 2011-ci ildə Böyük Səhranın Mərakeş hissəsində tapılmış “Qara gözəl” meteoritinin fraqmentlərini araşdırarkən ediblər. Sonradan o, “göy daşları” kolleksionerlərinin əlinə keçib və onlar da bu tapıntını “NWA 7034” adı vermiş planetoloqlara təhvil veriblər.

Son vaxtlar alimlər “Qara gözəl”in bir neçə fraqmentini tədqiq edib və bu meteoritin təxminən 5-10 milyon il öncə planetin səthindən atılmış ilkin Mars qabığının fraqmenti olduğu qənaətinə gəliblər. Bu meteoritin əmələ gəlmə tarixini araşdırarkən Avstraliya tədqiqatçıları onun daxilində planetin səthində üzə çıxarkən yaranan odadavamlı süxurların kristalları olan sirkonun bir neçə qeyri-adi deformasiya olunmuş dənələrini aşkar ediblər.

Alimlər bu kristalların əmələ gəlmə tarixini araşdırarkən bu sirkonların tərkibində belə odadavamlı mineral dənələrində adətən rast gəlinməyən dəmir, alüminium, natrium və bəzi digər elementlərin olduğunu müəyyən ediblər. Onların strukturu və yerləşməsinin sonrakı tədqiqi göstərib ki, bu elementlər sirkonların çox isti su ilə təması sonucunda yaranıb.

Elm adamlarının hesablamalarına görə, bu suyun temperaturu təxminən 500-800 dərəcə Selsi təşkil edib ki, bu da qədim Marsda hidrotermal qaynaqların mövcudluğundan xəbər verir. Onların analoqları qədim Yerdə ən sadə üzvi molekulların əsas “fabriki” hesab olunur. Onların Marsda mövcudluğu göstərir ki, uzaq keçmişdə Günəş sisteminin dördüncü planetində həyatın yaranması üçün münasib şərait olub.

Son iki onillikdə planetoloqlar Marsın səthində qədim dövrlərdə çayların, göllərin və şirin su okeanlarının mövcud olduğunu göstərən çoxlu sübutlar ortaya çıxarıblar. Alimlərin cari hesablamalarına görə, onlarda Yerin Şimal Buzlu okeanında olduğu qədər su var idi. Bu suyun hara yox olduğunu və Günəş sisteminin dördüncü planetinin səthində nə vaxt yarandığını alimlər hələ dəqiq deyə bilmirlər.

Seçilən
2
3
avtosfer.az

4Mənbələr