AZ

Başqırd türklərinin dili...

"Türk Dilinin Sehirli Dünyası" proqramının ötən hissəsində türk xalqlarının yaranış rəvayətlərində və dastanlarında müqəddəs məkan kimi xatırlanan dədə-baba yurdumuzun qədim keşikçiləri Altay türkləri, onların yaşadıqları yerlər və dili haqqında danışdıq. Proqramımızın bu günkü hissəsində isə başqırd türkləri və dillərindən bəhs edəcəyik.

Başqırd adının mənşəyi hələ də tam olaraq məlum olmasa da, bu mövzuda müxtəlif rəvayətlər və elmi nəzəriyyələr mövcuddur. Xalq arasında yayılmış rəvayətlərə görə, "Başqırd" adı tarixdə Xəzər dənizinin cənubunda yaşamış “Kıırt - Baş” tayfasına dair şayiələrə əsaslanır. Bu rəvayətdə "Kıırt - Baş" tayfasının adı zamanla "Kurt - Baş" və daha sonra "Baş - Kurt" şəklində dəyişib. Başqırd türklərinin isə "Kıırt - Baş" tayfasının varisləri olduğu irəli sürülür.

Elmi nəzəriyyələrə əsasən, “Başqırd” adı IX əsrdən etibarən ərəb və fars tarixçiləri, habelә rus və avropalı tədqiqatçılar tərəfindən müzakirə edilir. Məşhur türkoloq Kaşğarlı Mahmud özünün “Divanü Lüğat-it-Türk” əsərində başqırdları bir türk tayfası olaraq qeyd edib. Kaşğarlı Mahmudun bu fikri tarix boyu bir çox alim tərəfindən dəstəklənmişdir.

Başqırd türkləri ilə bağlı aparılan araşdırmalar arasında diqqət çəkən maraqlı bir məqam da başqırdların macarlarla qohum olmasıdır. Bu nəzəriyyəyə görə, Ural-Altay bölgəsi və ətrafında yaşamış türk və fin-uqor boylarının bir hissəsi köçəri xalqların təzyiqi nəticəsində bugünkü Macarıstana köçüb, digər hissəsi isə yerləşdikləri bölgədə qalıb və bu günki başqırd türklərinin әsasını qoyub.

Başqırd türkləri, tarixdə adı tez-tez çəkilən türk boylarından biridir. Bu gün onlar əsasən Rusiya Federasiyasının tərkibində yerləşən Başqırdıstan Respublikasında yaşayırlar. 2024-cü il yanvarın 1-də keçirilən siyahıyaalmaya görə, Başqırdıstanın əhalisi 4 milyon 64 min 361 nəfərdir.Qeyd etmәliyik ki, başqırd türkləri bu əhalinin 31,5 faizini təşkil edir.

Başqırd türklərinin danışdığı dil isə coğrafi və linqvistik prinsiplərə görə türk dil ailəsinin Şimal-Qərb və ya Qıpçaq qrupuna daxildir. Bu dil həm şifahi, həm də yazılı şəkildə mövcudluğunu davam etdirir.

Başqırdıstan Respublikasında əsasən Başqırd türkcəsində danışılır. Bu dil yalnız Başqırdıstanla məhdudlaşmayıb, həmçinin Tatarıstan və Udmurtiya Respublikalarında da istifadə olunur. Başqırd türkcəsi Başqırdıstan Respublikasında rus dili ilə yanaşı rəsmi dil statusuna malikdir. Bu səbəbdən, Başqırdıstan sərhədləri daxilində təhsil, media və dövlət işlərində Başqırd türkcəsindən istifadə olunur.

Bununla belə, rus dilinin rəsmi dil olduğu digər ölkələrdə olduğu kimi, Başqırdıstan Respublikasında da rus dilinin üstünlüyü səbəbindən Başqırd türkcəsinin istifadə sahəsi məhdudlaşır və çox vaxt ikinci dil olaraq qalır.

Başqırd türkləri 19-cu əsrin ortalarına qədər Çağatay türkcəsindən istifadə ediblər. Bu әsrin sonunda isə onlar öz ləhcələrində, yəni başqırd türkcəsində yazmağa başlayıblar. Bu, müasir başqırd yazı dilinin əsasını qoymuşdur.

İslamı qəbul etdikdən sonra, X əsrdən 1929-cu ilə qədər Başqırd türkləri ərəb əlifbasından istifadə ediblər. 1929-cu ildən sonra, 10 il Sovet Rusiyasının hakimiyyəti altında yaşayan Başqırd türkləri, Latın əlifbasına əsaslanan Ortaq Türk əlifbasını qəbul ediblər. Sovet İttifaqı sərhədləri daxilindəki bütün türk xalqları üçün kiril əlifbasına keçid prosesi baş verdikdən sonra, Başqırd türkləri də 1939-cu ildə bu yeni əlifbanı qəbul ediblər və bu günə qədər bu əlifbadan istifadə edirlər.

Seçilən
6
1
sia.az

2Mənbələr