AZ

COP29 çərçivəsində təşkil edilmiş “Dinlər pavilyonu” işini yekunlaşdırıb

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil edilən “Dinlər pavilyonu” işini yekunlaşdırıb.

AZƏRTAC “Əl-Əhram” portalına istinadla xəbər verir ki, pavilyonda təşkil olunan tədbirlərdə iqlim ədalətinin təmin edilməsi, qadınların və gənclərin səlahiyyətlərinin artırılması, iqlim dəyişikliklərinin təsirlərinə ən çox məruz qalan qruplara dəstək verilməsi, ekoloji böhranlara qarşı dayanıqlı həllərin tapılması və bu sahədə yerli xalqların ənənəvi biliklərindən faydalanmağın vacibliyi vurğulanıb. Həmçinin, iqlim böhranına qarşı mübarizədə dinlərarası əməkdaşlığın gücləndirilməsi və insanla təbiət arasında tarazlığın təmin olunması məsələlərinə diqqət yönəldilib.

Qeyd olunub ki, “Dinlər pavilyonu”nda iki həftə ərzində 60-a yaxın dialoq və müzakirə iclası keçirilib. Bu iclaslarda dünyada 11 din və məzhəbi təmsil edən 97 təşkilatdan 230-dan çox natiq çıxış edib. Tədbirlər Qafqaz Müsəlmanları İdarəsi, Müsəlman Ağsaqqalları Şurası, Birləşmiş Ərəb Əmirliklərinin Tolerantlıq və Birgəyaşayış Nazirliyi, BMT-nin Ətraf Mühit Proqramı, COP29-un rəhbərliyi, Həməd Qlobal Sülhü Dəstəkləmə Mərkəzi və Qazaxıstanın Dünya və Ənənəvi Din Liderləri Konfransı ilə əməkdaşlığı çərçivəsində baş tutub.

Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdüssalam çıxışında Azərbaycan Respublikasına və Prezident İlham Əliyevə bu təşəbbüsü dəstəklədiyinə görə təşəkkür edib, Şuranın iqlim səylərində din liderlərinin rolunu artırmaq üçün fəaliyyətlərini davam etdirəcəyini vurğulayıb. O diqqətə çatdırıb ki, “Dinlər pavilyonu” iqlim problemlərinin həllində dinlərin rolunu əks etdirən qeyri-adi bir təcrübədir. İqlim böhranı yalnız elmi və ya iqtisadi problem deyil, həm də qlobal şüur və etik məsuliyyət üçün əsl sınaqdır.

“Dinlər pavilyonu”ndakı çıxışlarda dini liderlərin qlobal iqlim səylərinə verdiyi töhfələrin əhəmiyyəti vurğulanıb və pavilyonun müxtəlif inancların ekoloji problemlərin həllində əməkdaşlıq etməsi üçün ilhamverici model olduğu bildirilib.

“Ədalətli iqlim” məsələsi pavilyondakı müzakirələrin əsas mövzularından olub. İştirakçılar ekoloji fəlakətlərdən ən çox zərər çəkən icmalara və ölkələrə resursların ədalətli paylanması, iqlim dəyişikliklərinə uyğunlaşma layihələrinin dəstəklənməsi və yerli biliklərdən istifadə etməklə dayanıqlı həllərin tapılması barədə çağırış ediblər.

Sessiyalarda qadınların iqlim böhranına qarşı mübarizədəki əhəmiyyətli rolu xüsusi vurğulanıb. “Dinlər pavilyonu” qadın liderlərin bu səylərə töhfəsini artırmaq məqsədilə “Qlobal Qadın Dini Liderlər İttifaqı”nı təsis ediblər. Bu ittifaq qadınların cəmiyyətlərdəki liderlik rollarını gücləndirmək və iqlim problemləri ilə mübarizəyə töhfə vermək məqsədi daşıyır.

Gənclər də müzakirələrdə diqqət mərkəzində olublar. İclaslarda onların texnologiya və innovasiyaya əsaslanan dayanıqlı həlləri inkişaf etdirmək bacarıqlarından istifadə olunmasının vacibliyi vurğulanıb. Eyni zamanda gənclərin iqlimlə bağlı qərar qəbuletmə proseslərində daha çox iştirak etməsi üçün onların zəruri təlim proqramlarına və işgüzar seminarlara cəlb edilməsinin əhəmiyyəti vurğulanıb.

Bundan başqa, müzakirələrdə iqlim məsələlərinin tədris proqramlarına inteqrasiyasının vacibliyi, dini dəyərlərlə elmi biliklərin birləşdirilməsinin iqlim dəyişikliyinə qarşı effektiv strategiyaların hazırlanmasında rolu, erkən xəbərdarlıq sistemlərinin inkişaf etdirilməsi və təbii fəlakətlərin təsirini minimuma endirmək üçün qabaqcıl texnologiyalardan istifadə məsələləri vurğulanıb.

Seçilən
4
2
xalqqazeti.az

3Mənbələr