AZ

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyaları niyə uğurzsuz oldu? - ŞƏRH

COP29
Azərbaycan digər beynəlxalq tədbirlər kimi, daha böyük miqyaslı - Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) da uğurla ev sahibliyi etdi. Ancaq hər zaman olduğu kimi ölkəmiz ikili standartların hədəfində oldu. Belə ki, COP29 ərəfəsində bir sıra Qərb təşkilatları, media qurumları, nüfuz agentləri tərəfindən Azərbaycana qarşı qərəzli informasiya kampaniyası təşkil olundu. Özlərini “demokrat” adlandıran, “ekologiya mühafizəçisi” adlandıranlar iqlim dəyişikliyi mübarizədə ən önəmli tədbirə - COP29 ev sahibliyi edən Azərbaycana qarşı yenə də qərəzlərini açıq-aşkar nümayiş etdirdilər.
Ancaq cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində, Azərbaycan bu hücumlara qarşı dirəniş göstərərək, həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün müvafiq addımlar atdı. Ölkə rəhbərliyi qərəzli kampaniyanı ifşa etməklə, Azərbaycanın beynəlxalq tədbirlərdəki uğurlarını və artan nüfuzunu qorumağa nail oldu. Bəs görəsən Azərbaycana qarşı bu ikili standartların, hücum kampaniyalarının, qərəzli addımların arxasında nələr durur? Azərbaycana qarşı qarayaxma kampaniyası aparan qərb dairələri bununla nəyə nail olmaq istəyirdilər? “Hədəflərinə” çata bildilərmi? Məsələ ilə bağlı 1news.az-a danışan Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli deyib ki, Azərbaycanın COP29-a ev sahibliyi ən uğurlu nümunələrdən biri kimi tarixdə qalacaq. “COP29-da iştirak üçün 76,000 nəfər qeydiyyatdan keçmişdi və bu, COP təcrübəsində rekord göstəricidir. Bütün iştirakçılar, o cümlədən tərəfdaş qurumlar və beynəlxalq qeyri-hökumət təşkilatları Azərbaycanın yüksək təşkilatçılığını xüsusilə qeyd edirlər. Logistika, yeni innovasiyaların tətbiqi, qonaqlama, həmçinin funksional imkanların təmin edilməsi ən yüksək səviyyədə idi. Heç bir narazılıq və ya sual ortaya çıxmadı. Bu faktın özü Azərbaycanın böyük uğuru kimi qiymətləndirilə bilər. Azərbaycan müstəqillik dövrünün ən böyük tədbirini uğurla keçirdi və eyni zamanda COP29 ən inklüziv konfrans kimi yadda qalacaq”. O, əlavə edib ki, Azərbaycan Qlobal Cənubun, ada dövlətlərinin, Afrika qitəsinin, Karib hövzəsi ölkələrinin, Cənub-Şərqi Asiya dövlətlərinin geniş təmsilçiliyinə nail oldu. “Eyni zamanda Azərbaycan iqlim icmasının, vətəndaş cəmiyyətinin və beynəlxalq təşkilatların geniş təmsilçiliyinə yardım göstərdi. Azərbaycan çalışdı ki, Qlobal Cənubun ada ölkələrinin və ada xalqlarının səsləri və tələbləri daha ucadan səslənsin. Azərbaycan həmçinin ev sahibliyi çərçivəsində ambisiyalı gündəlik formalaşdıraraq iqlimlə bağlı problemlərin açıq və şəffaf şəkildə müzakirəsinə nail oldu. Heç bir COP tədbirində iqlim problemləri bu qədər açıq və geniş şəkildə müzakirə olunmamışdı. Bunun əsas səbəbi isə Qlobal Cənubun daha geniş təmsil olunması idi. O cümlədən Qlobal Cənubun vətəndaş cəmiyyəti də çox geniş şəkildə təmsil edildi. Azərbaycan öz əsas missiyasına sadiq qalaraq, Qlobal Cənub və Qlobal Şimal arasında səmərəli ünsiyyət qurmaq üçün əlverişli bir platforma təqdim etdi”. Z. İbrahimli bildirib ki, bütün bunlarla yanaşı, bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları və hüquq müdafiə təşkilatları qərəzli mövqedən çıxış edərək əsassız iddialar irəli sürürlər. "Məhz onların hədəfi, iqlim məsələlərində maliyyə məqsədlərinə çatmağa mane olan aparıcı Qərb ölkələri olmalıdır. Onlar Qlobal Cənubun istəklərinə və tələblərinə etinasız yanaşan inkişaf etmiş ölkələri hədəf almalıdırlar. Lakin bu təşkilatlar Azərbaycan kimi ədalətli iqlim keçidinə çalışan ölkələri hədəf alırlar. Bu, onların öz iqlim gündəliklərinə və vədlərinə sadiq olmadıqlarını göstərir. Vaxtilə təbiətin istismarından böyük sərvətlər qazanmış və aparıcı sənaye qurmuş ölkələr indi cüzi də olsa, təbiətin ifrat çirkləndirilməsi müqabilində kompensasiya ödəməkdən boyun qaçırırlar. Qlobal Cənub ölkələri bəyan edirlər ki, bu, bir hədiyyə deyil, aparıcı inkişaf etmiş ölkələrin vurduğu ziyana görə ödənilən cüzi bir kompensasiyadır”. “Bakıda aparılan danışıqlar göstərdi ki, inkişaf etmiş ölkələr hətta bu cüzi kompensasiyanı belə ödəməkdə simiclik edirlər” – deyə o, bildirib: “Əslində, məhz bu davranış, yəni iqlim hədəflərinə xəyanət, tənqid hədəfi olmalıdır. Əksinə, biz Bakıya qarşı COP29-dan istifadə edərək siyasi təzyiq formalaşdırmağa çalışıldığını görürük. Bu, ilk dəfə deyil. Azərbaycanın keçirdiyi digər mötəbər tədbirlərdə də belə hücumlar müşahidə olunub. COP29 isə planetar miqyaslı bir tədbir olduğu üçün bu hücumların miqyası və iştirakçıların əhatəsi daha geniş oldu. Əlbəttə, burada həm siyasi məqsədlər, həm də geosiyasi rəqabət elementləri var. Azərbaycan bu tədbiri keçirməklə beynəlxalq münasibətlərdə təsirini göstərdi və müstəqil xarici siyasət yürütmə potensialını ortaya qoydu. Bu, Cənubi Qafqazda maraqları olan bəzi ölkələrə uyğun gəlmir. Onlar Azərbaycanın müstəqil siyasətini öz geosiyasi maraqları üçün təhlükə hesab edirlər və Azərbaycanın mövqeyini zəiflətmək üçün bütün mümkün vasitələrdən istifadə edirlər. Bu "qeyri-hökumət təşkilatları" da həmin dairələrin maraqlarını müdafiə edir. Eyni zamanda, erməni diasporunun və lobbi təsirinin açıq şəkildə görünməsi də diqqətəlayiqdir. Onlar hər cür vasitələrdən istifadə edərək COP29 tədbirini gözdən salmağa çalışırlar. Ekofırıldaqçı adlandırıla biləcək bəzi şəxslər, məsələn, Qreta Tunberq, açıq-aşkar siyasi sifariş yerinə yetirir. Lakin bu cəhdlər əbəsdir.

COP29, iqlim hərəkatı və iqlim həmrəyliyinə töhfə verən ən mühüm tədbirlərdən biri kimi yadda qalacaq. Azərbaycanın səyləri nəticəsində bu yüksək səviyyəli tədbir tarixə düşəcək və hər zaman ehtiramla xatırlanacaq”.

Seçilən
11
2
1news.az

3Mənbələr