AZ

İnkişaf etməkdə olan ölkələr: 300 milyard dollar iqlim böhranı ilə mübarizə aparmaq üçün kifayət deyil

Mətn layihəsində 2035-ci ilə qədər ildə 300 milyard ABŞ dolları məbləğində illik hədəf kimi təklif edilir və inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyinin verilməsində liderlik edəcəyi bildirilir.

Ancaq ən az inkişaf etmiş ölkələrin nümayəndələri yeni kollektiv kəmiyyət hədəfi üzrə danışıqların nəticələri ilə açıq şəkildə razılaşmadıqlarını vurğulayırlar.

AZƏRTAC xəbər verir ki, bu barədə "ANewz" telekanalı məlumat yayıb.

Diqqətə çatdırılıb ki, onlar təklif olunan mətni tənqid edərək bildiriblər: “Bizim prioritetlərimiz nəzərə alınmayıb. Hazırda biz bu mətn üzərində işləyə bilmərik".

Bənzər mövqeyə malik inkişaf etməkdə olan ölkələr təşkilatından Boliviya nümayəndəsi kəskin çıxış edərək, rəqəmləri qeyri-adekvat və təhqiramiz adlandırıb. O deyib: “250 milyard dollar zarafat deyil, bu təhqirdir. Hətta 300 milyard dollar da qəbuledilməzdir. Bu rəqəm azı 500 milyard dollar olmalıdır”.

Hindistan da Boliviyanın mövqeyinə qoşularaq, inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını ödəmək üçün yeni Kollektiv Kəmiyyət Məqsədinin ildə azı 500 milyard dollar olması məsələsi üzərində təkid edib.

Afrika bloku da bundan məyusluğunu ifadə edib, təkliflərinin nəzərə alınmadığını vurğulayıb. Nümayəndələrdən biri əsas tələbləri təkrarlayaraq, layihədən narazılığını açıq şəkildə bildirib.

Kiçik Ada Dövlətləri Alyansını təmsil edən Samoa layihəni açıq şəkildə rədd edərək bildirib ki, onlar bu mətni qəbul edə bilməzlər.

G77-ni və Çini təmsil edən Uqanda da təklif olunan məbləğə narazılığını bildirib, xüsusilə inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının göstərilməsini tələb edən Paris Sazişinin 9.1-ci maddəsinə istinad edərək, tərəfləri sənədin mətninə düzəlişlər etməyə çağırıb.

Seçilən
33
3
yeniazerbaycan.com

10Mənbələr