AZ

Ağlayan Kəlbəcər yenidən gülür!

25 Noyabr Kəlbəcər Şəhəri Günüdür

Kəlbəcər ölkəmizin elə gözəl, əsrarəngiz bir bölgəsidir ki, hər dəfə onun adı çəkiləndə belə, gözlərimiz önündə əzəmətli dağlar, laləli yamaclar, şəfalı çeşmələr canlanır. Buranın havası təmiz, suyu safdır, amma bu yerlərin ən böyük sərvəti bu torpağa, yurda bağlı sadə, mərd, xeyirxah insanlarıdır. 

Bir vaxtlar nəhəng Sovet İttifaqında tanınmış ünvanlardan biri sayılırdı Kələbəcər. Belə ki, ucsuz-bucaqsız bir ölkənin hər yerindən insanlar bura müalicə olunmaq üçün “İstisu” sanatoriyasına axışıb gələrdilər. Qayıdanda bu yerlərin gözəlliklərindən də ürəkdolusu söz açardılar. 

Bugünkü orta və nisbətən yaşlı nəsillərə Kəlbəcəri xalq şairi Səməd Vurğunun Dədə Şəmşirlə məşhur deyişməsinin bir vaxtlar dillər əzbəri olan misraları sevdirib. Xalq Şairi S.Vurğun xətrini çox istədiyi qocaman el aşığına xitabən demişdir:

Bəxt məni bu yerə qonaq göndərdi.
Gedirəm, yamandı ayrılıq dərdi.
Demə, Səməd Vurğun gəldi-gedərdi,
Unutmaz bu oba, bu mahal məni.

Acı təəssüf ki, 1990-cı illərin əvvəllərində Kəlbəcər elatı özü də doğma torpaqdan qaçqın-köçkün düşdü. Belə ki, Kremlin ovaxtkı rəhbərliyinin himayəsilə Ermənistanın işğalçı sialhlı birləşmələri 1992-ci ilin aprelin 2-də Kəlbəcər şəhərini və rayonun kəndlərini işğal etdilər. 53 min sakin respublikanın şəhər və kəndlərinə pənah aparmalı oldu. Kəlbəcərlilər yadellilərlə sona qədər vuruşmuşdular.  Düşmənlə ağır döyüşlərdə 511 nəfər öldürülmüş, 321 adam əsir götürülmüş və itkin düşmüşdü. 

Azərbaycanın ərazicə ən böyük rayonu olan Kəlbəcərin işğalı nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir mu-zey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrilmişdi. Düşmən rayonun təbii sərvətlərini də vəhşicəsinə daşıyıb aparırdı. 

Qeyd etmək lazımdır ki, kəlbəcərlilər yurddan ayrı düşdükləri 28 il ərzində çox ağrı-acılara tab gətirdilər. Lakin geri dönəcəklərinə olan inamı heç vaxt itirmədilər. 2020-ci ilin oktyabrın 25-də haqq-ədalət zəfər çaldı. Bu gözəl diyar Azərbaycan Ordusunun 2020-ci ilin payızında 44 günlük savaşdan sonra imzalanan üçtərəfli ­Bəyanatın tələblərinə uyğun olaraq düşməndən azad olundu.  

Kəlbəcər rayonunun işğalı Birinci Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyətlərindən biri idi. Təəssüf ki, bunun nə qədər böyük itki olduğunu ovaxtkı iqtidar anlamırdı. Hətta yanlış olaraq düşünürdülər ki, BMT Kəlbəcərə görə Ermənistanı təcavüzkar dövlət kimi cəzalandıracaq. Həyat sübut etdi ki, bu, çox sadəlövh yanaşma idi! 

Hər birimizin yaxşı yadındadır ki, düz 4 il əvvəl bu gün Kəlbəcərin azad olunması xəbərini eşidəndə böyükdən-kiçiyə hər kəsi sevinirdi. Bu müjdəni xalqa çatdıran Ali Baş Komandan, Prezident İlham Əliyev hamıdan çox xoşbəxt idi. Möhtərəm dövlət başçımız demişdir: “Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuşdur. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur... Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq”. 

Məlumdur ki, Azərbaycan dövləti, onun müzəffər lideri sözünün ağasıdır. Bu gün həqiqətən Kəlbəcər rayonu və onun kəndləri yenidən qurulur, burada bir-bi-rindən gözəl, yaraşıqlı evlər, rahat yollar, uşaq bağçaları, məktəb və mədəniyyət evləri inşa edilir. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş, 2022–2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdışa dair I Dövlət Proqramı” bu rayonda da uğurla həyata keçirilir. 

Kəlbəcəri, əlbəttə, “İstisu”suz təsəvvür etmək olmaz. Yeri gəlmişkən, Prezident İlham Əliyev 2022-ci il iyunun 26-da “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib. Qeyd olunub ki, hələ 1928-ci ildən fəaliyyət göstərən, lakin işğal dövründə yararsız hala salınan sanatoriya yeni simada tam bərpa olunacaq. Məlumat verilib ki, 34 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfəri qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır.

Bəli, bu gün Kəlbəcərin və kəlbəcərlilərin, eləcə də bütün Azərbaycanın bayramıdır. Axı, Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixili sərəncamı ilə 25 noyabr Kəlbəcər Şəhəri Günü elan edilmişdir. 

...Vətən müharibəsi qazisi Elvin Hüseynovun taleyinə ata-babasının doğma yurdundan uzaqda, Şəmkir rayonunda doğulmaq düşüb. Heç vaxt görmədiyi Kəlbəcərin həsrəti ilə erməni faşistlərinə nifrət və Vətən sevgisi ilə böyüyüb. Odur ki, 2020-ci il sentyabrın 27-də könüllü olaraq müharibəyə yollanıb. Qismətdən döyüş yolu məhz Kəlbəcər istiqamətindəki Murovdağ yüksəkliyindən keçib. 

Kəlbəcərli qazi həmin anları belə xatırlayır:

– Mən Vətənimin müsəlləh əsgəri olmağa, ona bütün varlığımla xidmət etməyə, yolunda canımı əsirgəməyəcəyimə and içmişdim. Ona görə də, döyüşlərə ürəklə, torpaqlarımızı işğal etmiş düşmənə nifrət hissi ilə atılmışdım. Üzbəüz atışmada ermənilərin atdığı əl qumbarası yanımda partladı və ağır yaralandım. Döyüş yoldaşdarım məni ön xətdən təxliyyə etdilər və müalicə olunmaq üçün Bakıya göndərildim. Yenə nə zaman lazım olsa fəxrlə, qürurla Vətən yolunda xidmət etməyə hazıram. 

Hazırda ailəsi və bir övladı ilə Gəncə şəhərindəki Yeni Kəlbəcər qəsəbəsində müvəqqəti məskunlaşmış Elvin Hüseynov  Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib, dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub. 

Elvin digər kəlbəcərlilər kimi səbirsizliklə doğma yurda qayıdacağı günü gözləyir. O gün yaxındadır, lap yaxındadır. Kəlbəcərli şair Sücaət ağır köçkünlük illərində ürək ağrısı belə yazmışdı: 

Sücaət, neyləyək baxt belə baxtdı,
Darıxma, hər şeyi həll edən vaxtdı.
Bir gün gülə-gülə qayıdacaqdır,
Ağlaya-ağlaya köçən Kəlbəcər!

Bəli, 28 il “ağlaya-ağlaya köçən Kəlbəcər” indi gülə-gülə geri qayıtmağa hazırlaşır. Bütün bunlar möhtərəm Prezidentimizin uğurlu siyasəti, sarsılmaz qətiyyəti sayəsində baş verir. Allah Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət eləsin!

Məsaim HACIXANLI,  
Mahir RƏSULOĞLU
XQ

 

Seçilən
42
xalqqazeti.az

1Mənbələr