AZ

Sijartonun “əcəl zəngi” xəbərdarlığı

Yaxud ABŞ-nin anti-Rusiya kampaniyasında yeni dünya müharibəsi ehtimalı 

Rusiya–Ukrayna müharibəsinin kəskinləşməsi, ballistik raketlərin “dilə gəlməsi” fonunda ABŞ Rusiyanın “Qazprombank”ını sanksiya siyahısına daxil edib. Bu tədbir, mahiyyətcə, Birləşmiş Ştatların Ukrayna Silahlı Qüvvələrinə verdiyi “ATACMS” raketinin təsir qüvvəsinə bərabər sayıla bilər.                                                     

Qeyd edək ki, Ukraynanın “ATACMS” vasitəsilə Rusiya ərazisini atəşə tutmasından sonra qarşı tərəf öz arsenalındakı “Oreşnik” raketini işə salıb. Bir sıra ekspertlər isə durumu Üçüncü Dünya müharibəsinin başlanması kimi qiymətləndiriblər. 

Ancaq Macarıstanın Xarici İşlər naziri Peter Sijartonun nəzərincə, bu gün Avropa ABŞ tərəfindən “zorlanmaya” məruz qalır. Özü də cənab Sijarto nəinki buna qarşı çıxır, eyni zamanda, müqavimət formalaşdırmağa çalışır. 

Ümumiyyətlə, Avropanın ənənəvi klişelərindən uzaq siyasət yeridən Macarıstan indiyədək Qərbin Rusiya–Ukrayna müharibəsindəki mövqeyinə əks münasibətini açıqlayıb. Özü də dəfələrlə. Lakin hazırda durum bir qədər fərqlidir və hər şeyi öz adı ilə çağırmaq zərurəti yaranıb. Ona görə macar nazir ABŞ üzərinə köklənmək qərarına gəlib və onun mövqeyi anlaşılandır. İstər-istəməz, sual yaranır: Nəyə görə ABŞ-nin başlıca rol oynadığı və Ukrayna vasitəsilə reallaşdırdığı anti-Rusiya kampaniyasının çətinlik yükünü, bütövlükdə, Avropa daşımalıdır? Əslində, mahiyyətcə, cənab Sijartonun da dediyi budur.          

Macar nazir bildirib ki, Birləşmiş Ştatlar Mərkəzi Avropa ölkələrinin enerji təhlükəsizliyini təhdid altına alır. İttiham, kifayət qədər, ciddidir və yerindədir. Bir halda ki, “Qazprombank” sanksiya siyasətinin təsirinə məruz qalır, deməli, Avropaya qaz nəqlində də problemlərin yaşanması mümkündür. Qarşıdan isə qış qəlir. Rusiyanın məhvinə qol çırmayan ABŞ bunu düşünmürmü? Vaşinqton Avropanın ziyanını ödəyəcəkmi? Suallara cavab yoxdur. Macar nazirin anti-ABŞ ritorikasının həm də bundan qaynaqlandığı aydındır.                              

Əlbəttə, Ağ Evdə “Qazprombank”ın sanksiya siyasəti altına düşməsinin hansı vəziyyəti formalaşdırdığını yaxşı dərk edirlər. Sadəcə olaraq, hazırda bu barədə söz açmaq, belə demək mümkünsə, dəbdə deyil. Əsas məsələ Rusiyadakı avtoritarizm kimi qələmə verilən quruluşa qarşı mübarizə aparmaqdır. Ona görə də Sijartonun dilə gətirdikləri, sanki, yerin dibindəki qapalı otaqda qışqıran birinin səsi kimi “eşidilir”. Halbuki, reallıq tam başqadır.                                                                                

Beləliklə, macar nazir onu da vurğulayıb ki, ABŞ “Qazprombank”ı sanksiya siyahısına daxil etməsi ilə, ya da qazın tranzit nəqlini dayandırmaqla, Mərkəzi Avropanın enerji təchizatının təhlükəsizliyini təhdid altına salmaq istəyirsə, bu, suverenliyə hücum kimi qiymətləndiriləcək: “Biz təzyiqlərə boyun əyməyəcəyik və milli maraqlarımızdan əl çəkməyəcəyik. “Qazprombank”ın sanksiya siyahısına əlavə edilməsi bəzi Mərkəzi Avropa ölkələrinin enerji təchizatının təhlükəsizliyini qəsdən təhdid altına almaq istəyən qərardır”.                                                                      

Macar nazir, eyni zamanda, bildirib ki, ölkəsi tərəfdaşları ilə birlikdə həll yolu üzərində işləyir: “Bu gün İstanbulda Türkiyə, Azərbaycan, Bolqarıstan və Serbiyanın energetika nazirləri ilə vəziyyəti nəzərdən keçirəcəyik. Slovak tərəfdaşlarımızla daim məsləhətləşirik. Gəlin, hərəkətlərimizi koordinasiya edək. Biz bunu bu gün İstanbulda Türkiyə, Bolqarıstan və Azərbaycanın energetika nazirləri ilə uzun müddət müzakirə etdik”.                                                                           

Məlum olduğu kimi, Azərbaycan hazırda Avropanın enerji təchizatında mühüm rol oynamaqdadır. Görünür, qarşıdakı müddətdə ölkəmizin bu ampluadakı mövqeyi daha da güclənəcək. Ancaq bununla belə, ortada ziddiyyətli durum var. Bir halda ki, ABŞ anti-Rusiya kampaniyası çərçivəsində Mərkəzi Avropanın düşəcəyi durumu təsəvvürə gətirmir, deməli, bütövlükdə qitə üçün də təhlükə qaçılmazdır. 

***

İstər-istəməz, İkinci Dünya müharibəsi dönəmini yada salmaq zərurəti yaranır. Ancaq o dövrü xatırlamazdan əvvəl Rusiya Prezidenti Vladimir Putinin vaxtilə səsləndirdiyi bir fikir üzərində dayanaq. Kreml rəhbəri illər əvvəl Qərbin, o cümlədən, ABŞ-nin Ukraynada böhran ssenarasi planlaşdırması, xüsusən, onu anti-Rusiya fəaliyyətinə təhrik etməsi fonunda ölkəsinin əks addımlarının, bütövlükdə, Avropaya təsir göstərəcəyini çox əminliklə bildirmişdi. Özü də bunu Moskvada səfərdə olan Fransa prezidenti Emmanuel Makronla mətbuat konfransı zamanı dilə gətirmiş və hətta sırf savaş ritorikası üzərində dayanaraq, təxminən, belə bir sual vermişdi: Avropa, ümumən, Fransa Rusiya ilə müharibə aparmaq istəyirmi?

Bəli, Putin Ukrayna böhranının Avropaya sıçrayacağını çox dəqiq şəkildə proqnozlaşdırmışdı. Bu gün yaşananlar, o cümlədən, “Köhnə qitə”nin Ukraynaya dəstəyi fonunda silah-sursat yardımı və Moskvanın bu yardımı göstərənlərə, necə deyərlər, barmaq silkələməsi onu deməyə əsas verir ki, qarşıdakı müddətdə Rusiya – Ukrayna müharibəsindəki eskalasiya daha da şiddətlənib əndazədən çıxsa, Avropa paytaxtları rus silahının hədəfinə tuş gələ bilər. Hadisələrin mövcud trayektoriya üzrə inkişaf edəcəyini söyləmək mümkündür. Cənab Sijartonun dili ilə desək, bunun özü də təhlükəsizlik üçün ciddi təhdiddir. 

***

Anons etdiyimiz kimi, İkinci Dünya müharibəsi dövrünə nəzər salaq və bildirək ki, ABŞ həmin vaxt müharibəyə son anda, yəni alman faşizmi keçmiş SSRİ tərəfindən sarsıdıldıqdan sonra qoşuldu. Ona qədər isə Birləşmiş Ştatlar gözləmə mövqeyində dayanmağa üstünlük verdi. Hətta, Hitler Almaniyasının sovetlər birliyini çökdürəcəyi günü gözlədi.

Lakin sovet ittifaqı duruş gətirdi və qalib oldu. Bunadək isə Avropa paytaxtları nasizmin çəkmələri altında qalaraq inlədilər, ciddi ziyan gördülər. İndi Rusiya, sanki, faşist Almaniyası kimi təqdim edilir və yenə qitənin, bilavasitə, müharibə ilə üzləşmə təhlükəsi yaranıb. Bu təhlükə fonunda yenidən İkinci Dünya müharibəsi zamanına, daha doğrusu, ondan sonraya ekskurs edərək yada salaq ki, həmin vaxt Avropa ABŞ-nin “Marşal planı” ilə yenidən ayağa qalxmağa müvəffəq oldu. Bu, qitəni Birləşmiş Ştatlardan asılı hala gətirdi.

Hazırda yaşananlara diqqət yetirsək, tarixin təkrarlanma perspektivi barədə söz aça bilərik. Görəsən, ABŞ-yə yenidən Avropanın viran qalması lazımdır?! Görünür, lazımdır. Çünki ötən əsrdə kommunizmlə mübarizə adı altında SSRİ-ni sarsıtmaq barədə düşünülürdüsə və faktiki olaraq faşizm ideologiyasına vüsət verilməsi buna görə idisə, indi hədəf Rusiyadır. Avropa isə böyük oyunda alətdir. Əslində, Macarıstanın Xarici İşlər naziri Sijarto həm də bunu deyirdi. Nəzərə alaq ki, Hitler Almaniyasının hərəkətləri sayəsində Avropanın bir çox dövlətləri viran olduqları kimi, suverenliklərini də itirmişdilər. Saysız-hesabsız insan tələfatları da öz yerində.

Sonda daha bir məsələnin üzərində dayanaq. Görəsən, İkinci Dünya müharibəsində SSRİ deyil, faşist Almaniyası qələbə qazansaydı, Birləşmiş Ştatlar Avropanın dirçəldilməsinə yardım göstərəcəkdimi? Axı yardım elə-belədən edilmirdi. Məqsəd “Köhnə qitə”ni SSRİ-yə qarşı mübarizədə möhkəm saxlamaq idi. Avropa möhkəmləndi və “soyuq müharibə” ilə sovetlər birliyinin çökməsində ideoloji rol oynadı. Ən azından, o dövrdə tətbiq edilən sosial inkişaf modelləri nəticəsində kommunizmin qitəyə ayaq açması əngəlləndi.

Deməli, Üçüncü Dünya müharibəsi təhlükəsinin aktuallaşdığı və Avropanın yenidən xarabazara çevriləcəyi təqdirdə, Rusiyanın qalibiyyəti və məğlubiyyəti prizmasını nəzərdən keçirsək, birinci durum daha sərfəli görünür. O səbəbdən ki, bəşəriyyət Vaşinqtonun boş yerə əlini cibinə atmasına şahidlik etməyib. Rusiyanın məğlubiyyəti baş versə, bu zaman gedişatın Avropa üçün “Pirr qələbəsi” xarakteri daşıyacağı birmənalıdır. Çünki Moskvanın döyüşsüz təslim olmayacağı birmənalıdır. Belədə sual yaranır: Birləşmiş Ştatlar yenidən viran qalacaq Avropanı bir daha dirçəltmək istəyəcəkmi?

Əvəz CAHANGİROĞLU
XQ

                

Seçilən
18
xalqqazeti.az

1Mənbələr