Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ölkəmiz adına uğurlu və tarixi nəticələr qeydə alındı.
Tədbirin bu gün keçirilən bağlanış plenar iclasında COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür edilməsi barədə qətnamə layihəsi qəbul olundu. Həmçinin Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi. Bununla yanaşı, COP29-da inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, az inkişaf etmiş və Afrika dövlətlərinin səbirsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olunub.
Lakin inkişaf etməkdə olan ölkələr, ada dövlətləri və az inkişaf etmiş ölkələr üçün illik təklif edilən maliyyə məbləği ilə bağlı hələ ki, yekun nəticə yoxdur. 2035-ci ilə qədər ildə 300 milyard ABŞ dolları məbləğində vəsait illik hədəf kimi təklif edilsə də bu, həmin qəbildən olan ölkələrin nümayəndələri tərəfindən etirazla qarşılanır.
AZƏRTAC-ın əməkdaşları iqlim maliyyəsi ilə bağlı qərarların açıqlanacağı müddətdə xarici media orqanlarının əməkdaşları ilə həmsöhbət olub.
İqlim maliyyəsi ilə bağlı optimist düşüncələr olmasa da, ümid itirilmir...
İlk dəfə COP tədbirində iştirak edən "Haber Global"ın müxbiri Murat Karataş COP29-un təşkilatçılığından məmnunluğunu ifadə edib: "Xüsusilə media nümayəndələri üçün yaradılan şərait çox yaxşı idi. Media mərkəzi bizim ehtiyaclarımızı ödəmək imkanına malik idi. COP29 məkanına gəlmək üçün xüsusi nəqliyyat ayrılması təqdirəlayiqdir".
O, iqlim maliyyəsi məsələsi ilə bağlı da fikirlərini bölüşərək çox optimist olmadığını dilə gətirib: "Danışıqlar hələ də davam edir. İnkişaf etmiş ölkələr pul verməyə hazır deyil. İnkişaf etmiş ölkələr hələ də pul tələb edir. Bu məsələdə orta yol tapmağa cəhd edilir. Ona görə də bu saata qədər müzakirələr davam edir. Danışıqlar başa çatanda çox yaxşı nəticələrin olacağını düşünmürəm. Bunlar çox çətin danışıqlardır.
Ölkələr ən qısa zamanda sıfır emissiyaya doğru hərəkət etməlidir. Türkiyə 2053-cü ilə qədər sıfır emissiya hədəfinə nail olmağı bəyan edib. Ümid edir və inanırıq ki, Türkiyənin müəyyən etdiyi yol xəritəsi reallaşacaq və ən qısa zamanda sıfır emissiyaya keçəcəyik. Türkiyə inkişaf etməkdə olan ölkədir. İnkişaf etmiş ölkələr də bununla ayaqlaşmalıdır.
Əgər ümidimizi kəsib yerində dayansaq, dünya çirklənməkdə davam edəcək, odur ki, çalışmaq lazımdır.
Hazırda Azərbaycanın ən böyük hədəfi Qarabağı bərpa etməkdir. Qarabağ sıfır emissiya hədəfi ilə yenidən qurulur. Əslində, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə sahəsində öz üzərinə düşəni edir. Mən Zəngilan rayonunun Ağalı kəndinə səfər etmişəm. Çox gözəl yerdir. Yaşıl enerji siyasəti Qarabağda həyata keçirilir. Belə bir sual yaranır: Qarabağ kifayətdirmi? Əlbəttə yox. Təbii ki, bütün Azərbaycan yaşıl enerjiyə, sıfır emissiyaya keçəcək. Ancaq bu, uzun müddət çəkəcək. Türkiyə də 2053-cü ilə qədər öz hədəfinə nail olmağı qarşısına qoyub. Bunlar çox uzunmüddətli hədəflər olsa da əsas odur ki, həyata keçsin. Zənnimcə, sıfır emissiyaya keçidə Qarabağdan başlayan Azərbaycan bunu zamanla ölkənin hər yerində tətbiq edəcək.
İspaniyanın milli radiosunun əməkdaşı Roza Mariya Basteyro Xil isə bunları deyib: "Artıq dördüncü dəfədir ki, COP tədbirlərində iştirak edirəm. COP29-dan gözləntilərim bundan ibarətdir ki, tərəflər iqlim maliyyəsi üzrə konsensusa gəlsinlər. Zənnimcə, qalıq yanacaqlardan istifadənin azaldılması iqlim fəaliyyəti üçün olduqca zəruridir".
Birləşmiş Krallığın "Inside Story" onlayn jurnalının nümayəndəsi Maykl Ceykobsun isə COP tədbirləri ilə bağlı kifayət qədər təcrübəsi var: "Mən COP konfranslarında 2007-ci ildən başlayaraq iştirak edirəm. Məlum faktdır ki, COP konfransları ikinci həftənin cümə günlərində bitməlidir, halbuki heç zaman vaxtında yekunlaşmır.
Hər kəs iqlim maliyyəsi və öhdəliklərlə bağlı razılıq əldə olunmasını istəyir. Bütün ölkələr bilir ki, razılığın əldə olunmaması dəhşətli bir hala gətirib çıxaracaq.
Bu xüsusda iqlim maliyyəsi üzrə ortaq məxrəcə gəlmək olduqca zəruridir".
Göründüyü kimi, hər kəs uzanan danışıqlar prosesindən istənilən nəticənin əldə olunacağını gözləməsə də, naümid olmaq istəmir. Ev sahibi olaraq isə biz Bakının bu sahədə də uğura imza atacağını səbirsizliklə gözləyirik. İqlim maliyyəsi ilə bağlı nəticə ürəkaçan olmasa belə, yenə də ən yüksək səviyyədə təşkilatçılığa və tarixi qərarlara görə fərqləndiyimizi fəxrlə qeyd edə və qürur duya bilərik.