Gürcüstanın 21 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Sportinfo.az xəbər verir ki, qonşu ölkənin seçməsi buna Xorvatiya millisinə qalib gəlməklə nail olub.
Səfər görüşünün əsas vaxtı meydan sahiblərinin üstünlüyü ilə başa çatıb - 3:2. Gürcülər ev oyununda rəqibini məğlub etdiyi (1:0) üçün ümumi hesab (3:3) bərabərləşib.
Əlavə vaxtda qapılara qol vurulmadığından qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq (7:6) oynayan qonaqlar final mərhələsində iştirak hüququ əldə ediblər.
U-21 Avropa çempionatı 2025-ci il iyunun 11-dən 28-dək Slovakiyada keçiriləcək.
Gürcüstanın U-21 yığmasının baş məşqçisi 2015-2017-ci illərdə Azərbaycanda "Keşlə" (indiki "Şamaxı") klubunda işləmiş Ramaz Svanadzedir. Onun köməkçilərindən biri isə “Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu Giorgi Adamiyadır.