COP29-da əldə olunmuş razılaşma iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyur.
Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin bəyanatında bildirilib.
O bildirib ki, COP29-da əldə olunan razılaşma qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədini qorumaq üçün həyati əhəmiyyət daşıyır.
"Ölkələr vəzifənin öhdəsindən gəldi. Mən maliyyələşdirmə və yumşaldılmada daha iddialı nəticələrə ümid edirdim, lakin bu razılaşma gələcək fəaliyyət üçün möhkəm əsas verir. Mən hökumətləri bunu təcili şəkildə etməyə çağırıram”, - BMT Baş katibi qeyd edib.
O qonaqpərvərliyə görə Azərbaycan hökumətinə, COP29 prezidenti Muxtar Babayev və onun komandasına göstərdikləri gərgin əməyə görə təşəkkür edib.
"Tərəfləri maksimum ambisiyaya və ədalətə sövq etmək üçün Bakıya gələn bütün nümayəndələrə, gənclərə, vətəndaş cəmiyyəti nümayəndələrinə təşəkkürümü bildirirəm. Müraciətimi onlara birbaşa ünvanlanmış mesajla bitirirəm. Həmin ruhda davam edin. Birləşmiş Millətlər Təşkilatı sizinlədir. Mübarizəmiz davam edir. Biz heç vaxt təslim olmayacağıq", - A.Quttereş qeyd edib.