AZ

Ölümsüzlük iksiri...

Dəfnə yarpağının faydaları

Xalq təbabətində və Şərq mətbəxində geniş istifadə olunan dəfnə yarpağının insan orqanizminə faydaları çoxdur. Dəfnə yarpağından müxtəlif yeməklərin, turşu və kompot, tomat və şərbətlərin hazırlanmasında istifadə olunur. Antioksidant, analgetik, iltihab əleyhinə xüsusiyyətlərə sahib olan dəfnə yarpağı kosmetika sektorunda da olduqca uğurlu təsirlərə malikdir. Belə ki, dəfnə yarpağı krem, sabun və şampun kimi məhsulların xam maddəsidir.  Qeyd edək ki, dəfnə həmişəyaşıl ağacdır, yazda və qışda yarpağını tökür. Qədim Elladada Olimpiya Oyunları zamanı qalib idmançılar dəfnə yarpağından hörülmüş çələnglə mükafatlandırılırdılar. Dəfnə ağacı hər mövsümdə yaşıl qaldığı üçün Antik Yunan-Roma mədəniyyətində ölümsüzlük iksiri kimi qəbul edilib.

Saymaqla bitməz...

Dəfnə yarpağının çayı tənəffüs sisteminin üst orqanları xəstəliklərində istifadə olunur. Yüksək analgetik (ağrıkəsici) xüsusiyyəti olan dəfnə boğaz infeksiyalarına səbəb olan hüceyrələri azaldır və bəlğəmsökücüdür.

Ətirli yarpaqlar şoraba, turşu, balıq və ətli xörəklərə xoş qoxu verir. Yeməklərdə dəfnə yarpağından istifadə olunması mədə-bağırsağa xeyirlidir. Dəfnə meyvələrindən əldə edilən yağ antiseptik xüsusiyyətə malikdir. Dəfnə yağı mikroböldürücü, sidikqovucu, tərlədici, spazmgötürücü və ağrıkəsici təsir göstərir. Onun saç tökülməsinə qarşı istifadə edilməsi tükləri möhkəmlədir, kəpəklənməni azaldır, saçlara yumşaqlıq və parlaqlıq verir. Dəri xəstəlikləri zamanı da həmin yağdan istifadə olunması faydalıdır.

Dəfnə yarpaqlarından hazırlanan sabunlar antiseptik və nəmləndirici təsirə malik olduğundan saçda göbələk əmələ gəlməsinə mane olur, saç diblərindəki məsamələri açır və tüklərin bərpasına kömək edir. Onun yarpaqları şəkərli diabet xəstəliyinə də xeyirlidir, qurudulmuş dəfnə yarpağı ilə təzəsinin arasında fərq yoxdur, tərkibcə eyni olur. Yarpaq xlorofillə zəngindir, tərkibində efir yağları, üzvi turşular çoxdur. Ağızda stomatitlər zamanı dəfnə yarpağı çeynəmək çox səmərəlidir. Sızanaqlardan xilas olmaq üçün dəfnənin antiseptik təsirindən istifadə olunması faydalı nəticələr verir.

Rituallar zamanı da istifadə olunur

Qədimdə dəfnə yarpaqları uzun müddət müxtəlif rituallarda istifadə edilən sehrli bir maddə sayılıb. Dəfnə yarpağı evə xoşbəxtlik və müvəffəqiyyət gətirir. Dəfnə yarpaqları sərvət cəlb edilməsinə də kömək edir. Evə var-dövlət cəlb etmək üçün bir çox sadə və çox effektiv rituallar var. Məsələn, ezoteriklər hesab edir ki, pəncərənin yaxınlığında bir dəfnə ağacı qoymaq evə sərvət cəlb edir. Dəfnə ağacının təsirini artırmaq üçün yanına bir neçə zənginlik rəmzi sayılan əşyalar qoyun: zinət əşyası, pulqabı və s.

Yaxud da bir neçə dəfnə yarpağını pul kisəsinin ayrı bir cibində saxlayaraq pul cəlb edə bilərsiniz. Axşam isə bir ədəd dəfnə yarpağını yandırıb tüstünün ətrafa yayılması lazımdır. Bu, bəd-nəzərdən, pis auralardan qorunmağa köməklik edir.

Seçilən
33
yeniazerbaycan.com

1Mənbələr