AZ

Bioloq: Yulğun kollarının şoranlaşmış ərazilərdə əkini oksigen bolluğuna səbəb ola bilər   

Şoranlaşmış ərazilərdə yulğun bitkisinin əkilməsi və genişləndirilməsi əhəmiyyətli dərəcədə yarımsəhra zonasının gözəlləşməsinə və isti iqlim şəraitində oksigen bolluğuna səbəb olar.

Bu sözləri bioloq Vidadi Məmmədov “Report”un Muğan bürosuna deyib.

O, qeyd edib ki, Kür-Araz boyunca uzanan Tuqay meşələrinin ən çox geniş yayılmış bitkilərindən biri də yulğun kollarıdır. Yulğun kol bitkisi olsa da Kür-Araz boyu Tuqay meşələrində ağac kimi şaxələnərək boyu 6-8 metrə çata bilir.

Onun sözlərinə görə, yulğun bitkisi iqlimi quraq və torpaqları şoran olan ərazilərdə çox asanlıqla inkişaf edir: “Hər bitki bu xüsusiyyətə malik deyil. Yulğun yarımsəhra iqlim şəraitinə uyğunlaşır və zonanın hakiminə çevrilir. Suvarma və drenaj kanalları boyunca yayılmış yarımsəhra bitkisinin bir çox xüsusiyyətləri mövcuddur. Belə ki, bu bitkinin nəm olmasına baxmayaraq, çox yaxşı yanma qabiliyyəti var. Bunun səbəbi onun yağlı olmasıdır. Bu da həmçinin yulğunun gec çürüməsinə səbəb olur.

Eyni zamanda yulğunun oduncağı möhkəm və keyfiyyətlidir. Buna görə də mebel sənayesində istifadə edilməsi yaxşı qazanc gətirə bilər. Yarımsəhrada bu bitki həm heyvanlar üçün, həm də quşlar üçün əsl sığınacaq yeridir. Xüsusən qırqovul və turac kimi adı “Qırmızı kitab”a düşmüş quşların”.

V.Məmmədov qeyd edib ki, bir zamanlar yaylaq gəzən babalarımız yulğundan koma tikərdilər: “Çobanların əl ağacları da yulğundan olardı. Həmçinin çöl şəraitində ondan ağcaqanadları qovmaq üçün də istifadə edilirdi. Türk xalqlarının müqəddəs bitkisi yovşan olduğu kimi, yarımsəhra bitkisi olan yulğun da tərəkəmələrin əsas həyat bitkisinə çevrilib. Eyni zamanda bəzi bitkilərdən fərqli olaraq heç bir qulluq tələb etmir. Bu baxımdan şoranlaşmış ərazilərdə yulğun bitkisinin əkilməsi və genişləndirilməsi əhəmiyyətli dərəcədə yarımsəhra zonasının gözəlləşməsinə və isti iqlim şəraitində oksigen bolluğuna səbəb olar. Habelə bütün növ heyvan və quşların çoxalmasına səbəb ola bilər”.

Mütəxəssis həmçinin bildirib ki, yulğun bikisi bütün bitkilər kimi tibbi cəhətdən də əhəmiyyətlidir:

“Bu bitkinin yarpaqları iynəyə oxşasa da lakin iynəyarpaqlar fəsiləsinə aid deyil, çiçəkləri qərənfilə oxşadığı üçün qərənfilçiçəklilər fəsiləsinə aiddir. Ağciyər xəstəlikləri zamanı yarpaqlarından istifadə edilir”.

V.Məmmədov həmçinin qeyd edib ki, səhra zonasının əsas bitkisi olan saksaul da qərənfilçiçəklilər fəsiləsinə aiddir: “Belə ki, ərəb ölkələrində saksauldan meşə massivi salınaraq, səhranın mənzərəsini dəyişir, qum fırtınalarının qabağı alınır, eləcə də heyvandarlıq inkişaf edir. Belə bir layihənin ölkəmizdə də tətbiqi çox yaxşı olardı”.

Qeyd edək ki, bu bitkiyə Biləsuvar rayonunun suvarma, drenaj kanalları boyunca, Mahmudçala su-bataqlıq sisteminin ətrafı, eləcə də Bolqarçay çayı boyunca, habelə digər ərazilərdə tez-tez rast gəlinir.

Seçilən
11
2
far.az

3Mənbələr