AZ

COP29 uğurla YEKUNLAŞDI: Tarixi nailiyyətlər və beynəlxalq çağırışlar

Azərbaycanın ev sahibliyi etdiyi COP29 sammiti qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizədə mühüm bir mərhələ oldu. Bu tədbir həm təşkilatçılıq, həm iştirak baxımından tarixi hadisə kimi yadda qaldı. Ancaq sammit Qərb ölkələrinin, xüsusilə ABŞ və Avropa İttifaqının (Aİ), maliyyə öhdəliklərindən yayınmaq cəhdləri və siyasi gərginliklər ilə də müşayiət olundu.

Belə ki, COP29 sammiti ərəfəsində ABŞ-dəki Bayden administrasiyası və Avropa İttifaqı əlaqəli şəkildə müzakirələri əsas hədəfdən yayındırmağa çalışdı. Bu isə iqlim dəyişikliyinə qarşı mübarizədə maliyyə öhdəliklərinin müəyyən edilməməsi üçün süni maneələrin yaradılması ilə özünü göstərdi. Bayden administrasiyası, xüsusilə daxili siyasətdə yaranan gərginliklər və yeni seçilmiş prezident Donald Trampa problemli bir irs qoymaq məqsədilə sammitdə qlobal liderlikdən yayınan mövqe sərgilədi.

Avropa İttifaqı isə bu məsələdə fərqli bir yanaşma göstərmədi. Aİ-nin lideri Ursula fon der Lyayen Bayden administrasiyası ilə razılaşdırılmış şəkildə Avropa İttifaqının iqlim dəyişikliyi ilə mübarizəyə daha az maliyyə ayırma qərarını prioritet hesab etdi. Bu siyasət nəticəsində xanım fon der Lyayen Bakıya səfər etmədi və sammitə birbaşa qatılmaqdan yayınaraq, məsuliyyəti başqalarına ötürdü.

Burada ən qəribəsi isə odur ki, COP29-da Aİ-ni təmsil edən Almaniyanın xarici işlər naziri Annalena Berbok diqqəti iqlim dəyişikliyindən yayındıraraq, insan haqları məsələlərinə yönəltdi. Onun Azərbaycandakı müxalifət nümayəndələri və Qərbin fəal şəbəkələri ilə görüşməsi sammitin əsas müzakirələrinə kölgə salmaq cəhdi daşıyırdı. COP29-un son günündə isə Aİ nümayəndələrinin yaratdığı gərginliklər müzakirə prosesini ləngitdi və beynəlxalq ictimaiyyətdə tənqidlərə səbəb oldu.

Lakin bütün maneələrə baxmayaraq, Azərbaycan COP29 çərçivəsində beynəlxalq ictimaiyyəti razılaşma əldə etməyə sövq edə bildi. Eləcə də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında kompromis nəticəsində 300 milyard dollar maliyyə hədəfi müəyyən edildi. Bu tarixi razılaşma həm Azərbaycanın yüksək səviyyəli təşkilatçılıq qabiliyyətini, həm də onun qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizədə vacib aktor kimi mövqeyini bir daha nümayiş etdirdi.

Qısacası, COP29 Azərbaycanın yüksək təşkilatçılığı ilə yadda qaldı. İqlim dəyişikliyinə qarşı mübarizədə konkret maliyyə hədəflərinin müəyyən edilməsi və beynəlxalq ictimaiyyətin əməkdaşlıq ruhunda fəaliyyət göstərməsi Azərbaycanın uğurlu diplomatiyasının nəticəsidir. Bu sammit Azərbaycanın iqlim məsələlərində liderliyini və beynəlxalq miqyasda artan nüfuzunu təsdiq etdi.

Onu da söyləmək yerinə düşər ki, COP29 sammiti iqlim dəyişikliyi ilə mübarizə üçün mühüm bir platforma olmaqla yanaşı, beynəlxalq siyasətdəki gərginlikləri də üzə çıxardı. Azərbaycanın bu sammitdəki uğurları həm regional, həm də qlobal miqyasda iqlim dəyişikliklərinə qarşı mübarizəyə ciddi töhfə verdi. Qərb ölkələrinin məsuliyyətdən yayınma cəhdlərinə baxmayaraq, əldə edilən razılaşma dünya ictimaiyyətinə ümid verdi. Bu tarixi tədbir iqlim dəyişiklikləri ilə mübarizədə bir dönüş nöqtəsi kimi xatırlanacaq.

Rafi Müslümov

Seçilən
17
yenicag.az

1Mənbələr