Hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşan Şəmkir təmsilçisi liqanın iddialılarından sayılır.
Görəsən, klub rəhbərliyi niyə məhz Nadirovu seçib?
“Şəmkir”in prezidenti Vüsal Məmmədov qəzetimizə açıqlamasında yeni baş məşqçi təyinatından və qarşıya qoyulmuş hədəflərdən söz açdı:
“Vüqar müəllimlə köhnə dostuq. İstədiyimiz Vüqar müəllim idi, onu da gətirmişik. Danşıqlarımız bir neçə gün ərzində baş tutdu. Ayrılandan sonra görüşüb söhbətləşdik və klubun “sükanı arxasına” keçəcəyinə razılaşdıq. Onunla vaxtilə birgə futbol oynamışıq. Yəni köhnədən münasibətlərimiz yaxşıdı. Qarşıdaki hədəf ən azı ilk "üçlük"də yer almaqdı. Nadirova inanırıq. Maddi vəziyyətimiz də yaxşıdı. Hər şeyi Vüqarın ixtiyarına buraxmışıq. İstədiyi futbolçunu gətirə bilər, gətirəcək də. Yəni büdcəmiz də bu şeyləri etməyə bizə icazə verir”.
Klub rəhbəri stadionun pis durumda olmasına da münasibət bildirdi:
“Meydança ilə bağlı da işlər gedir. Nazirliyin balansındadı, bizlik deyil. Bilirsiz ki, Şəmkir İdman Kompleksində oynayırıq, şəhər stadionu deyil. Oranı ən azı təmir etmək fikrimiz var. Danışıqlarımız müsbət nəticələnərsə, yəqin ki, qış fasiləsində təmir aparılacaq. Fasilənin dəyərləndirmək istəyirik. Cəmi 4 tur qalıb. Sadəcə, COP ilə bağlı qarışıqlıqdı deyə, cavab gecikir. Səbirli olub gözləyirik. Hər şey düşündüyümüz kimi gedərsə, fasilədən sonra yenilənmiş stadionda oynayacağıq”.
RÖYANƏ OĞUZ