“Barselona”nın baş məşqçisi Hansi Flik La Liqanın 14-cü turunun “Selta” ilə səfər oyunundakı xal itkisinə (2:2) aydınlıq gətirib.
Arena.az xatırladır ki, Kataloniya təmsilçisi 2:0 hesabıyla öndə olduğu bu oyunun son dəqiqələrində buraxdığı qollar nəticəsində 1 xalla kifayətlənib – 2:2.
Alman mütəxəss heç-heçədən sonra komandasının çıxışını sərt tənqid edib. O bildirib ki, oyun keyfiyyətcə zəif olub və çoxlu səhvlərlə müşayiət olunub. Hans-Diter Flik xüsusilə matçın son dəqiqələrində iki qolu buraxaraq üstünlüklərini itirdikləri üçün narazılığını ifadə edib. O, həmçinin qeyd edib ki, belə nəticələr La Liqa çempionluğu yolunda ciddi maneədir və komanda gələcəkdə daha intizamlı və peşəkar oynamalıdır:
“Bu gün meydanda göstərilən performans qaneedici deyildi. Həm fərdi, həm də kollektiv səviyyədə çoxlu səhvlər etdik. Komanda bu cür oyunu davam etdirərsə, çempionluq iddiasında olmağımız çətinləşəcək. Gələcəkdə daha diqqətli olmalı və üstünlüyümüzü qorumağı öyrənməliyik.
Son dəqiqələrdə üstünlüyü əldən vermək tamamilə qəbuledilməzdir. Oyunumuzda ciddilik və ardıcıllıq çatışmırdı. Çempionluq mübarizəsində belə səhvlərə yer yoxdur. Nəticə komanda olaraq bizi daha güclü və intizamlı olmağa məcbur etməlidir”.
Hansi Flik, həmçinin, hər bir oyunçunun məsuliyyətini dərk etməli olduğunu vurğulayıb.
Qeyd edək ki, “Barselona” bu heç-heçəyə rəğmən, 14 turdan sonra 34 xalla İspaniya La Liqasına liderlik etməkdə davam edir. Kataloniya təmsilçisi 29 xalı olan “Atletiko” təqib edir. 18 xal toplamış “Selta” isə La Liqanın yarış cədvəlində 11-ci pillədə qərarlaşıb.