Millətlər Liqasının qrup mərhələsi başa çatıb.
İdman.biz xəbər verir ki, növbəti uğursuzluğunu yaşayan Azərbaycan millisi C liqasının 1-ci qrupunda sonuncu yeri tutub.
D liqasına yuvarlanan komandamız turnirdə 6 oyun keçirib. Qələbə əldə olunmadığı görüşlərdə baş məşqçi Fernandu Santuş 28 futbolçuya güvənib.
Santuşun “beşliy”i
Azərbaycan millisinin turnirdəki matçlarında əvəzolunmaz futbolçu olmayıb. Heç bir oyunçu 6 görüşdə 540 dəqiqə oynamayıb. Amma Santuş sərəncamındakı 5 futbolçuya bütün qarşılaşmalarda şans verib. Toral Bayramov, Aleksey İsayev, Bədavi Hüseynov, Ramil Şeydayev və Abbas Hüseynov Millətlər Liqasının 6 turunda da qələbəsizliyə üzülənlərdən olublar. Toral dəqiqə baxımından komanda yoldaşlarını qabaqlayıb. O, 494 dəqiqə meydanda olmaqla Santuşun ən çox güvəndiyi simadır.
Bombardir
“Dişsiz” futbol göstərən millimiz 6 oyunda vur-tut 3 qola imza atıb. Bu toplar iki futbolçunun hesabındadır. Daha çox – 2 qola imza atan Toral Bayramov yığmamızın Millətlər Liqasındakı bombardiri olub. Digər qola Renat Dadaşov imza atıb.
Cəza olmasaydı...
İki futbolçu keçirdiyi oyunlardakı əvəzolunmazlığı ilə diqqət çəkir. Elvin Cəfərquliyev 5 görüşün hərəsində 90 dəqiqə meydanda olub. Onun son turda da əvəzolunmaz qalmasına cəzalı duruma düşməsi səbəb olub. 2-ci sarı vərəqə Elvinin İsveçə yolunu bağlayıb.
İki qapıçı
Qapıçılardan Mehdi Cənnətov 4 matçda əvəzolunmadan meydanda olub. 11 top buraxan qolkiperi son turlarda Rza Cəfərov əvəzləyib. O, ilk görüşünü quru keçirsə də, İsveçdə 6 top buraxıb. Onun qol buramadığı qarşılaşma yığmamızın yeganə quru oyunu olub.
Cəzası “batanlar”
Sarı vərəqə üzündən cəzalı duruma düşən yeganə futbolçumuz Elvin Cəfərquliyev xəbərdarlıq sayında yeganə antirekordçumuz deyil. Daha iki futbolçu 2 sarı vərəqə ilə cəzalanıb. Bunlar Toral Bayramovla Amin Seydiyevdir. Amma onlar 2-ci xəbərdarlığı son turda alıblar. Bu üzdən onlar cəzalı duruma düşməyiblər. Bir sözlə, cütlüyün cəzası “batıb”. Amma Elvin kimi Mahir Emreli də cəzalı durumla üzləşib. Hücumçumuz ikinci sarı vərəqəyə görə aldığı qırmızı vərəqə üzündən bir matç buraxıb.
Yalnız 12-si
Santuşun Millətlər Liqasında güvəndiyi 28 futbolçudan 12-si oyunların yarıdan çoxunda iştirak edib. Söhbət ən azı 4 dəfə meydana çıxanlardan gedir. Digər 16 oyunçu daha az şans qazanıb. Beş futbolçu isə yalnız bir dəfə şans qazanıb. Turnir ərzində yalnız iki futbolçu millidə debüt edib. Vadim Abdullayevlə Zamiq Əliyev hərəyə bir matçda Santuşun etimadını qazanıb.
Qeyd edək ki, yığmamız 6 qarşılaşmada 1 heç-heçə edib, 5 dəfə uduzub.
Futbolçu | O | D | Q | SV | QV |
Toral Bayramov | 6 | 494 | 2 | 2 | 0 |
Aleksey İsayev | 6 | 478 | 0 | 0 | 0 |
Bədavi Hüseynov | 6 | 475 | 0 | 0 | 0 |
Ramil Şeydayev | 6 | 429 | 0 | 0 | 0 |
Abbas Hüseynov | 6 | 343 | 0 | 0 | 0 |
Elvin Cəfərquliyev | 5 | 450 | 0 | 2 | 0 |
Coşqun Diniyev | 5 | 331 | 0 | 1 | 0 |
Ceyhun Nuriyev | 5 | 225 | 0 | 0 | 0 |
Mehdi Cənnətov | 4 | 360 | -11 | 1 | 0 |
Renat Dadaşov | 4 | 276 | 1 | 1 | 0 |
Rahil Məmmədov | 4 | 275 | 0 | 0 | 0 |
Ozan Can Kökçü | 4 | 193 | 0 | 1 | 0 |
Bəhlul Mustafazadə | 3 | 265 | 0 | 1 | 0 |
Anton Krivotsyuk | 3 | 225 | 0 | 1 | 0 |
Mahir Emreli | 3 | 188 | 0 | 0 | 1 |
Emin Mahmudov | 3 | 128 | 0 | 0 | 0 |
Amin Seydiyev | 3 | 100 | 0 | 2 | 0 |
Nəriman Axundzadə | 3 | 72 | 0 | 0 | 0 |
Rza Cəfərov | 2 | 180 | -6 | 0 | 0 |
Musa Qurbanlı | 2 | 117 | 0 | 0 | 0 |
Qismət Alıyev | 2 | 97 | 0 | 1 | 0 |
Elvin Camalov | 2 | 85 | 0 | 0 | 0 |
Rüstəm Əhmədzadə | 2 | 22 | 0 | 0 | 0 |
Emil Mustafayev | 1 | 45 | 0 | 0 | 0 |
Zamiq Əliyev | 1 | 45 | 0 | 0 | 0 |
Şəhriyar Əliyev | 1 | 20 | 0 | 1 | 0 |
Vadim Abdullayev | 1 | 2 | 0 | 0 | 0 |
Xəyal Nəcəfov | 1 | 2 | 0 | 0 | 0 |
Vüqar Xeyrullayev
İdman.biz