AZ

Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir


COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkədəki rəsmi hesablarında bildirib.

"Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək.

Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq.

Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu.

"Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik.

Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu.

Bakı COP-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Biz, həmçinin karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olduq.

Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək.

Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək. Mən COP29-a gedən yolda Azərbaycana göstərdikləri dəstəyə görə bütün Tərəflərə, Birləşmiş Millətlər Təşkilatına və UNFCCC-yə minnətdarlığımı bildirirəm", - paylaşımda qeyd edilir.

 

Image


Seçilən
12
38
nuh.az

10Mənbələr