AZ

Mahirin göz yaşları və ya bizim bir yolumuz var… - KÖŞƏ

Problem təkcə Azərbaycan millisinin İsveçdə “kötəklənməsi”, qapımıza 6 cavabsız top vurulması deyil. Biz onsuz da belə məğlubiyyətləri çox görmüşük. Biz elə bu cür məğlubiyyətləri görə-görə böyümüşük, yaşa dolmuşuq.

İndi də övladlarımız bu məğlubiyyətləri görür, hamımız birlikdə öyrəncəli oluruq. İsveçdəki oyundan sonra da ağlayan təkcə Mahir Emreli deyildi. Minlərlə azərbaycanlı göz yaşlarını çətinliklə saxlayırdı, qəlbimizdən qara qanlar axırdı. Amma neyləmək olar, əlimizdən heç nə gəlmir. Biz illərdi Azərbaycan futbolunun problemlərini də, o problemlərin həlli yollarını da yazırıq. AFFA-nın yeni rəhbərliyi də köhnə rəhbərliyi kimi doğru yolu müəyyənləşdirib, onunla addımlamaq istəmir.

Bir müddət əvvəl AFFA prezidenti Rövşən Nəcəf idman mətbuatının nümayəndələri ilə görüş keçirirdi. O görüşün iştirakçılarıdan biri də mən idi. Sözümü AFFA prezidentinə demək, səsimi eşitdirmək fürsətini qaçırmadım. AFFA prezidentinə müraciət etdim ki, idman jurnalistlərinə hörmət qoymaq istəyirlərsə onlara maddi dəstək ayırmaqla, yaxud da onları xarici səfərlərə aparmaqla kifayətlənməyin. İdman jurnalistlərinə ən böyük hörmət onların sözlərini eşitmək, fikirlərinə hörmət göstərmək, tənqidlərindən nəticə çıxarmaqdı. Təəssüf ki, bizim AFFA-nın mətbuatda əlaqələrində ən böyük çatışmazlıq məhz bu məqamdı, AFFA mətbuatda yazılan tənqidləri vecinə almır, illərini bu sahəyə vermiş qələm sahiblərinin təkliflərini qulaqardına vurur. Bu laqeydliyin də nəticəsində səhvlər davam edir. Prinsipcə AFFA-nın yeni rəhbərliyi də elə köhnələrin yoluyla gedir, onların buraxdığı səhvləri təkrarlayır. Buna görə də Azərbaycan futbolu batmaqda davam edir.

Hamını düşündürən bir sual var: Azərbaycan futbolunun Fernando Santuşa nə ehtiyacı var idi? Nə üçün milli komandaya əcnəbilərin təyinatı effekt verməsə də, heç nəyi dəyişməsə də, AFFA əcnəbi sevdasından əl çəkmir, millinin “sükanı arxasında” gəlmə məşqçilər bir-birini əvəzləyir?! Bu suala AFFA-nın rəhbərliyində təmsil olunanlardan heç biri tutarlı, məntiqli cavab verə bilməz. Diqqət yetirin, portuqaliyalı mütəxəssisə heç sabit bir tərcüməçi də tapılmayıb. Əvvəlcə “Qarabağ”da çalışan Elvar Quliyev Santuşun iştirakıyla keçirilən mətbuat konfranslarında tərcüməçi kimi iştirak edirdi. Sonradan başqa bir nəfəri bu statusda gördük.

Sonuncu toplanışda və oyunlar zamanı isə tərcüməçi “Neftçi”də çalışan Vüqar Əliyev idi. Hər dəfə bir tərcüməçinin Santuşun yanında yer alması xırda nüans kimi görünsə də, özlüyündə böyük nöqsandı. Çünki müntəzəm eyni tərcüməçi olanda həmin şəxs məşqçiyə bələd olur, onun fikirlərini yarım cümlədən başa düşür. Belədə həmin fikirləri futbolçulara çatdırmaq da asan olur, qarşılıqlı anlaşma asanlaşır.
Tərcüməçi problemini həll edə bilməyən AFFA əcnəbilərə niyə belə həvəslə qulaq açır? Seçmə mərhələdə Estoniya ilə heç-heçə etmək üçün bizim komandamıza əcnəbi məşqçi lazım deyil. Onsuz da uçurumun dibinə yuvarlanmışıq, “cırtdanlar” arasında yer alarıq. Milli komandanı yerli məşqçiyə tapşırsaq, nəticələr bundan pis olmayacaq. Əcnəbi məşqçiyə, onun tərcüməçisinə, mənzil kirayəsinə, kabab-şərab qonaqlılarına xərclənən pulllarla isə uşaq futbolunu inkişaf etdirməliyik. Başqa yolumuz yoxdu.

AMAL

Seçilən
51
football-plus.az

1Mənbələr