AZ

Azərbaycanda keçirilən COP29-la dünyada iqlim əməkdaşlığının yeni mərhələsi başlandı

Noyabrın 12-də Bakıda start götürən və təxminən iki həftə davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) nəhayət ki, başa çatdı. Dünya Azərbaycanın ev sahibliyində daha bir möhtəşəm tədbirə şahidlik etdi. Ölkəmiz həm təşkilatçılıq, həm də təhlükəsizlik baxımından qlobal əhəmiyyətli bu cür tədbirlərin keçirilməsi üçün ideal platforma olduğunu növbəti dəfə sübut etdi.

Təbiidir ki, Azərbaycanın bu uğuruna sevinənlər də oldu, yasa boğulanlar da. Xüsusilə də tədbirin baş tutmaması üçün əllərindən gələni edənlərin necə deyərlər, həvəsləri qursağlarında qaldı. Yəqin ki, onlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirin açılışındakı çıxışı zamanı səsləndirdiyi aşağıdakı fikirləri hələ uzun müddət unuda bilməyəcəklər: “Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!”.

Bəli, 200-ə yaxın ölkənin nümayəndələri Bakıya toplaşaraq dünyanın ən qlobal problemlərindən biri olan iqlim dəyişmələrini, onun bəşəriyyət üçün yarada biləcəyi təhlükələrin qarşısının alınması məsələlərini müzakirə etdilər. Yaxşı çıxışlar, maraqlı təkliflər dinlənildi, qızğın müzakirə və mübahisələr oldu ki, bu da tədbirin mahiyyətinə və müzakirə olunan məsələlərin xarakterinə təbii ki, uyğun idi.

Lakin bu müzakirələrdə iştirak etmək, yeni fikirlər və ideyalar yerinə, öz çirkin niyyətlərini bəyan etmək, qarayaxma kampaniyası aparmaq, “bulanıq suda balıq tutmaq” məqsədilə Bakıya gələnlər də var idi. Boykot taktikası baş tutmayınca, onlar tədbirlərə qatılıb məhz bu yolla Azərbaycanın gördüyü çox böyük işləri şübhə altına almağa, ölkəmizin imicinə xələl gətirməyə çalışdılar.

Bu sırada Bayden Adminstrasiyasının, Almaniyanın xarici işlər naziri Annalena Berbokun çıxış və bəyanatlarını xüsusilə qeyd etmək lazım gəlir.

Səsləndirdiyi fikirlər göstərdi ki, xanım Berbok Bakıya iqlim problemlərini müzakirə etmək üçün deyil, siyasi məsələləri qabardıb, dünya ictimaiyyətinin gözünə kül üfürməyə, təmsil etdiyi Avropa İttifaqının, bütövlükdə Qərbin sifarişlərini çatdırmaq üçün gəlib. Görünür rəsmi Bakının Aİ-yə, bu qurumun timsalında Fransaya, Niderlanda və başqa dövlətlərə ünvanlandığı sərt mesajlar, etdiyi haqlı tənqidlər həmin ölkələri ciddi narahat edib.

Belə çıxır ki, Avropa nə deyirsə, nə edirsə haqlıdır, digərləri isə yox. Avropa Şurası Azərbaycan nümayəndə heyətini səsvermə hüququndan məhrum edə bilər, Azərbaycan isə avropalı deputatların Bakıya səfərini bloklaya bilməz.

Avropa və bütövlükdə Qərb Azərbaycan torpaqlarının 30 il davam etmiş işğalını, haqları, hüquqları pozulmuş 1 milyondan çox qaçqın və köçkünün problemlərini görməzdən gələ bilər, Azərbaycan isə öz torpaqlarını işğaldan azad, Fransanın Yeni Kaledoniyadakı siyasətini, insan haqları ilə bağlı vəziyyəti tənqid edə bilməz. Avropa mitinqçiləri, etirazçıları döyə, əzə, itlərə yem edə bilər, Azərbaycan isə hansısa cinayət əməlinə görə kimlərisə həbs edə bilməz.

Bunun adı bilirsinizmi, nədir? Bunun adı riyakarlıq, ikiüzlülük və yumşaq desək, ikili standartlardır.

Lakin onlara daha bir “pis” xəbərimiz var.

COP29-da “Bakı maliyyələşdirmə məqsədləri” (Baku Finance Goal) adlı yeni iqlim maliyyə meyarının yaradılması ilə bağlı sıçrayışlı konsensus əldə edilib. Konsensusa görə, 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrdə iqlim layihələrinin inkişafı üçün hər il 1,3 trilyon ABŞ dollarının səfərbər edilməsi nəzərdə tutulub. Yeni hədəfin əsas hissəsi inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan dövlətlər üçün iqlim layihələrinə ildə ən azı 300 milyard dollar ayırmaq öhdəliyidir. Bu, əvvəlki 100 milyard dollarlıq hədəfdən üç dəfə çoxdur.

Beləliklə, Azərbaycanın ev sahibliyində keçən COP29-la dünyada İqlim əməkdaşlığının yeni dövrü başlanır. Xeyirli-uğurlu olsun!

Fərid Şahbazlı

Siyasi şərhçi

Seçilən
95
50
editor.az

10Mənbələr