AZ

Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə


Bu gün həm Ağdamın işğaldan azad olunduğu gün, həm də Xalq artisti Qədir Rüstəmovun doğum günüdür.

Kulis.az Ülvi Bahadırın unudulmaz sənətkarın həyat yoldaşı Fatma Rüstəmova ilə müsahibəsini təqdim edir.


- Qədir bəyi yada salanda ilk xatırladığınız nə olur?

 

 O, çox qeyri-adi insan idi. Onu bir-iki cümlə ilə ifadə eləmək olmur. Gözəl sənətkar, gözəl ailə başçısı idi. Qarabağla nəfəs alırdı.

 

- Qədir müəllim mediaya qapalı adam olub. Ona görə haqqında o qədər də ciddi məlumata sahib deyilik. Uşaqlığı necə keçib?


- O, 1935-ci ildə Ağdamda doqquz uşaqlı ailədə doğulub. Atası Çərkəs kişi, anası Südabə xanımdır. Doqquz uşağın beşincisi olub. Əsilləri şuşalıdır. Hamısı musiqisevər idi. Hərəsində bir istedad vardı. Qardaşları tar çalırdı. Əmisi uşaqlarının hamısının səsi var idi. Qədir müəllim Ağdaş şəhər 3 saylı orta məktəbdə oxuyub. 1960-cı ildə orta ixtisas məktəbinə daxil olub. Sonra Asəf Zeynallıya qəbul olunub. Hacıbaba Hüseynovdan dərs alıb. Toylarda, el şənliklərində püxtələşib.


- Deyirlər, onu Xan əmi kəşf eləyib.


- Bəli. Ağdamda biz elə bir küçədə yaşayırdıq ki, elə bil bütün musiqiçiləri seçib orada yerləşdirmişdilər. Rəhmətlik Bahadur Mehrəliyev, nağaraçalan Sərdar, qarmonçalan Muxtar var idi. Əbülfət Əliyev həmişə gəlib qonşuları feyzyab eləyirdi. Xan Şuşinskinin rəhbərliyi ilə böyük orkestr var idi. Qədir müəllim də Xan əminin, Seyid Şuşinskinin süzgəcindən keçib. Zaman-zaman Xan əmi özü ilə onu toylara aparıb. Bir dəfə Seyid Şuşinskinin yanında oxuyub, o da çox bəyənib, deyib ki, gəl Bakıya. O da Asəf Zeynallı adına musiqi kollacinə qəbul olunub, təhsilini davam etdirib. Sonra Əhsən Dadaşovun rəhbərliyi ilə mahnılarını lentə yazıdıb. Qədir müəllimin ən çox əziyyətini çəkənlərdən biri də elə Əhsən Dadaşov olub. Qədir müəllim kaprizləri olan, səbirsiz adam olub, ancaq Əhsən müəllim onun bütün kaprizlərinə dözüb, onu irəli çəkib.


- Sizin tanışlığınız necə olub?


- Biz Ağdamda qonşu olmuşuq. O, gec evlənib. Özü görüb, bəyənib, evlənmişik. Üç övladımız olub: iki oğlan, bir qız. İndi də səkkiz nəvəmiz var.


- Ata kimi, həyat yoldaşı kimi necə olub?


- O, ailəyə çox bağlı insan idi. Övladlarını çox sevirdi. Övladlarımız körpə ikən biz Ağdamdan məcburi köçməli olduq. Bir neçə yerə getdik, ancaq özümüzə yer tapa bilmədik. Axırda gəlib Oğuzda məskunlaşdıq. Uşaqlar orta məktəbi qurtardı, sonra köçdük Bakıya. 30 ilə yaxındır ki, Bakıda yaşayırıq. Qədir müəllim şəhər mühitini sevmirdi, ancaq məcbur olub yaşayırdı. Amma Ağdamı unutmurdu. Tez-tez Quzanlıya, əsgərlərin yanına gedirdi. Onlar üçün oxuyub, ruhlandırırdı. Gününü onlarla keçirirdi. Deyirdi ki, mən çəkən əziyyəti uşaqlarım çəkməsin. Özünə qıymadıqlarını onlara qıyırdı.

 


- Deyilənə görə, çox kaprizli adam olub.

- Hə, çox kaprizli insan idi. Nəyəsə, “yox” dedisə, heç kim onu fikrindən döndərə bilməzdi. Tərsliyi var idi. Ancaq ailə içində heç bir kaprizi yox idi. Çox danışmağı, müsahibələr verməyi, çəkilişləri sevmirdi. Amma dövlət tədbirlərində həmişə iştırak eləyirdi.

- Sənət dünyasından dostları kimlər idi? Evinizə kimlər gəlib-gedirdi?

- Sənət adamlarından heç kəs. Çünki Qədir müəllim də heç kimin evinə getmirdi. Sevmirdi sənət adamlarının evinə getməyi. Ancaq sənət dostlarının hamısının toyunda oxuyub. Ailəmizə ən yaxını Qəndab Quliyeva idi. O, evimizə gəlib-gedirdi. Süleyman Abdullayev, Arif Babayev, Teymur Mustafayev – sənət dünyasından dostları çox idi. Qədir müəllimi hamı çox sevirdi.

- Biz, adətən, görmüşük ki, müğənnilər, xanəndələr daha ünsiyyətcil olur, ancaq Qədir müəllim qapalı adam olub. Evdə də belə idi?

- Yox, ancaq başqaları üçün qapalı idi. Övladlarının nazı ilə oynayırdı. Sağlığında bir nəvəmiz var idi. Onu elə çox istəyirdi ki... Evdə heç vaxt kaprizli olmayıb. Evimiz həmişə qonaq-qaralı olub. O, sənətindən başqa heç bir işlə məşğul olmayıb. 


- Evdə qayda-qanunları, olar-olmazları var idi?

- Uşaqların evə gec gəlməyini xoşlamazdı. Özbaşına harasa gedə bilməzdik. Ancaq icazə alıb gedə bilərdik. O, necə deyirdisə, elə olmalı idi.

- Övladlarının oxumasına münasibəti necə idi?

- Onların müğənni olmasını istəmirdi. Deyirdi ki, oxusunlar, ali savadlı olsunlar, başqa sahədə işləsinlər, mən də dəstək olum. Qədir müəllim bir dənədir. Ondan də olmayacaq. Ondakı Allah vergisi idi. Özü dişi-dırnağı ilə gəlib çatmışdı bura. Öz zəhməti ilə qazanmışdı hər şeyi.

- Onu daha çox nə əsəbiləşdirə, özündən çıxara bilərdi?

- Ağdam işğal olunanda o günlərlə yeyib-içmədi. Üzünü də təmizləmirdi. Ağdam onun ən böyük dərdi idi. Elə o dərdlə də dünyasını dəyişdi.

- Ağdam barədə nələr danışırdı?

- Ağdam onun doğma torpağı idi. Ata-babasının qəbirləri orada idi. Evi var idi. Hər şeyi o evin içində qoyduq, geri qayıda bilmədik. Evin bir topa açarı var idi, Beynəlxalq Muğam Mərkəzi tikiləndə xatirə üçün onun özülünə hərə bir şey atırdı. O da Ağdamdakı evimizin açarını atdı ora. Onu ancaq Ağdam maraqlandırırdı. Deyirdi ki, az qaldı, alacağıq tezliklə. Şükür ki, Ağdam Qədir müəllimin doğum günündə işğaldan azad olundu. 


- Siz özünüz getdiniz Ağdama?

- Bəli. Prezident Aparatının xətti ilə getdik. Evimiz qalmamışdı artıq. Yerini güclə tapdıq. Bircə uşaqların çürümüş ayaqqabılarının tayı qalmışdı. Özləri tapmışdı. Yerin altından kanalizasiya xətlərini də söküb aparmışdılar. Qədim tarixi abidələrin hamısını məhv eləyiblər. Bircə məscid qalmışdı.

Müharibə çox pisdir. Biz neçə il o şəraitdə yaşamışıq Ağdamda. Qədir müəllim Ağdamda heç kəs olmayanda özü tək yatırdı evdə. Bizi də çıxmağa qoymurdu. Deyirdi ki, ayıbdı, deyəcəklər ki, Qədirgil evi qoyub qaçdı. Raket gəlib düşüb evin qabağına, arxasına, biz də qalıb yaşamışıq orada.

- Ağdama raket atılanda Qədir müəllimin əkdiyi tut ağacına tuş gəlmişdi. Gedəndə tapa bildiniz o ağacı?

- Yox idi. Hələ Ağdam işğal olunmamışdı. Qonşu mişarla odun doğrayırdı. Ondan iki lay kəsib özü ilə gətirmişdi Oğuza. Oğuzdan da Bakıya gətirmişdi. Onu mən sonradan Tarix muzeyinə verdim. Onun bütün əşyaları oradadır.

Qədir müəllimin orda hovuzu var idi, balıq saxlayırdı. Üzümləri var idi. Hər şey məhv olub artıq.


- Çıxdığınız vaxtı necə xatırlayırsınız?

- Gecə Ağdamı raket atəşinə tutdular. Həmin ərəfələrdə də Xocalı hadisəsi baş vermişdi. Fevralın 26-sı idi. Hamısını gətirib yığmışdılar Ağdam məscidinin qabağına. O qədər yaralı, donmuş uşaq var idi ki... Qədir müəllim özünə yer tapa bilmirdi. Ordan bir uşaq götürmüşdü. Aldı qucağına, apardı uşaq xəstəxanasına. Ölməmişdi. İynə getmədi. Dedilər ki, donub, apar məscidə. Gətirdi məscidə. Dedi ki, bunu nəyəsə bükün, elə-belə basdırmayın. Qəfildən çağırdılar onu. Sən demə, uşağın ustünə qaynar su tökəndə ayılıbmış. O uşağın adını Qədir qoymuşdular. Sonra o uşağı nə qədər axtardıq, tapa bilmədik. Əmisi tapıldı, apardı özü ilə. Hər dəfə deyirdi ki, görəsən, Qədir necə oldu?

Həmin gün çıxdıq Ağdamdan, sonra bir də qayıtdıq. İyulun 23-ü idi. Yenə raket atəşinə tutmuşdular. Maşının benzini qurtarmışdı. Bir qardaşım benzin gətirdi. Axırıncı dəfə qapını bağladıq, bircə itimiz vardı, onu götürdük. Hardasa 50 km aralanmışdıq Ağdamdan. Heç özümüz də bilmirdi ki, hara gedəcəyik. Yerimiz-yurdumuz yox idi. Boş gedirdik. Yeməkxananın yanında saxladı, iti orda buraxdı ki, qoy burda qalsın, Allahın heyvanıdı, acından ölməsin. O it yol boyu dalımızca qaçdı. Uşaqlar nə qədər ağladılar. Ölənə qədər o it yadından çıxmadı.

- Və Oğuzda məskunlaşdınız...

- Hə. Bir neçə rayondan sonra Oğuzda məskunlaşdıq. Oğuz Qarabağa, Şuşaya bənzəyir. Bizə orada çox hörmət elədilər, yer verdilər. Məcburi köçkünlər ora yığılmışdı, yer tapılmırdı. Dünyasını dəyişənə qədər Oğuza gedib-gəlirdik.

- Oğuzda da oxuyurdu?

- Yox. Neçə il oxumadı. Heç toylara da getmirdi. Əvvəllər ansamblla toylara gedirdi, ancaq Ağdam işğal olunandan sonra getmədi. Bircə qohum toylarında bir ağız oxuyurdu. 60 illiyində ona “Şöhrət” ordeni verdilər. Heydər Əliyev ona dedi ki, mən səndən xahiş eləyirəm, oxu. Bu səslə susmaq günahdı. Ondan sonra başladı oxumağa. O müddətdə isə heç bir işlə məşğul olmadı. Hamı onun hörmətini saxlayırdı.

- Əsas hobbisi balıq tutmaq idi. Bu, Qarabağdan qalma idi, yoxsa sonradan başlamışdı balıq tutmağa?

- Ta gəncliyindən balıq tuturdu. Onun bu azarı uşaqlara da keçib. Hara gedirlər balıq tutmaq istəyirlər. Bütün Ağdam onun balıq tutmaq həvəskarı olduğunu bilirdi. Özü də, heç vaxt əliboş qayıtmırdı. Çoxunu da qonşulara paylayırdı. Rahatlaşmaq üçün balıq tuturdu. Çox vaxt tək gedirdi. Dostları ilə gedəndə də deyirdi ki, siz gedib o yanda tutun, mən burada tutacam.

- Efirlərə niyə az-az çıxırdı?

- Efiri sevmirdi. Bəzi tədbirlərə gedirdi, o da zorla. Sual-cavabdan xoşu gəlmirdi.

O vaxt “Uzun ömrün akkordları” filmi çəkilirdi. Yazıçı Anar çəkirdi. Üzeyir Hacıbəyovun həyatı haqqında idi. Onu Cabbar Qaryağdıoğlu obrazına çəkmək istəyirdilər. İstəmirdi. Onu razı salmaq üçün üstünə o qədər adam göndərirdilər ki... Birtəhər razı saldılar, çəkildi.

Anardan incimişdi. Bir dəfə efirdə ondan soruşmuşdular ki, Qədir müəllimi necə razı sala bildiniz? O da demişdi ki, baxır ovçusuna. “Ovçu” sözü onun xətrinə dəymişdi.

- Hətta bir dəfə bir nazirin toyuna da getməyib.

- Əvvəlki Mədəniyyət nazirinin oğlunun toyuna dəvət eləmişdilər. Getməmişdi. Xoşuna gəlməyən yerə getmirdi.

Özündən ötrü heç kimdən heç nə xahiş eləmirdi. Ancaq kim gəlirdi ki, Qədir müəllim, kömək eləyin. Əlindən gələni əsirgəmirdi.

- Qədir müəllim xanəndələrin arasında ən çox yamsılanılan ifaçı idi. Özünün münasibəti necə idi?

- Ağdam işğal olunana qədər dərs deyirdi. Tələbələri vardı. Qədir müəllim özü olmasa da, qiyabi tələbələri bu gün də var. Hamısı onun kimi oxuyur. Muğam müsabiqəsində Mustafa var idi. Onu da dəvət eləmişdilər. Baxırdı. Orda Mustafaya demişdi ki, sən məndən də yaxşı oxuyursan.

- Bir müddət əvvəl reper Snup Doqun Qədir müəllimlə bağlı paylaşımı var idi. Sosial şəbəkə iki yerə bölünmüşdü. Bəziləri dedi ki, bununla Qədir Rüstəmov trendə düşdü, bəziləri də dedi ki, yox, məqsəd Qədir müəllimi təhqir eləmək olub.

- Qədir müəllimin trendə ehtiyacı yox idi. Neçə ilin sənətkarı idi. Onu sapı özümüzdən olan baltalar eləmişdi. Birinci Azərbaycanda prikol kimi elədilər, sonra yayıldı. Məqsədləri Qədir Rüstəmovu təhqir eləmək idi.

- “Sona bülbüllər”i özü seçib oxumuşdu?

- Hə, öz seçimi idi. “Sona bülbüllər” Lənkərandan yayılan xalq mahnısı idi. O da gözünü açandan xalq mahnıları oxuyub. Daha çox yaddan çıxmış mahnıları ifa eləyirdi. Bütün mahnılarını özü seçirdi. Yalandan yazırdılar ki, guya üç aya, beş aya oxuyub. Qədir müəllim onu cəmi üç saata oxuyub.

O mahnı əl-əl gəzirdi. Hər yerdə o mahnı oxunurdu.

- Ancaq özünə qulaq asmağı sevmirdi.

- İTV-də onun bir neçə mahnısına klip çəkilmişdi. Bircə dəfə baxdı, sonra baxmadı. Dedi ki, bir dəfə baxmışam, bəsdir. Ağdamda həyət evi idi, istədiyi vaxt oxuyurdu, şəhərə köçəndən sonra oxumadı. İnsanları narahat eləmək istəmirdi.

- Özünün hansı mahnısını tez-tez dinləyirdi?

- “Olmaz-olmaz”ı daha çox sevirdi. Ancaq mən “Neyçün gəlməz”i çox sevirəm. Hər gün qulaq asıram.

- Spontan çıxışları olurdu. Bir dəfə də Habil Əliyev haqqında demişdi ki, utanmır, bu yaşında “Cücələrim” çalır..

- Habil müəllim kamançaçı idi, ancaq kamançaçılardan yox, ifaçılardan danışırdı. Bir dəfə demişdi ki, Alim Qasımovla Qədir Rüstəmov at kimi kişnəyir. Xətrinə dəymişdi. Demişdi ki, sən də bu yaşında “Cücələrim” çalırsan.

- Bizdə, ümumiyyətlə, standartdan çıxan ifaçılara münasibət birmənalı olmur. Bu barədə nə düşünürdü?

- Əhəmiyyət vermirdi. Çox cəsarətli adam idi. Hamının içində çıxıb sözünü deyirdi. Deyirdi ki, mənim azdan-çoxdan hörmətim var, ucuz insanlara qoşulub ucuzluq eləməyəcəm ki.

Elə olub ki, biz bir məclisə getmişik. Heç kəs kim olduğumu bilməyib. Qədir müəllim də oxuyurdu səhnədə. Danışırdılar ki, filan vaxt filan zavodda işləyirdi, elə olub, belə olub. Amma hamısı da yalan idi. Qarışqanı böyüdüb fil eləyirdilər.

- Qəfildən pisləşdi vəziyyəti?

- Heç bir xəstəliyi yox idi. On üç yaşı olanda yaralamışdılar, böyrəyini çıxartmışdılar.

Əvvəlcə gözləri zəiflədi. Dedi ki, özümü pis hiss eləyirəm. Həkimə apardıq. Dedilər ki, burda baxa bilməyəcəyik, aparın Türkiyəyə. "Acıbadem" xəstəxanasına yerləşdirdilər. Dedilər ki, beynin tən ortasında, mərkəzi sinir siteminin üstündə bir zərrəcik var. Problem deyildi. Ancaq orada çox şüa verdilər, gücü çatmadı.

- Ayıq idi xəstəxanada?

- Əvvəl ayıq idi. Xəstəxanadan hotelə gedirdik, hoteldən xəstəxanaya. Şüa verəndən sonra dözmədi, komaya düşdü. 56 gün komada qaldı.

- Son günlərini necə xatırlayırsınız?

- Komaya düşənə qədər yaxşı idi, sonradan heç nədən xəbəri olmadı.. Yanına çox adam gedib-gəlirdi. Ayıq olduğu vaxt İTV müsahibə elədi. Axırıncı dəfə orada oxudu. Çox inanırdı Ağdama gedəcəyinə. Öləcəyinə inanmırdı.

- Komaya düşəndə yanında idiniz?

- Hə. Səhər-səhər qəlyan çəkmək istəyirdi. Gördüm ki, kibriti yandıra bilmir. Gücü yox idi qəlyan çəkməyə. Özündən getdi. Xəstəxanadan gəlib apardılar.

Aqil Abbas gəldi. Dedi ki, Qədir, qalx, Ağdam azad olunub. Barmaqları tərpəndi.

Yaşını nəzərə almayıb çox şüa verdilər, dözə bilmədi.

Ondan sonra çox çətin oldu. Onun bir ov maşını var idi. Hələ də həyətdə durur. Hər dəfə həyətə düşəndə elə bilirəm ki, oradadır.

- Əgər sağ olsaydı, burada əyləşsə idi, ona nə demək istəyərdiniz?

- Astadan deyərdim ki, gözün aydın, Qədir, Ağdam azaddır.

Foto: Emil Rasimli


Seçilən
37
1
nuh.az

2Mənbələr