AZ

Məhəmmədrəsul Məcidov: "Sübut etdim ki, qocalmamışam və hələ döyüşə bilərəm" - MÜSAHİBƏ

Azərbaycanın həvəskar boks üzrə yeganə üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov 3 illik fasilədən sonra rinqə qayıdıb. Dargin əsilli olimpiya mükafatçımız sentyabrın 28-də Bakıda keçirilən IBA Çempionlar Gecəsində +92 kq çəki dərəcəsində qazaxıstanlı Nursultan Amanjolovdan üstün olub.

İdman.biz xəbər verir ki, peşəkar boksçu Prosport.Az saytına geniş müsahibə verib.

– Qələbə münasibətilə təbrik edirəm. Görüş sizin üçün necə keçdi?

– Əlbəttə, nəticəni nəzərə alsaq, yaxşı keçdi. Düzdür, çətin anlar da oldu. Rəqib də zəif deyildi. Hündürboy, hazırlıqlı idmançı idi. Nəzərə alsaq ki, mən 3,5 il döyüşmürdüm. Buna görə də rinqə alışmaq çətin idi. Düşünürəm ki, bu da düzələcək və irəli gedəcəyəm. Doğma Azərbaycanda yenidən Azərbaycanın bayrağını ucaltmaq çox qürurvericidir. Bundan sonra da nə qədər orqanizmdə gücüm varsa, bu bayrağı dalğalandırmaqda davam edəcəyəm.

– Daha öncə bu rəqiblə həvəskar boks səviyyəsində qarşılaşmışdınız?

– Xeyr. Bu rəqiblə hətta həvəskar döyüşlərdə aktiv iştirak etdiyim zamanlarda da qarşılaşmamışam. O zamanlar o hələ gənc idi.

– Özünüzün də dediyiniz kimi, 3,5 ildən sonra yenidən Azərbaycan adına rinqə qayıtmısınız. Hansı hissləri keçirirsiniz?

– Təbii ki, hisslər çox xoşdur. Mən boksla gec – 19 yaşımda məşğul olmağa başlamışam. Nokauta düşdüyüm görüşlər olmayıb. Nokdaun da nadir hallarda olub. Ona görə də boks heç vaxt məni bezdirməyib. Sağlamlığım da imkan verir. Düzdür, müəyyən çətinliklər oldu. Buna görə də 3 ildən artıq boksla məşğul ola bilmədim...

– Bu qədər fasilə verməyinizə səbəb nə oldu?

– Bir balaca immun sistemim zəifləmişdi. Çünki uzun zaman məşqlər, döyüşlər keçirirdim. İstirahətə vaxt ayıra bilmirdim.

– Şaiyələr var idi ki, avtomobil qəzası keçirmisiniz...

– Xeyr, Allaha şükür, belə bir hadisə olmayıb. Dediyim kimi, immunitetim aşağı düşmüşdü və son döyüşümdə də sağ ayağımda sınıq oldu. 3-4 ay ayağımın bərpası ilə məşğul oldum. Daha sonra bəzi çətinliklər oldu. İndi kimisə günahlandırmaq istəmirəm. Ola bilər ki, kimlərsə mənim karyeramı düzgün idarə edə bilmədilər.

– Bu, peşəkar boksda 5-ci görüşünüz idi. Daha əvvəl 3 qələbə və 1 məğlubiyyət var idi...

– Bəli, elədir. O məğlubiyyət də son döyüşdə idi. Zərbədən yayınsam da, yıxıldım və ayağım sındı.

– Belə başa düşdüm ki, karyeranızı bitirməyi düşünmürsünüz...

– Artıq uzun müddətdir ki, məşq edirəm. Sadəcə olaraq döyüşmək şansı yaradılmırdı. Azərbaycan Boks Federasiyasının (ABF) yeni rəhbərliyi artıq peşəkar boksun inkişafı üçün ciddi işə başlayıb. Bu da çox sevindiricidir. Gənc, peşəkar boksçularımızın arxasında durublar və onların irəli getməyi üçün çalışırlar. Mən də komandaya qoşulmuşam. Artıq həm boksçu kimi yenidən Azərbaycanın şərəfini qoruyacağam, həm də ehtiyac olarsa, məşqçi, menecer kimi də bacardığımı, əlimdən gələn köməyi edəcəyəm. Azərbaycan komandası mənim üçün çox doğmadır və məni qayğılandırır. Baxcmayaraq ki, əslən qonşu Dağıstandanam, məni 2010-cu ildə Azərbaycan öz himayəsinə götürüb. Bununla qürur duyuram. Təbii ki, ilk növbədə cənab Prezidentə təşəkkür edirəm ki, idmana bu qədər qayğı göstərir. Daim idmançıların yanındadır. Federasiyanın əvvəlki rəhbəri Kəmaləddin Heydərov da boksun səviyyəsini çox qaldırıb. Hazırkı prezident Sahil Babayev də bu işləri layiqincə davam etdirir. Yeni heyət, yeni güc var. Samir (ABF prezidentinin müşaviri Samir Hüseynovu nəzərdə tutur – red.) də çox gözəl, peşəkar, ağıllı insandır. ABŞ-də təhsil alıb. Gələcək üçün əla planları var. Federasiya üçün yeni bir yol açılıb.

– Son döyüşdə də zədələr aldınız. Nə qədər ciddidir?

– Belə mikro zədələr hər zaman olur. Boş şeydir. Düzdür, bu yaşda belə zədələr almaq xoş deyil. Əslində belə zədələr güclü zərbədən olmur. Sadəcə, insan sifətində xırda sümüklər var və dəri də nazikdir. Buna görə də belə zədələr tez-tez olur.

– Azərbaycanda son döyüşünüz nə vaxt olmuşdu? Xatırlayırsınız?

– Səhv etmirəmsə, son döyüşüm "Baku Fayrs"ın heyətində Qubada keçirilən yarışda olmuşdu. 2015-ci ildə Avropa Oyunlarında gürcü idmançı ilə görüşdə ciddi zədə almışdım. Əməliyyat olundum. O zaman da 3 ay kənarda qaldım. Demək olar ki, 10 il keçib. Ondan sonra Azərbaycanda döyüşüm olmayıb. Mən Azərbaycanı, Bakını özümə doğma hesab edirəm və burda doğma divarlar arasında çıxış etmək mənim üçün çox xoşdur.

– İndi həvəskar boksda sizin çıxış etdiyiniz çəkidə Məhəmməd Abdullayev döyüşür. Onun haqqında nə düşünürsünüz?

– O vaxt millidən gedəndə artıq bilirdim ki, mənə layiqli əvəz olaraq Məhəmməd var. Peşəkar boksa keçməyimin səbəblərindən biri də bu idi. Kəmaləddin müəllim mənə dedi ki, heç kim yoxdursa qal. Dedim ki, Məhəmməd Abdullayev var, gəncdir, perspektivlidir. O məni əvəz etdi. Çünki mən özümü peşəkar boksada sınamaq istəyirdim.

– O olmasaydı, siz hələ də həvaskar boksçu kimi Azərbaycanda çıxışınızı davam etdirəcəkdiniz?

– Bəli, yəqin ki, bir müddət də qalacaqdım. Dediyim kimi, mənim əvəzedicim olaraq Məhəmməd çox layiqlidir. Səhvlər hamıda olur. Öz üzərində bir az da işləməlidir. Artıq böyük təcrübəsi var. Məndən sonra böyük yarışlarda, Olimpiadada iştirak edib. Bir az da diqqətlə çalışmalıdır. Çox yaxşı məşqçiləri də var. Nəyisə bir az dəyişməlidir.

– Boksdan 3 il kənarda qalmağınızda 4-cü peşəkar görüşündə rusiyalı Andrey Fedosova məğlub olmağınız da psixoloji rol oynadı? Hər halda ardıcıl 3 qələbədən sonra bu məğlubiyyət gözlənilməz idi...

– Yox, qəti elə bir psixoloji gərginlik olmadı (gülür). Əslində mənim üçün o, çox asan rəqib idi. Sadəcə, çox axmaq bir səhv etdim. Rəqibin asan olduğunu düşünüb arxayınlaşdım. Düşünürdüm ki, zəif rəqibdir. Amma hər nə qədər zəif olsa da, zərbəsi güclü idi. O da boksçudur. Bunu nəzərə almalıydım. İstənilən halda ilk zərbə dəydisə, fərqi yoxdur yüngül və ya ağır çəkili boksçu vurubsa, istər-istəməz yıxılırsan. Mən də yıxıldım və ayağımın üstünə düşdüm. Ayağa qalxsam da, artıq ayağım sınmışdı. Reallıqda isə rəqiblərim arasında ən zəifi idi. Ondan sonra ayağımın bərpası zamanı necəsə infeksiya da düşdü və immun sistemim zəiflədi. Başqa heç bir səbəb, xüsusən psixoloji durumumda çətinlik olmadı. Məşq edirdim və birdən yenə zəifləyirdim. Heç cür immunitetimi tam bərpa edə bilmirdim.

– Peşəkar rinqdə növbəti döyüşünüzü nə vaxt keçirməyi düşünürsünüz?

– Bunu hələ deyə bilmirəm. Təşkilatçılardan asılı olan məsələdir. AIBA-nın keçirdiyi bu cür yarışlar isə özümü formaya salmaq, tam qayıtmaq üçün əla variantdır. Hazırda müqavilə bağlamaq üçün bir neçə təklif var ki, onları dəyərləndirirəm. İndi bu haqda geniş danışmaq istəmirəm. Baxacağam, danışacağam. Yenidən Azərbaycan bayrağını beynəlxalq arenada dalğalandırmaq istəyirəm.

– Adətən qələbə qazananda ətrafda çox adam olur. Məğlubiyyət isə "yetimdir" deyirlər. Bu baxımdan, xüsusən sponsorlar tərəfdən vəziyyət necədir?

– Təbii ki, sponsor məsələsi mənim özümdən, hazırlığımdan, nəticələrimdən asılıdır. Son döyüşümdəki kimi, özümü yaxşı tərəfdən göstərə bilsəm və promouterləri maraqlandırsam, onlar özləri gəlib danışıq aparacaq. Bu həm də bir biznesdir. Mən onlar üçün döyüşürəm və onlar mənim üzərimdən gəlir əldə edir. Peşəkar boksda bu geniş yayılıb. Buna görə də döyüşlərdə qələbə vacibdir. Necə ki son döyüşümdə qalib oldum və göstərdim ki, mən formadayam və davam edə bilərəm. Sübut etdim ki, qocalmamışam və hələ döyüşə bilərəm.

– Sizcə, özünüzü promouterlərə sübut edə bildiniz?

– Bəli. Sübut etdim ki, mən yorulmuram, formadayam və onu qoruyub saxlayıram.

– Yəqin ki, bu, formanın pik həddi deyildi...

– Əlbəttə ki, yox. Son döyüşdə gücümün sadəcə olaraq 60%-dən istifadə etdim.

İdman.biz

Seçilən
16
1
idman.biz

2Mənbələr