AZ

Gəlirlərin artması üçün yeni yol tapılıb

Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə Azərbaycanda bəzi dövlət müəssisələrinin dividend ödənişinə cəlb olunması təklif edilir.

Bildirilib ki, 2023-cü ildə fəaliyyətini mənfəətlə başa vuran müəssisələr, o cümlədən "Azər Türk Bank", "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi" və "AzərGold" üzrə dividend ödənişi nəzərdə tutulmasını məqsədəuyğun hesab edilir. 

İqtisadçı ekspert Akif Nəsirli “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, dividend ödənilməsi qanuni mexanizmdir:

“Amma nədənsə indi yada düşüb”. 

Akif Nəsirlinin sözlərinə görə, əslində Azərbaycanda açıq və qapalı səhmdar cəmiyyətlər formal olaraq yaradılır:

“Formal olduğuna görə də o cəmiyyətlər heç kimə dividend ödəmir. İndi bu müəssisələr artıq mənfəətlə işləyir və həmin müəssisələr səhmdarlarına dividend ödəməlidir. Adlarından göründüyü kimi, açıq səhmdar cəmiyyəti (ASC) və qapalı səhmdar cəmiyyətləri (QSC) səhmdarların vəsaiti hesabına yaradılan müəssisələrdir.

Onların bəzisində dövlətin də payı var. Yəni, yarısı dövlətin, digər hissəsi başqa subyektlərin payıdır. Qaydalara görə, səhmdar cəmiyyət ilin sonunda əldə etdiyi mənfəətin bir hissəsini dividend şəklində səhmdarlara verir. Yəni, dividend üçün bir məbləğ ayrılır. Bu, əvvəlcədən nəzərdə tutulmuş qərara əsaslanır. Səhmdarların ümumi yığıncağında illik mənfəətdən nə qədər dividend ayrılacağı müzakirə olunur. Tutaq ki, səhmdar cəmiyyətin səhmlərinin 51 %-i dövlətindir. O halda həmin dividend üçün ayrılan mənfəətin 51%-i dövlətə ödənilir. Digər səhmdarların da payına uyğun bu mənfəət məbləğindən müəyyən həcmdə dividend əldə edirlər.

Bu qaydadır. Əgər qapalı, açıq və ya adi səhmdar cəmiyyət zərərlə işləyirsə, onda o səhmdarlar həmin cəmiyyətin müflis olmaması üçün zərəri birlikdə qarşılamalıdırlar. Yəni, həm zərərə, həm də mənfəətə şərik olmalıdırlar. İndiyə qədər bu müəssisələr zərərlə işləyib. Bütün o zərərləri hökumət ödəyib. İndi mənfəətlə işlədiyinə görə deyirlər ki, bu səhmdar cəmiyyətlər dividend ödəməlidir. Bu, əslində qanunla tənzimlənir. Onlar dividend ödəməlidir”. 

İqtisadçı ekspert Eldəniz Əmirov isə bildirib ki, bu təklif dövlətin səhmlərində payı olan müəssisələrin maliyyə potensialından daha effektiv istifadə edilməsinə nail olunmasına hesablanıb:

“Dividend səhmdarların şirkətin mənfəətindən götürdüyü bir paydır. Hesablama Palatasının bu təklifi dövlətə aid olan bu müəssisələrin qeyd olunduğu kimi, dövlət ödənişlərinə cəlb olunması ilə bağlıdır. Yəni, bir şirkət müəyyən bir dövrdə gəlir əldə edirsə və həmin gəlirdən müəyyən hissəni səhmdarlarına verməlidir. Dividend ödənişləri məhz bu prosesi özündə əks etdirir. Bu təklifin mənasına və qazancımızın nə olacağına gəldikdə isə burada nəzəri cəhətdən dövlətin gəlirləri arta və iqtisadi inkişafa dəstək ola bilər. Həmçinin, dividendlərin daha səmərəli istifadəsi mümkündür”. 

Seçilən
31
cebheinfo.az

1Mənbələr