“Azərbaycan keçən 11 gündə tarixi hadisələrin şahidi oldu. İqlimlə bağlı bir çox vacib məsələlərin müzakirəsinə ev sahibliyi etməyimiz Azərbaycanın bəşəriyyətin inkişafı üçün nə dərəcədə vacib tərəfdaş olduğunun bariz nümunəsidir”.
Bu sözləri interpress.az-a açıqlamasında tanınmış QHT sədri, siyasi şərhçi Toğrul Allahverdili Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbirinin yekununu şərh edərkən bildirib.
Azərbaycanın bu vacib məsuliyyətin öhdəsindən yüksək səviyyədə gəldiyini qeyd edən T. Allahverdili COP29 tədbirinin vacibliyini və ölkəmizdə imzalanan tarixi qərarı şərh edərək bildirdi ki, Azərbaycan dünyanın iqlim problemlərinin həllində körpü rolunu oynayıb:
“COP29-un Azərbaycanda keçirilməsi və İqlim üzrə Paris Sazişinin 6-cı maddəsinin tam razılaşdırılması böyük bir uğur hesab olunur. Bu maddə karbon bazarlarını və dövlətlər arasında karbon emissiyalarının ticarətini tənzimləyən mühüm mexanizmləri əhatə edir. Tam razılaşdırma isə iqlim dəyişikliyi ilə mübarizədə daha effektiv beynəlxalq əməkdaşlığa və daha dəqiq hesabatlılığa imkan yaradacaq.
Bu qərarın Bakıda qəbul edilməsi Azərbaycanın dünya ölkələri üçün etibarlı tərəfdaş olduğunu və ənənəvi keçirilən COP29 tədbirinə Azərbaycanın moderatorluq etməsi ölkəmizin dünyaya verdiyi ekomesajın ciddiyyətini bir daha dünyaya sübut etdi.
Ali Baş Komandan İlham Əliyevin COP29 tədbirinin açılış mərasimindəki tarixi çıxışı müstəmləkəçilər və az inkişaf etmiş ölkələrin təbii resurslarını havaya sovuranları xeyli narahat etdi. İnkişafdan nisbətən geri qalan ölkələrin ayılmasından ehtiyat edən müstəmləkə ölkələri bir daha nə qədər bəsit və qeyri-adekvat olduqlarını tam çılpaqlıqları ilə gün üzünə çıxardı”.
Prezident İlham Əliyevin açılışdakı tarixi çıxışını şərh edən QHT sədri bu çıxışın dünyaya səs salmasından bəhs edib:
“Prezident İlham Əliyevin qətiyyətli açılış çıxışı və ölkəmizin təşkil etdiyi analoğu olmayan tədbir Azərbaycanın dünyanın qloballaşması üçün ən vacib ölkələrdən biri olduğunu əyani sübut etməsi ölkəmizin bəşəriyyətə verdiyi ən gözəl töhfə oldu.
Doğrudur, Paris Sazişinin 6-cı maddəsi uzun illər boyu beynəlxalq müzakirələrin ən çətin və mürəkkəb məsələlərindən biri olub.
10 ilə yaxın danışıqların nəticəsiz qalmasının əsas səbəbləri arasında müxtəlif ölkələrin maraqlarının toqquşması, karbon ticarəti üçün dəqiq qaydaların olmaması və hesabatlılıq mexanizmlərinin qeyri-şəffaflığı yer alırdı. Belə bir razılaşmanın olmaması, xüsusən inkişaf etməkdə olan ölkələr üçün, əlavə maliyyə resurslarının əldə edilməsini çətinləşdirirdi.
COP29-da bu maddə üzrə tam razılaşmanın əldə edilməsi, xüsusən aşağı emissiyalı layihələr üçün yeni maliyyə imkanlarının yaranmasına və inkişaf etmiş ölkələrin daha çox dəstək göstərməsinə yol açacaq. Bu, həm də qlobal miqyasda iqlim məqsədlərinə çatmaq üçün daha güclü əməkdaşlıq mexanizmi təmin edəcək”.
Son olaraq “Azərbaycan tədbirdə iştirak edən ölkələrin yaddaşında necə bir ölkə kimi qalacaq?” sualına cavab verən T. Allahverdili bildirib:
“Azərbaycan bu 11 gündə bir daha qonaqpərvər və dünyəvi ölkə olduğunu, o cümlədən bəzi erməni mövqeyində çıxış etməyi vərdiş etmiş ölkələrin əsassız iddialarını puça çıxardaraq nə dərəcədə təhlükəsiz və inkişaf etmiş ölkə olduğunu bir daha göstərdi. 80.000-ə yaxın qonağın problemsiz şəkildə iştirakı və xoş xatirələrlə ölkəmizdən ayrılması tək ermənilərin deyil, həm də erməni xislətində olan ölkələrin gözləntilərinin əksini sübut etdik. Ümidvaram ki, növbəti COP tədbirinin təşkilatçısı olan ölkə həm bizim təşkilatçılığımızdan örnək götürəcək həm də prezident İlham Əliyevin də bildirdiyi kimi, ekologiyanın düşməni olan müstəmləkə ölkələrinə layiq olduqları yeri göstərəcək. Bəli, biz dünyanı gözləyən fəlakətin qarşısını almaq üçün körpü rolunu oynadıq, gerisi dünyanın bu vacib məsələlərə riayət etməsi qalır…”.
İnterpress.az