“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 14-cü turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbr verir ki, təcrübəli mütəxəssis 1:1 hesabı ilə başa çatmış matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Bu gün güclü rəqibə qarşı oynadıq. “Sabah” yaxşı komplektləşdirilmiş komandadır. Heç-heçə ədalətli nəticə ola bilər. Amma uğursuz epizoddan sonra qol buraxdıq. Oyunun sonlarında temp bir qədər aşağı düşdü. Bu da komandanın əsasən hesabı qorumağa çalışması ilə bağlı idi. Amma əvvəlki temp və istəklə davam etmək olardı. İkinci hissədə lazım olanları yerinə yetirmədik. Nələrin alınmadığını demək üçün oyunu təhlil etmək lazımdır”.
Berdıyev növbəti turun “Araz-Naxçıvan”a qarşı keçirəcəkləri matçın 6 xallıq əhəmiyyətə malik olması barədə sualı da cavablandırıb:
“İstənilən rəqibə qarşı hazırlaşırıq. Onların hansı yerdə olmasının önəmi yoxdur”.
“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç isə heç-heçəyə belə şərh verib:
“Bura qələbə üçün gəlmişdik. Təəssüf ki, buna müvəffəq olmadıq. Buna baxmayaraq, futbolçularıma təşəkkür edirəm. İlk hissədə daha yaxşı ola bilərdik. Son ötürmələrdə çatışmazlıq var idi. İkinci hissənin əvvəlində qol buraxdıq. Bu vəziyyətdən çıxmaq asan deyil. Futbolçularım təslim olmadılar. Bilirdik ki, çətin oyun olacaq. “Turan Tovuz” fiziki cəhətdən yaxşı komandadır. Birinci hissədə ikili mübarizələrdə rəqibə uduzurduq.
Əlbəttə, xal fərqinin artması bizi çox narahat edir. Yeddi oyundur ki, qalib gələ bilmirik. Üçüncü yerlə aramızda 8 xallıq fərq var. Böyük də görünə bilər, kiçik də. Necə yanaşmağımızdan asılıdır. Qələbə seriyasını yaxaladıqdan sonra fərqi aradan qaldıra bilərik. Bunun üçün potensialımız var. Oyunumuzda eniş olduğunu deməzdim. Layiq olduğumuz xallardan az toplamışıq. Performansla bağlı nəsə deyə bilmərəm. Xal qazana bilmədiyimiz isə aydındır”.