AZ

Trampdan xoşagəlməz addım: Ərdoğan dərhal Putinlə təmasa keçdi

PKK-nın Suriya qanadının rəhbərliyinin ABŞ-ın yeni prezidentinin andiçmə mərasiminə dəvət edilməsi barədə məlumatın yayılması Vaşinqtonun Türkiyəyə xoş olmayan mesajıdır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Analitik Rusiya-Türkiyə münasibətlərindəki son gəlişmələri şərh edib:

"Türkiyə və Rusiya xarici işlər nazirləri Hakan Fidanla Sergey Lavrov arasında telefon danışığından bir gün sonra bu iki ölkənin liderləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin də telefonla danışıb. Ankara ilə Moskva arasında telefon diplomatiyası beynəlxalq münasibətlərdə artan gərginliklə bağlıdır. Türkiyə NATO ölkəsidir. Buna görə də Ankara əmin olmaq istəyir ki, Kreml Ukraynaya raketlər ötürən Qərb ölkələrini hədələyərkən dostu düşməndən ayırırmı.

Ankaranın Moskva ilə təmasları həm də xarici siyasətin şaxələndirilməsi ilə bağlıdır. Ərdoğan Ağ Evin gələcək sahibi Donald Trampdan ABŞ qoşunlarını Suriyadan çəkməsi və PKK-ya bağlı güclərə dəstəkdən imtina etməsini istəyir. Tramp birinci prezidentliyi dövründə Ərdoğanın bu istəklərini yerinə yetirəcəyini vəd etmişdi, ancaq Ağ Ev sahibinin ətrafı buna imkan vermədi. Ərdoğan Trampın illər əvvəl verdiyi vədi bu dəfə yerinə yetirəcəyinə ümid etmək istəyir. Ancaq PKK-nın Suriya qanadının rəhbərliyinin Trampın andiçmə mərasiminə dəvət edilməsi barədə xəbərin yayılması Vaşinqtonun Ankaraya xoş olmayan mesajıdır.

Belə olan halda, Ankara alternativləri hərəkətə gətirməyə qərar verib. Bu alternativlərdən biri də Ankaranın Moskva ilə telefon diplomatiyasını genişləndirməsidir".


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
25
6
teleqraf.com

8Mənbələr