Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun forma geyindiyi “Daejeon Hana Sitizen” komandası növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən kollektiv Cənubi Koreya çempionatının (K Liqa 1) 2024 mövsümünün sonuncu – 38-ci turu çərçivəsində bu gün “Jeju Yunayted”lə qarşılaşıb.
Krivotsyukun komandası doğma meydanda baş tutan bu görüşdən qələbə ilə ayrılıb – 2:1.
Anton mövsümdəki son görüşün iştirakçısı olmayıb. Millimizin üzvünün adı bu görüşün iştirak ərizəsinə də daxil edilməyib. Buna onun ötən turda qırmızı vərəqə alması səbəb olub.
“Daejeon Hana Sitizen” 38 oyuna topladığı 48 xalla 12 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. Komanda 38 oyunda 12 qələbə qazanıb, 12 heç-heç edib, 14 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 61 oyuna çıxıb, 3 qol, 2 məhsuldar ötürmə müəllifi olub.
Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 40 matça çıxıb, 1 qola imza atıb.