AZ

Hədiyyəlik üç xal

“Sumqayıt” Azərbaycan Premyer Liqasının XIV turunda növbəti qələbəsini qazanıb. “Kimyaçılar” azarkeşləri önündə “Şamaxı”nı məğlub edib – 2:1.

Noyabrın 22-də Sumqayıt şəhərinin 75 yaşının olması səbəbiylə matç üçün “açıq qapı” elan edilmişdi. Bu səbəbdən oyuna gələn fanatların sayı əvvəlki matçlara nisbətən iki-üç dəfə daha çox idi. Böyük azarkeş dəstəyi ilə qələbə arzusunda olan “Sumqayıt” istəyini reallaşdıra bildi. Xüsusilə, ilk hissədə saysız-hesabsız təhlükəli vəziyyət yaradan “kimyaçılar” rəqibi üzərində əzmkar qələbə qazandı.

“Şamaxı”nın da şansları oldu, lakin hücumda effektivlik çatmadı. Xüsusilə, Leyor Mikels ikinci hissədə iki dəfə rəqib qapıçı Mehdi Cənnətovla üz-üzə qalsa da, qolkiperi keçə bilmədi. Qoldan sonra oyunun tempini salmağa çalışan “Sumqayıt” son dəqiqələri gərgin keçən görüşdə vacib üç xal qazandı.

Bu, Vaqif Cavadovun rəhbərliyi altında 4-cü oyundakı 3-cü qələbə olub. Cavadovun gəlişindən sonra komandada irəliləyiş nəzərə çarpır. Xüsusilə qazanılan hər topda sürətlə irəli çıxmağa çalışan “kimyaçılar”da hücum fazasında artım da müşahidə olunur.

“Şamaxı”da isə eniş davam edir. “Sumqayıt”la oyunun ilk hissəsində qoldan başqa epizod yarada bilməyən, fasilədən sonra isə iki-üç şansını boşa verən “şirlər” qələbəsizlik seriyasını davam etdirdi. Ayxan Abbasovun komandasında heyətlə bağlı problemlər davam edir. Hücumçulardan yalnız Belajdi Pusi qismən də olsa, gözləntiləri qarşılayır. Böyük ümidlərlə heyətə cəlb edilən Conatan Benteke isə fərq yarada bilmir. Əsas hücum yükünü daşıyan Leroy Mikels isə daha çox fərdi oyunu ilə seçilir. “Şamaxı” qış fasiləsində mütləq 3-4 oyunçu ilə güclənməli, heyətdə rəqabət yaratmalıdır.

Şahin Cəfərov

Seçilən
35
futbolpress.az

1Mənbələr