22 yaşlı Britaniya vətəndaşı Ukrayna uğrunda döyüşərkən Rusiya qüvvələrinə əsir düşüb.

İndex.az xəbər verir ki, internetdə yayılan videoda hərbi forma geyinmiş və özünü James Scott Rhys Anderson kimi təqdim edən bir adam əvvəllər Britaniya ordusunda xidmət etdiyini danışır.

Rusiyanın dövlət xəbər agentliyi olan TASS-a danışan hərbi rəsmi, Rusiyanın Kursk bölgəsində bir ingilis muzdlusunun əsir götürüldüyünü deyib.

Avqust ayında Ukrayna ordusu Kurska qəfil hücuma keçib.

“Telegram”da yayımlanan ilk videoda Anderson müstəntiqə 2019-2023-cü illər arasında Britaniya ordusunda sıravi əsgər olduğunu deyir.

Videoda Anderson işini itirdikdən və xəbərləri televiziyada görəndən sonra Ukraynanın “Beynəlxalq Legionu”na qoşulmaq qərarına gəldiyini izah edir. Bu hərbi hissə xarici ölkələrdən gələn könüllülər tərəfindən yaradılıb.

Həmin görüntülərdə Anderson əvvəlcə Londonun Luton hava limanından Polşanın Krakov şəhərinə uçduğunu, oradan da avtobusla Ukrayna sərhədinə keçdiyini bildirib.

Ukrayna ordusu avqustun 6-da Rusiyanın Kursk bölgəsinə gözlənilmədən hücuma keçərək, təxminən 30 kilometr irəliləyərək min kvadrat kilometr əraziyə nəzarəti ələ keçirib.

Rusiya isə bölgəyə 50 min əsgər göndərərək bu bölgədə itirdiyi nöqtələri geri almağa başladı.