Soçidən Antalyaya uçan Sukhoi Superjet 100 (SSJ-100) təyyarəsinin sərnişinləri Azimut Hava Yollarına qarşı qrup iddiası qaldırmaq niyyətlərini açıqlayıblar.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” qəzeti sərnişinlərdən birinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, sərnişinlər insidentdən sonra yardımın olmamasından şikayətləniblər. Onlar həmçinin bildiriblər ki, hadisə nəticəsində dəm qazı udublar. Sərnişinlərdən biri bildirib ki, eniş zamanı təyyarə qəfil yerə çırpılıb və bir dəqiqə sonra yanğın başlayıb. Onun sözlərinə görə, Antalya hava limanında evakuasiyadan dərhal sonra məhkəməyə getmək üçün sənədlərin hazırlanmasına başlanılıb.
Aviaşirkət qəzaya səbəb küləyin sürüşməsi olduğunu bildirib və artıq geri dönüş uçuşu üçün ehtiyat təyyarənin hazırlandığını bildirib.