Azərbaycana qarşı şantaj və hücum əməllərindən çəkinməyən xarici dairələrin son addımları Əli Kərimli, eləcə də onun ətrafındakı antimilli və antidövlət mövqe sahiblərini xeyli fəallaşdırıb.
Bu mənada, hər kəsi öz adı ilə çağırmaq daha yerinə düşər. Qərbdəki bəzi siyasi qrupların və lobbi dairələrinin Azərbaycana nifrət dolu bəyanatlar səsləndirməsi Əli Kərimliyə sözün həqiqi mənasında motovasiya verib. Səbəb isə çox sadə və aydındır. Azərbaycanın uğurlarını və dünyada nufuz qazanmasını siyasi karyerasının sonu olduğunu düşünən Kərimli kimiləri bu dövlətə qənim kəsilən hər kəsi özünə dost sayır.
ABŞ Konqresində, Avropa Parlamentində, Avropa Şurasında, Fransadakı lobbiçilərin, müxtəlif qeyri-hökumət təşkilatlarında insan hüquqlarının müdafiəsi adı altında ermənilərə havadarlıq edənlərin maraqları Əli Kərimlinin siyasi düşüncələrinə, istək və arzularına, şəxsi qazanclarına adekvatdır. Bir qədər də dəqiq desək, Əli Kərimli erməni havadarlarının siyasi himayəsini qazanmaq istəyir. Bunun şahidi olmaq üçün Əli Kərimlinin səsləndirdiyi fikirlərlə tanış olmaq yetər.
Bütün dünyada müxalifət liderinin hakimiyyətə qarşı alternativ mövqedən çıxış etməsi də, tənqidi də, təklifləri də adi siyasi ənənədir. Lakin heç bir ölkədə milli maraqlara müxalifətçilik edilmir. Əli Kərimli isə hakimiyyətə yox, artıq dövlətin varlığına, ərazi bütövlüyünün qorunmasına alternativlik edir və separatizmə dəstək verir. Bununla da siyasi uğur, xalqdan etimad gözləyir. Lakin xalq heç vaxt belə ucuz və populist çağırışlara əhəmiyyət verməyib və verməsi də gözlənilmir. Ona görə də Əli Kərimli öz məqsədinə çatmaq üçün ümidini yenə Qərbdəki Azərbaycan əleyhinə qarayaxma kampaniyasına bağlayıb və onların əlində siyasi oyuncağa çevrilib.
Radikalların rəhbəri COP29-un baş tutmaması üçün Avropadakı erməni lobbisinin bütün çağırışlarına qoşuldu. Amma həmin lobbilərin, anti-Azərbaycan mərkəzlərinin və onların yerli təmsilçisi Əli Kərimlinin bütün səylərinə baxmayaraq, COP29-un uğurla keçməsi belə sabotajların Azərbaycanın beynəlxalq nüfuzuna təsir göstərə bilməyəcəyini bir daha təsdiq etdi.