AZ

Tarixi ədalətin bərpası və yenidənqurma perspektivləri

“Noyabrın 25-də Kəlbəcər  rayonunun işğaldan azad edilməsinin dörd ili tamam olur. Bu tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd edilir. İşğal altında olmuş ərazilərimizin azad olunma günlərinin xüsusi təqvimlə qeyd edilməsi çox təqdirəlayiqdir. Bu, möhtəşəm Zəfərimizin, eləcə də şəhidlərimizin əziz xatirəsinin, torpaqlarımızın azadlığı uğrunda vuruşan döyüşçülərimizin qəhrəmanlığının əbədiləşdirilməsi baxımından çox mühümdür”.

“İki sahil” xəbər verir ki,  bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan tərəfindən işğal edilmişdi: “O zaman hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsizliyi nəticəsində strateji önəmə malik olan Kəlbəcərin müdafiəsi lazımi səviyyədə təşkil olunmamışdı. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğaldan sonra Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu.

44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış Üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu qan tökülmədən Azərbaycana təhvil verilib. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən, 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi müəyyən olunub”.

Millət vəkilinin sözlərinə görə, 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə əsasən, Kəlbəcərin ermənilərdən boşaldılması zamanı erməni vandalizminin əyani şahidi olduq: Kəlbəcərdə qeyri-qanuni məskunlaşmış ermənilər buranı tərk edərkən barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdirdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini  dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır”.

Pərvin Kərimzadə qeyd edib ki, hazırda işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq işləri həyata keçirilir: “Bu işlər xalqımızda nə qədər qürur hissi doğursa da, Ermənistana havadarlıq edən xarici qüvvələrin və onların daxilimizdəki əlaltıları olan radikal müxalifəti məyus edir. Radikallar görülən işlərə kölgə salmaq cəhdləri ilə Azərbaycanın düşmənlərinə xidmət etdiklərini nümayiş etdirirlər. Onlar belə cəhdləri həmişəki kimi iflasa məhkumdur”.  

“Bu gün Azərbaycan dövləti Kəlbəcər rayonunun bərpası istiqamətində mühüm işlər görür. Prezident İlham Əliyev işğaldan azad edildikdən sonra Kəlbəcərə ilk səfəri zamanı Dövlət Bayrağını ucaldıb, eləcə də bir sıra təməllər atıb, görülən işlərlə tanış olub. Kəlbəcər şəhərinin Baş planının hazırlanması zamanı onun özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq müxtəlif memarlıq ənənələri də araşdırılıb, tətbiq edilə biləcək nümunələrlə bağlı təkliflər verilib. Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunacaq”, - deyən Pərvin Kərimzadə əlavə edib ki, Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsi 3,26 hektar ərazidə layihələndirilib. Məhəllədə dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binası inşa edilir. Burada 112 mənzildə, ümumilikdə, 460 nəfərdən çox sakin yaşayacaq. Məhəllədəki məktəbin ətrafında salınacaq yaşıllıq ərazi ictimai məkan funksiyasını yerinə yetirməklə əhalinin asudə vaxtının səmərəli keçirilməsinə xidmət edəcək. Prezident İlham Əliyev bu ilin sentyabrında Kəlbəcərə səfəri zamanı yaşayış məhəlləsinin tikintisi ilə tanış olub. Eləcə də, bir sıra obyektlərin açılışı, o cümlədən “İstisu” mineral su zavodunun açılışı olub.

“Eyni zamanda, Kəlbəcərin füsunkar təbiəti onun böyük turizm potensialına da malik olduğunu göstərir. Hazırda bu istiqamətdə də sürətli işlər gedir. Şübhəsiz ki, qısa müddət ərzində Kəlbəcər turizm baxımından dünyanın ən cəlbedici məkanlarından birinə çevriləcək”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Seçilən
22
1
ikisahil.az

2Mənbələr