AZ

Toya milyon xərclədilər, 2 min manatlıq “iPhone”u bölə bilmədilər - Bakıda QEYRİ-ADİ BOŞANMA

Bakıdakı məşhur "Buta Palace" sarayında toyu olmuş bəy-gəlin boşanıb.

Musavat.com Sfera.Az-a istinadən xəbər verir ki, boşanma haqda xəbəri vəkil İsrafil Əlili ictimailəşdirib. O bildirib ki, ər-arvadın birgə yaşayışı cəmi 1 ay sürüb. Onların "Buta Palace"dakı toyu ötən ay olmuşdu.

İsrafil Əlili boşanma zamanı tərəflərdən birinin vəkil olub.

Məsələnin əsas maraq doğuran tərəfi 1 ay öncə baş tutan dəbdəbəli toy mərasiminə külli miqdarda pulun xərclənməsidir.

Vəkilin sözlərinə görə, sözügedən bəy-gəlinin "Buta Palace"dakı toyunda təkcə zalın bəzədilməsinə 100 min manatdan çox xərc çəkilmişdi.

"Toyda iştirak edən müğənnilərə verilmiş pullara Yeni Yasamalda 2 otaqlı təmirli mənzil almaq olardı. Toy maşını üçün 3-4 saatlıq icarə haqqı bir vəkilin 3-4 ay davam edən boşanma üçün aldığı xidmət haqqından daha çox idi. Gəlini məşhur stilist Anar Ağakişiyev bəzəmişdi. Ona da 4 rəqəmli pul vermişdilər. Di gəl ki, ən sonda tərəflər arasında bazar dəyəri 2 min manat dəyərində olan "iPhone" telefonunun davası gedirdi. Bu işdə insanlıq naminə məni çox üzən mənzərələrə şahidlik etsəm də, nəticədə bir müsbət hal yaşandı. Toyu "Buta Palace"da olmuş şəxsin verdiyi qonorarla özümə növbəti butalı qalstukumu aldım", - deyə İ.Əlili boşanma hadisəsi haqda deyib.

Lakin vakil boşanan cütlüyün ad-soyadlarını açıqlamayıb.

O, qısa müddətdə boşanma ilə nəticələnmiş dəbdəbəli toy mərasimində kimin qazancla çıxdığına da toxunub. Vəkilin sözlərinə görə, bu hadisədə qazanan tərəf həmin toyun baş tutduğu "Buta Palace" sarayı, orada çıxış edən müğənni Röya, "Natiq" Ritm qrupu, toy mərasiminin keçirildiyi zalı bəzmiş dekorasiya şirkəti, gəlini bəzəyən stilist Anar Ağakiyev olub:

"Bir azca da mən və qalstuku aldığım geyim dükanının qazancı oldu", - vəkil əlavə edib.

İsrafil Əlili sonda boşananan ər-arvadın üstündə dava etdiyi "iPhone" telefonunun kimdə qaldığına da aydınlıq gətirib:

"Bu davadan qalib çıxan vəkili mən olduğum tərəf - yəni, arvad oldu. "iPhone" cihazı bizdə qaldı".

Dövlət Statistika Komitəsinin məlumatları Azərbaycanda boşanmaların sürətlə artdığını deməyə sas verir. Rəsmi statistika görə, bu ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 36651 nikah və 15964 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,1-dən 4,8-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Seçilən
15
23
musavat.com

10Mənbələr