AZ

Rusiya-Ukrayna müharibəsinin hərbi həlli mümkün deyil? - ŞƏRH

"Ukraynada münaqişənin həlli danışıqlar tələb edir. Lakin sırf hərbi yolla həll mümkün deyil". 

Bunu Almaniyanın sabiq kansleri Angela Merkel Böyük Britaniyanın “The Times” nəşrinə müsahibəsində deyib.

Maraqlıdır, Rusiya-Ukrayna müharibəsinin həqiqətən hərbi həlli mümkün deyil?

Mövzu ilə bağlı Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Hit.az-a açıqlama verib. Onun fikrincə, Angela Merkelin bəyanatları hal-hazırda aktual deyil:

"Çünki Rusiya-Ukrayna müharibəsini sonlandırmaq və danışıqlar masasına keçmək üçün elə bir sülh planı olmalıdır ki, həm Moskvanın həm də Kiyevin milli maraqlarına cavab verməlidir. Ona görə də Angela Merkelin bu bəyanatı əslində diplomatik bəyanatdır. 

Müharibəni dayandırmaq isə Tramp administrasıyasının üzərinə düşəcəyi görünür. Onların bu işin öhdəsindən necə gələcəyini də zaman göstərəcək".

363091

Ekspertin sözlərinə görə, hazırda tərəflər kompromisə hazır deyillər:

"Həm Rusiya, həm də Ukrayna tərəfləri münaqişənin həlli ilə bağlı sərt mövqelərini qoruyurlar. Üstəlik, ərazi bütövlüyü və suverenlik məsələləri hansısa güzəştə yer buraxmır.

Burada Qərbin də mövqeyi vacibdir. Belə ki, Qərb ölkələrinin Ukraynaya verdiyi genişmiqyaslı hərbi və iqtisadi dəstək münaqişəni daha çox hərbi sahədə həll etməyə sövq edə bilər. Bunun isə öz növbəsində diplomatiyaya marağın azalmasına səbəb olma ehtimalı var". 

Rüstəm Tağızadə qeyd edib ki, indiki şəraitdə Rusiya ilə Ukrayna arasında güvən problemi var:

"Rusiya Qərbin vasitəçilik səylərini qərəzli sayır, Ukrayna isə Moskvanın bəyanatlarını səmimi qəbul etmir. Üstəlik, münaqişə təkcə Rusiya və Ukrayna arasında deyil. Bu, həm də qlobal güclərin maraq müstəvisi üzərində cərəyan edir. Təbii ki, bu da diplomatik danışıqlar üçün əlavə maneələr yaradır. Bütün bu səbəblərə görə Rusiya ilə Ukrayna arasında sülhün əldə olunması üçün zaman lazımdır". 

Pərviz

Seçilən
12
hit.az

1Mənbələr