AZ

Kəlbəcər bir güllə atılmadan azad edildi

Kəlbəcərin azadlığa qovuşmasından dörd il ötür.

Bu gün tarixi günlərdən daha birini yaşayırıq!

Maddi, mədəni, təbii sərvətləri ilə zəngin olan Kəlbəcər artıq öz sahibləri ilə birlikdədir. Bu gün Kəlbəcər də qələbənin qızılı rənglərinə boyanıb bayram edir! Bu münasibətlə bütün kəlbəcərliləri, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirik!

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən, 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olub.

Kəlbəcər dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə, Tərtər çayı vadisində, Kiçik Qafqaz dağlarında yerləşir. Rayon zəngin flora və faunaya malik təbiət muzeyidir.

Kəlbəcər rayonu Qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Xanlar (Göy-Göl), Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Sahəsi 3054 km2 olan rayonda bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu), 145 kənd vardı.

Kəlbəcər rayonu ərazisində  sənaye əhəmiyyətli  qızıl, civə, tuf, gil, perlit, üzlük daş, qum-çınqıl qarışığı,  mərmər, nefroid, obsidian (dəvə gözü), listvenit yataqları var.
Kəlbəcərdə Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da yerləşir.  

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata əsasən, Kəlbəcər geri qaytarıldı.
Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi.

Kəlbəcər işğaldan azad edildikdən sonra Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi, yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışları, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlər və digər bərpa işləri görülməkdədir.

Qısa müddət ərzində lazım olan bütün bərpa işləri aparılmaqdadır və Prezident İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcər də yenidən Azərbaycanın ən gözəl bölgələrindən biri olacaq və Kəlbəcər əhalisi yenidən o gözəl torpaqlarda qurub-yaratmağa başlayacaqlar.

Ceyhun Məmmədov,
Milli Məclisin deputatı

Seçilən
12
modern.az

1Mənbələr