AZ

Kəlbəcər yenidən qurulur – ötən dörd ilə qısa baxış

Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcər rayonunun işğaldan azad edilməsindən dörd il ötür. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.

Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Kəlbəcər də viran qoyulub. Evlər dağıdılıb, infrastuktur talan olunub, bir sözlə, daş-daş üstə qalmayıb. Azadlığının 4-cü ilinə qədəm qoyan Kəlbəcər indi yeni inkişaf dövrünü yaşayır. Dörd il əvvəl Prezident İlham Əliyev xalqa müraciətində Kəlbəcər şəhərinin və rayonun kəndlərinin yenidən qurulacağını bildirmişdi. İşğaldan azad edildikdən sonra dövlət başçısı Kəlbəcərə çoxsaylı səfərləri zamanı yeni obyektlərin, yaşayış məntəqələrinin təməlqoyma mərasimlərində və açılışlarında iştirak edib, görülən və həyata keçiriləcək işlərlə tanış olub, tapşırıq və tövsiyələrini verib. Prezidentin işğaldan azad olunmuş ərazilərə hər səfəri regionun dirçəlməsi üçün vacib olan infrastruktur layihələrinin icrası ilə müşayiət edilir və kəlbəcərlilərin doğma yurdlarına qayıdışını günbəgün yaxınlaşdırır.

Bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində Kəlbəcər yenidən qurulur, keçmiş məcburi köçkünlərin geri qayıtması üçün evlər inşa edilir, mühüm infrastruktur layihələri icra olunur. İnfrastrukturun yüksək səviyyədə yenidən qurulması həm işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsində, həm də oraya qayıdacaq insanların normal həyat şəraiti ilə təmin olunmasında mühüm rol oynayacaq.

Həyata keçirilən infrastruktur layihələri içərisində yolların inşası mühüm yer tutur. İşğaldan azad olunan ərazilərdə reallaşan ən böyük yol layihələrindən biri Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun uzunluğu Toğanalı-Kəlbəcər hissəsində 56 kilometr, Kəlbəcər-İstisu hissəsində isə 26 kilometr təşkil edir. Yolboyu uzunluğu 23,4 kilometr, 561,2 metr, 626,9 metr, 500 metr və 947,9 metr olan beş tunelin tikintisi də həyata keçirilir. Birinci və ikinci texniki dərəcəyə uyğun olaraq tikilən yolda artıq bir sıra işlər tamamlanıb.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən olan Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər, həmçinin Kəlbəcər-Laçın avtomobil yollarının inşası da davam etdirilir.

Yol infrastrukruru sahəsində həyata keçirilən layihələrdən biri də Kəlbəcər şəhərinin daxili yollarının tikintisidir. Ümumi uzunluğu 26,5 kilometr təşkil edəcək şəhər daxili yollarının birinci mərhələdə 18,9 kilometr hissəsinin tikintisi işləri aparılır. Kəlbəcər şəhərinin ilk yaşayış məhəlləsini əhatə edən 6 kilometr uzunluğunda daxili yollarda yol yatağının tikintisi başa çatıb. Küçələr boyu Kəlbəcər şəhərinin kommunikasiya xətlərinin (su, kanalizasiya, yağış suları boruları, qaz, rabitə və elektrik xətləri) tikintisi işlərinin də icrası artıq yekunlaşmaq üzrədir. “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Kəlbəcər şəhərinin daxili yollarının tikintisi layihəsinin 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.

Yaşıl enerjiyə keçidin sürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarının azaldılması, təbii qaza qənaət edilməsi, ekoloji cəhətdən təmiz enerji istehsalı üçün Kəlbəcər rayonunda da kompleks işlər həyata keçirilir.

İşğaldan azad ediləndən dərhal sonra rayonun elektrik enerjisi ilə təminatı istiqamətində işlərə başlanılıb. Daşkəsən rayonundan Kəlbəcərə 3500 metr yüksəklikdəki Murov dağını keçməklə 70 kilometr məsafədə yüksəkgərginlikli ikidövrəli ötürmə xətti çəkilib. Paralel olaraq, sərt iqlim və çətin relyefdə yerləşən Kəlbəcərdə 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilərək istifadəyə verilib. Kəlbəcər rayonunda yerləşən strateji əhəmiyyətli obyektlərin elektrik təchizatına xidmət edəcək 110/35 kV-luq “İstisu” yarımstansiyanın açılışı isə Prezidenti İlham Əliyevin sentyabrın 2-də Kəlbəcər rayonuna səfəri zamanı reallaşıb.

Prezident İlham Əliyev azad olunmuş ərazilərin yaşıl enerji zonasına çevrilməsi ilə bağlı deyib: "Azad edilmiş torpaqlarda, eyni zamanda, böyük enerji potensialı var. Bəri başdan demək istəyirəm ki, mən azad edilmiş əraziləri yaşıl enerji zonası kimi görmək istərdim. Kifayət qədər imkanlar var. Qarabağ bölgəsi yaşıl enerji zonası kimi dünya üçün bir nümunə olacaq".

Dövlət başçısının işğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi ilə bağlı strategiyasına uyğun olaraq, Kəlbəcər rayonunda 2022-ci ildə 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası (KSES), 2023-cü ildə 8,33 MVt gücündə “Çıraq-1”, 3,6 MVt gücündə “Çıraq-2”, 6,33 MVt gücündə “Qamışlı”, 5,3 MVt gücündə “Soyuqbulaq”, 3,4 MVt gücündə “Meydan” KSES-ları, 2024-cü ildə isə 22,5 MVt gücündə “Yuxarı Vəng” Su Elektrik Stansiyası və 4,3 MVt gücündə “Zar” KSES istifadəyə verilib. Qeyd edək ki, “Yuxarı Vəng” Su Elektrik Stansiyası Vətən müharibəsində Qələbəmizdən sonra regionda yaradılan ən böyük yaşıl enerji mənbəyidir. Gücü 22,5 MVt olan bu SES-də istehsal edilən yaşıl enerji növbəti 5 il ərzində Kəlbəcər rayonunun elektrik enerjisi tələbatını tam ödəyə bilər.

Dörd il əvvəl azadlığına qovuşmuş Kəlbəcərdə geniş tikinti-quruculuq işləri həyata keçirilir, dağlar qoynunda yeni, müasir rayon qurulur.

Prezident İlham Əliyev ötən dörd ildə Kəlbəcərə səfərləri zamanı elektrik yarımstansiyalarının, Su Elektrik stansiyalarının, avtomobil yollarının, tunellərin, “İstisu” sanatoriyasının, “İstisu” mineral su zavodunun, Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər şəhərində yaşayış məhəllələrinin, məktəb binasının, inzibati binanın, İşğal və Zəfər muzeyləri kompleksinin, Zallar, Yanşaq, Zar kəndlərinin, İstisu qəsəbəsinin təməlini qoyub, rayonda həyata keçirilən quruculuq işləri ilə tanış olub. Artıq təməli qoyulan obyektlərin bir çoxunun tikintisi başa çatdırılaraq istifadəyə verilib, digərlərində isə işlər yüksək keyfiyyətlə davam etdirilir. Ümumilikdə Kəlbəcərdə 2026-cı ilədək 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcək.

Kəlbəcər şəhərində inşa olunan 524 ailəlik yaşayış kompleksi 19,5 hektar sahəni əhatə edir. Birinci mərhələdə buraya 201 ailə köçürüləcək. Bunun üçün kompleksdə dördmərtəbəli 6 bina tikilib. Kompleksdə, həmçinin “townhouse” tipli ikimərtəbəli 39 ev də inşa olunub. İkinci mərhələdə bu kompleksə 323 ailənin köçürülməsi planlaşdırılır. Bunun üçün isə müxtəlif tipli dördmərtəbəli 16 çoxmənzilli yaşayış binası, “townhouse” tipli ikimərtəbəli 57 ev inşa olunacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılır. Ərazidə park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Diqqət çəkən layihələrdən biri Şəhər Təhsil Kompleksidir. Ümumi sahəsi 2,2 hektardan çox olan kompleksin ərazisində 80 yerlik uşaq bağçası, peşə emalatxanaları yaradılacaq. Burada STEAM zona, məktəbdənkənar hazırlıq məkanı və digər zəruri obyektlər də təşkil olunacaq. Kompleksin ərazisində, həmçinin 528 şagird yerlik məktəb inşa olunur. Bu təhsil kompleksi təkcə öz infrastrukturu ilə möhtəşəm olmayacaq, burada həyata keçiriləcək yeni layihələr də diqqətəlayiqdir. Məktəbin şagirdləri STEAM məşğələlərində iştirak edəcəklər. Bu, onların həm riyazi biliklərini, həm də mühəndislik bacarıqlarını, incəsənət duyumlarını inkişaf etdirəcək. Peşə siniflərində şagirdlərə dərzilik, bərbər, santexnik, elektrik kimi müxtəlif peşələrlə yanaşı, İT avadanlıqları ustalığı da öyrədiləcək.

İşğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyətə malikdir. Kəlbəcərdə ən müasir standartlara uyğun inşa olunan bu təhsil kompleksi də işğaldan azad edilmiş ərazilərin bərpası prosesində təhsil infrastrukturunun qurulmasına xüsusi diqqət yetirildiyinin əyani təzahürüdür.

Mənbəyini Kəlbəcər rayonunun mənzərəli dağlıq bölgəsində, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan “İstisu” suyun tərkibi minerallarla zəngindir. 1976-cı ildən etibarən istehsalına başlanılan “İstisu” mineral suyu geniş coğrafiyada şöhrət tapıb. Lakin torpaqlarımızın Ermənistan tərəfindən işğalı ilə əlaqədar 30 il ərzində istehsal dayanmışdı.

2022-ci il iyunun 26-da Kəlbəcərə səfər edərək “İstisu” sanatoriyasının təməlini qoyan Prezident İlham Əliyev deyib: “İstisu” sanatoriyası və “İstisu” mineral və müalicəvi suyu bu bölgənin rəmzi, Kəlbəcərin təbii sərvəti idi. Bu gün biz - bu torpaqların sahibləri vaxtilə əlimizdən alınmış bütün sərvətləri özümüzə qaytarmışıq".

Artıq “İstisu” mineral su zavodu uzun illər Kəlbəcərin müstəsna keyfiyyəti və sağlamlığa faydaları ilə tanınan termal suyunu 30 illik müddətdən sonra yenidən istehlakçılara təqdim edir. Zavod müasir avtomatlaşdırılmış sudoldurma xətləri və robotlaşdırılmış anbar idarəetmə sistemləri ilə təchiz edilib. İstehsal xətləri Almaniyanın “Krones” şirkəti tərəfindən təchiz edilib və quraşdırılıb. Ən son texnologiyaların tətbiqi nəticəsində zavodda yüksəkkeyfiyyətli mineral su istehsal edilməklə yanaşı, suyun təbii xüsusiyyətlərini qoruyub saxlamaq da mümkün olub. “İstisu” zavodunun illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır.

Bəli, mineral bulaqları, təbii sərvətləri, meşələri, dağları, çəmənləri ilə təkrarolunmaz təbiət incisi olan Kəlbəcər tezliklə müasir infrastrukturu, şəhər, qəsəbə və kəndləri ilə daha da gözəlləşəcək və doğma sakinlərini qoynuna alaraq firavan günlərinə yenidən qayıdacaq.

Müəllif:Tahir Ağaməmmədov

Mənbə: AZƏRTAC

istisu-2.jpeg

istisu-3.jpg

istisu-4.jpg

istisu-5.jpg

Seçilən
22
ednews.net

1Mənbələr