AZ

Zenfira Mustafayeva: "Zorakılığa qarşı mübarizədə kişilərin rolunu unutmamalıyıq"

1999-cu ildə BMT Baş Məclisi 25 noyabrı qadınlara qarşı zorakılığın ləğv olunması uğrunda Beynəlxalq mübarizə günü elan etmiş və hökumətlərə, beynəlxalq və qeyri-hökumət təşkilatlarına təklif göndərmişdir ki, ictimaiyyətin diqqətini bu problemə yönəltmək üçün həmin gün genişmiqyaslı tədbirlər keçirsinlər.

Bəs zorakılıqla mübarizədə daha effektiv nəticələr üçün hansı təkliflər irəli sürülə bilər? Bu mübarizədə kişilərin rolu nə qədər əhəmiyyətlidir və onları bu prosesə necə cəlb etmək olar? Bu günə aid cəmiyyətə hansı çağırışlar edilə bilər?

QHT.az-a bu sualları Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayevaya ünvanlayıb. Onun sözlərinə görə, məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətdə mürəkkəb bir prosesdir və bu mübarizədə kişilərin rolu əhəmiyyətlidir.

“20 noyabr – 29 dekabr arası müddət məişət zorakılığına qarşı ölkəmizdə silsilə tədbirlərin keçirilməsi aylığı olaraq təyin edilib. Məişət zorakılığı və ailədə baş verən zorakılıq halları yalnız bir ailə üçün deyil, bütün cəmiyyət üçün təhlükədir. Belə ailələrdə böyüyən uşaqlar zorakı təbiətə məxsus xüsusiyyətlər qazanır və bu da sonda cinayət əməllərinə yol açır. Bu səbəbdən, mübarizəni yalnız qadınların deyil, kişilərin də fəal şəkildə aparması vacibdir,” – deyə Zenfira Mustafayeva qeyd edib.

O, həmçinin, zorakılıqla mübarizənin effektiv olabilməsi üçün bir sıra təkliflər irəli sürüb. Bunlar arasında ailə psixoloqlarının nigah mərasimlərində iştirak etməsi, məktəb və uşaq baxçalarındakı valideyn iclaslarına ataların dəvət edilməsi, zorakılığı təbliğ edən TV verilişlərinin nəzarətə alınması və s. məsələlər yer alır.

“Bütün bu tədbirlər zorakılığın qarşısını almaq və cəmiyyəti maarifləndirmək məqsədilə vacibdir. Həmçinin, cəmiyyətə sevgi və qayğı anlayışını körpəlikdən aşılamalıyıq ki, gələcək nəsil daha hörmətli və təfəkkürlü olsun,” – deyə Zenfira Mustafayeva vurğulayıb.

QHT sədrinin sözlərinə görə, ən önəmli məsələlərdən biri də sevgi qıtlığıdır. “Əgər biz körpəlikdən uşaqlarımıza sevgi, qayğı və hörmət aşılasıq, onlar gələcəkdə nəinki qadınlara, həm də cəmiyyətin digər üzvlərinə qarşı zorakılığa əl atmayacaqlar,” – deyə o əlavə edib.

Zenfira Mustafayeva, həmçinin, bu mövzuda daimi maarifləndirmə işlərini davam etdirməyin vacibliyini qeyd edib: “Gənc nəslin yanında olmaq, onlara doğru istiqamət vermək və gələcəkdə xoşbəxt həyat qurmaları üçün əlimizdən gələni etməliyik. Ölkəmiz yalnız o zaman inkişaf edəcək ki, ailələrimiz sağlam və xoşbəxt olsun.”

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
13
qht.az

1Mənbələr