AZ

Təyyar Eyvazov: Kəskin iqlim dəyişikliyi yoluxucu xəstəliklərin yayılmasına səbəb olur

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) yeni hesabatında əks olunduğu kimi, kəskin iqlim dəyişikliyi yoluxucu xəstəliklərin geniş yayılmasına səbəb olur...

"Report" Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, bunu nazirliyin mütəxəssisi, həkim-infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, orta aylıq temperaturun yüksəlməsi bakterial dizenteriya, kampilobakterioz, salmonellyoz və digər mədə-bağırsaq xəstəliklərinin artmasına səbəb olur:

"İsti mövsüm gənələrin aktivləşməsinə və onların keçirdikləri xəstəliklərin sayının artmasına səbəb olur. Quraqlıq meningit və bir sıra digər infeksiyaların yayılmasına kömək edir. İqlim dəyişikliyi kütləvi miqrasiyaya və şəhər artımına gətirib çıxarır. Bu da, öz növbəsində, epidemiyaların yayılması ilə nəticələnə bilər".

İnfeksionist bildirib ki, yağışların artması infeksion xəstəliklərin yayılmasında da rol oynayır:

"Bu, daha çox istiləşmə ilə əlaqədar su ehtiyatlarının balansındakı dəyişikliklərlə bağlıdır. Anomal leysan yağışları içməli su mənbələrinin çirklənməsinə səbəb olur. Bunun nəticəsində sudan qaynaqlanan bağırsaq infeksiyaları, məsələn A və E virus hepatitləri, eşerixioz və s. kimi virus və bakterial infeksion xəstəliklərin artımı baş verə bilər. İqlim dəyişikliyi ilə bağlı yağıntılar, içməli suyun mövcudluğu və keyfiyyətindəki dəyişikliklər su ilə əlaqəli xəstəliklərin tezliyinə təsir göstərə bilər".

T.Eyvazov içməli suda hələ də yoluxucu agentlərə rast gəlindiyi üçün təhlükəsiz suya çıxışın əhalinin sağlamlığının təmin edilməsi üçün son dərəcə vacib məsələ olaraq qaldığını vurğulayıb.

Poliqon.info

Seçilən
14
poliqon.info

1Mənbələr