İngiltərədəki dünya çempionatı SSRİ milli komandasının tarixində ən uğurlu mundial olub. DÇ-1966-da Nikolay Morozovun rəhbərlik etdiyi komanda yarımfinala yüksəlib.
Sovet futbolçuları növbəti iki görüşdə əvvəlcə Almaniyaya (1:2), sonra isə Portuqaliyaya (1:2) uduzsalar da, turniri 4-cü sırada başa vurublar. İngiltərədəki uğurlu çıxışa görə SSRİ yığmasının futbolçuları mükafatlandırılıblar. Onlara “Volqa” avtomobili hədiyyə edilib.
Bu avtomobil SSRİ futbolçularına dünya çempionatında 3-cü yer tutacaqları halda vəd verilmişdi. Lakin ölkə rəhbərliyi 4-cü yeri də qənaətbəxş nəticə kimi hesab edib.
Qeyd edək ki, DÇ-1966-da çıxış edən SSRİ yığmasının əsas üzvlərindən biri də "Neftçi"nin futbolçusu Anatoli Banişevski idi. 20 yaşlı bakılı oğlan mundialdakı 6 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Banişevskinin üzvü olduğu əfsanəvi heyətin turnirdəki yeganə qazancı "Volqa" deyildi. Onlar uğura görə pul da qazanmışdılar. Komandanın yarımmüdafiəçisi Georgi Siçinava həmin rəqəmləri açıqlayıb. O, hər oyun üçün 500 dollar aldıqlarını bildirib. Yığma İngiltərədəki mundialda 6 oyun keçirib. Bu o deməkdir ki, futbolçulara 3 min dollar ödənilib.
Siçinavanın sözlərinə görə, bu, onların əsas gəlir mənbəyi olmayıb. İngiltərədə futbolçular reklamlardan böyük pullar qazanıblar. İdman avadanlığı istehsalçılarından biri də SSRİ milli komandasına yüksək məbləğ təklif edib:
“O vaxt "Puma" və "Adidas" arasında “müharibə” gedirdi. Hər bir şirkət üçün onun avadanlıqlarını geyən mümkün qədər çox oyunçunun olması lazım idi. Beləliklə, bir "Puma" nümayəndəsi Valeri Voronin ilə əlaqəyə keçdi. O, bu işdə bizim liderimiz idi və xarici dilləri bilirdi. Bildirdi ki, "Puma"nın butslarını geyən hər bir kəsə 10 min dollar verəcəklər. Voronin rəhbərliyi yığıb dedi: “Nə edəcəyik?”