AZ

COP29-a qarşı böyük hücum və Bakıda əldə edilənlər

Azərbaycanın COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi edəcəyi rəsmi olaraq təsdiqlənəndə kimsə düşünməzdi ki, Bakıya qarşı böyük kampaniya aparılacaq. Qaydalara görə, üzv ölkələrdən heç birinin etiraz etməyəcəyi halda namizədliyini irəli sürən ölkədə keçirilir. Azərbaycanın namizədliyinə açıq etiraz edə biləcək ölkə Ermənistan idi və razılaşma əsasında rəsmi İrəvan COP29-un Bakıda keçirilməsinə etiraz etmədi.
Azərbaycan bu jesti anında dəyərləndirdi və Bakıda həbsdə olan diversantların böyük bir hissəsini – 32 nəfəri geri qaytardı. Bunun əvəzində Ermənistan yalnız azaraq bu ölkəyə keçmiş 2 əsgərimizi geri verdi. Faktiki olaraq bu, “başabaş” dəyişmə deyildi, Azərbaycanın böyük humanist yanaşması idi.
Məhz buna görə də bakıda keçiriləcək COP29-a qarşı hər hansı kampaniyanın olmayacağı düşünülürdü. Ancaq ənənəvi olaraq Azərbaycanın regional müstəqil siyasətini qəbul etməyən, ölkəmizə qarşı istənilən bəhanədən istifadə edən Qərbin bəzi gücləri yenidən hərəkətə keçdi və ənənəvi üsulu – erməni diasporu/lobbisini aktivləşdirməyə başladılar.
Bütün proses erməni diaspor/lobbisinin aktiv fəaliyyəti üzərinə atılırdı – guya yaşadıqları ölkələrdə “yaxşı təşkilatlanmış” erməni diasporu Bakıya təzyiq siyasətini koordinasiya edir, dünyanın nüfuzlu mətbuat orqanlarında qara piar aparır, bəzi ölkələrin liderlərinə Azərbaycana getməmək üçün “təzyiq belə” göstərirlər.
Ancaq normal məntiq və düşüncə ilə “erməni diasporunun əməlləri”nə bürünmüş bu saxta təbliğatın arxasında bəzi ölkələrin dayandığını təxmin etmək çətin deyil. Yəni erməni diasporu/lobbisi növbəti dəfə istifadə vasitəsi idi, ermənilər yenidən region ölkələrinə, xüsusilə Azərbaycana qarşı siyasətin həyata keçirilməsi vasitəsinə çevrildilər. Qəribədir ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsinə etiraz etməyən Ermənistan da qısa müddətdə bu qara təbliğatın “ilhamverici gücünə” çevrildi. Başqa cür də mümkün deyildi, çünki Ermənistandan bu tələb edilirdi.
“Tələb edənin” isə Fransa olduğuna heç bir şübhə yoxdur. Avropa Birliyinin siyasi liderliyinə iddia edən bu ölkə COP29 tədbirindən və bütün diqqətlərin Bakıya yönəlməsindən öz regional ambisiyaları üçün sui-istifadə etmək qərarı verdi.
Baxmayaraq ki, COP29 bir iqlim konfransıdır, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasıdır, mövzuya qətiyyən aidiyyəti olmayan bəhanələr uydurulurdu: Qərbin daim təzyiq silahı kimi istifadə etdiyi “insan haqları”, “demokratiya”, hətta “erməni əsirlər” (halbuki onları separatçı-terrorçulardır və əlləri Azərbaycan xalqının qanına batıb).
Bir il müddətində AP-dən tutmuş ABŞ Konqresinə qədər – Azərbaycana sanksiya tələb edən “deputatların tövsiyələri” bir-birinin ardınca düzüldü, Azərbaycanı yarımçıq sülhə məcbur etmə cəhdlərindən tutmuş Qərbin regional maraqlarına güzəştə təhrik etməyə qədər, müxtəlif ambisiyaları diktə etməyə çalışdılar.
Nəticə olmadı, Azərbaycan öz milli və prinsipial mövqeyindən dönmədi və COP29-u siyasiləşdirməyə çalışanları ifşa etməyə davam etdi.
Bu vaxta qədər 28 ölkədə COP tədbirinin keçirilməsinə baxmayaraq, heç bir ölkəyə qarşı bu cür çirkin oyun aparılmamışdı. Məsələn, BƏƏ-də keçirilən COP28 zamanı bu ölkəni kimsə “insan haqlarını” pozmaqda, “demokratiyanı” zədələməkdə ittiham etməmişdi. Halbuki BƏƏ ilə Azərbaycan arasında insan haqları ilə bağlı vəziyyət müqayisə edilə bilməz.
İş o yerə çatdı ki, bir iqlim konfransının “neft ölkəsində” keçirilməsinin düzgün olmadığı haqda da silsilə ittihamlar səsləndi. Bu ittihamları səsləndirənlər cəmi bir il öncə BƏƏ-də COP28 keçirilməsini belə “unutdular”.
Bütün təzyiq vasitələrinə rəğmən, Azərbaycanda COP29 yüksək səviyyədə təşkilatçılıq və geniş müzakirələrlə baş tutdu.
COP29-un Liderlər Sammitində 50 prezident, 10 vitse-prezident, 20 baş nazir və iki vəliəhd olmaqla, 80-dən çox dövlət və hökumət başçısı iştirak etdi; bu konfransa qatılmaq üçün 72 mindən çox (son məlumata görə, 75 mindən çox) insan qeydiyyatdan keçmişdi ki, bunun da 63 mini xarici qonaqlar idi.
Ən mühüm olan isə COP29-da dünyanın taleyinə təsir edən qərarların qəbul olunmasıdır. COP29 11 noyabrda başlamışdı, 22 noyabrda başa çatmalı idi. Müzakirələrin əhəmiyyətini nəzərə alaraq, COP29 tədbiri daha bir gün uzadıldı, ancaq…
Ancaq COP29-un son günlərində tədbirə qatılan Almaniya xarici işlər naziri Annalena Berbok da daxil olmaqla, bəziləri son gündə – bağlanış mərazisində qəbul edilməsi gözlənilən qərarların alınmaması üçün cəhdlərə başladı. Berbok ümumiyyətlə sanki Bakıya COP tədbirinə deyil, müxalifətlə görüşməyə və insan haqlarını bəzi QHT-lərlə müzakirə etməyə gəlmişdi. Onun COP tədbirində inkişaf etmiş ölkələrin maliyyə öhdəliklərini müzakirədən yayınması isə bir ayrı mövzudur.
Bəziləri elə güman edirdilər ki, son gündə ortaya atılan mübahisələrə görə vaxt çatmayacaq, müzakirələr yarımçıq qalacaq və qərar qəbul edilməyəcək. Ancaq bu hesablamalarında da səhvə yol verdilər.
Bakı həmin gün – 23 noyabrda, bağlanış tədbirində səhərə qədər yatmadı, 24 noyabrı konfrans işitirakçıları müzakirələrlə açdılar və əslində, faktiki olaraq COP29 daha bir gün uzandı. Bu, təşkilatçıların – rəsmi Bakının hazırlığının nəticəsi idi, bütün sistem o qədər nizamla çalışırdı ki, tədbirdə müzakirələrin bir neçə saat uzanması heç bir təşkilati gərginliyə səbəb olmadı.
Nəticədə Bakı istədiyinə nail oldu ki, bunu da cənab Prezident İlham Əliyev ümumiləşdirdi:
“- Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu;
– Bakı COP-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Biz, həmçinin karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olduq;
Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək.
Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək. Mən COP29-a gedən yolda Azərbaycana göstərdikləri dəstəyə görə bütün Tərəflərə, Birləşmiş Millətlər Təşkilatına və UNFCCC-yə minnətdarlığımı bildirirəm”.
Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi ilə daha bir tarixi uğura imza atdı.

Nazlı Onur

Seçilən
6
veteninfo.az

1Mənbələr