AZ

Qanunsuz evi sökülən şəxsə 283 min təzminat ödənəcək - Ali Məhkəmə qərar verdi

Vəkillər Kollegiyasının üzvü Pərviz Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinin konkret iş üzrə qərarını şərh edib. 

Pərviz Məmmədov Milli.Az-a açıqlamasında bildirib ki, Gəncə şəhərində baş vermiş əmlak mübahisəsi ilə bağlı Ali Məhkəmənin son qərarı böyük maraq doğurub. 

Belə ki, iddiaçı Gəncə şəhər İcra Hakimiyyətinə (Cavabdeh) qarşı məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan fərdi yaşayış evinin qanunsuz sökülməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb ediblər.

İddiaçılar iddia ediblər ki, Gəncə şəhəri, X ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçıya məxsus olub. Bu mülkiyyət hüququ qeydiyyat şəhadətnaməsi ilə təsdiq edilib. Lakin 2018-ci ilin sentyabr ayında heç bir hüquqi əsas olmadan və əvvəlcədən xəbərdarlıq edilmədən Cavabdeh tərəfindən ev sökülüb. Nəticədə, iddiaçılar həm maddi, həm də mənəvi zərər çəkiblər.

İddiaçılar məhkəmədən ümumilikdə 183,000 manat maddi zərərin və 100,000 manat mənəvi zərərin Cavabdeh tərəfindən ödənilməsini tələb ediblər. Onlar bildiriblər ki, evin sökülməsi nəticəsində yaşayış yeri təminatından məhrum olub, müxtəlif yerlərdə qalmaq məcburiyyətində qalmış və mənəvi əzablar çəkiblər.

Ali Məhkəmə hər iki tərəfin kassasiya şikayətlərini araşdıraraq, qeyd edib ki, İddiaçıya məxsus fərdi yaşayış evinin sökülməsi nəticəsində vurulmuş zərərin məbləği 71,400 manat olmalıdır. Bu məbləğ iş materiallarında olan qiymətləndirmə rəyləri və təqdim edilmiş sübutlar əsasında müəyyən edilib.

Ali Məhkəmə həmçinin bildirib ki, Cavabdehin təklif etdiyi yeni yaşayış evi vurulmuş zərərin əvəzi kimi qəbul edilə bilməz, çünki həmin evin hüquqi sənədləşdirilməsi tam aparılmayıb. Beləliklə, iddiaçıya təklif olunan bu evin real olaraq kompensasiya kimi nəzərə alınması mümkün deyildir.

Ali Məhkəmənin bu qərarı mülkiyyət hüququnun toxunulmazlığını bir daha təsdiq edib. Dövlət orqanları tərəfindən həyata keçirilən hər hansı söküntü və ya digər tədbirlər mülkiyyətçilərin hüquqlarını pozmamalı və onlara dəyən zərər tam həcmdə ödənilməlidir. Bu işdə də məhkəmə iddiaçının mülkiyyət hüquqlarının pozulduğunu tanımış və ona uyğun kompensasiyanın ödənilməsinə qərar vermişdir.

Bu məhkəmə işi mülkiyyət hüquqlarının qorunması sahəsində mühüm əhəmiyyətə malikdir və gələcəkdə oxşar halların qarşısının alınması üçün presedent yaradır.

İnqilab Məmmədov
Milli.Az

Seçilən
39
14
milli.az

10Mənbələr